Hüseyn Abdullayevin anası: Məni də tutun salın ora, oğlumu görmək istəyirəm

6-09-2019, 09:34   


Keçmiş deputat yenə məhkəməyə gətirilməyib
Sabiq deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva və onlarla birlikdə təqsirləndirilən 7 nəfərin - Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin məhkəməsi davam edir. Təqsirləndirilən şəxslərdən Z.Abdullayeva və Dövlət Sərhəd Xidmətinin üç nəfər əməkdaşı - Həbib İbrahimov, Zaur Quliyev və Pərviz Kazımov ev dustaqlığındadır.
Sentyabrın 5-də Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyilə keçirilən prosesdə prokuror çıxış etməliydi. Lakin məlumat verilib ki, təqsirləndirilən şəxslər məhkəməyə gətirilməyib. Avqustun 21-nə təyin edilmiş bundan əvvəlki məhkəmə iclasına da təqsirləndirilən şəxslər gətirilməmişdi.
Bu dəfə də dustaqların gətirilmədiyi elan ediləndə Z.Abdullayeva etiraz edib. Ağlayaraq oğlundan nigaran olduğunu, onu görmək istədiyini bildirib: "Nə qədər qanunsuzluq, ədalətsizlik olar?"
Daha sonra dəmir barmaqlıqları göstərərək deyib: "Bizi bura niyə çağırırsınız? Mən hər dəfə övladımı görmək üçün bura gəlirəm. Amma onu gətirmirlər. Buranı niyə boş saxlamısınız? Açın, məni də salın bura. Hüseynin heç bir günahı yoxdur, nə olubsa, mənlikdir. Mən oğlumu görməsəm, gedən deyiləm".
Məhkəmə iclasında Almaniya səfirliyinin katibi, H.Abdullayevin isveçrəli vəkili də iştirak edib.
Məhkəmə iclası sentyabrın 19-na təxirə salınıb.
Bu iş üzrə sonuncu dəfə məhkəmə iclası iyulun 9-da keçirilib. Həmin iclasda məhkəmə istintaqının başa çatdığı elan olunub. Növbəti məhkəmə iclasında prokuror Hüseyn Abdullayevə və digər təqsirləndirilən şəxslərə cəza istəyəcəkdi. Lakin məhkəmə iclası bir neçə dəfədir ki, təxirə salınır.
Dövlət Sərhəd Xidmətinin bu iş üzrə təqsirləndirilən üç əməkdaşı da həbsdə idi. Onlar məhkəmənin hazırlıq iclasında ev dustaqlığına buraxıldılar. Onlar Z.Abdullayevaya bacısının pasportuyla ölkədən gedib-gəlməkdə yardım etməkdə ittiham olunurlar.
H.Abdullayev və anası 1 milyon 436 min manat vergidən yayınmaqda, qanunsuz sahibkarlıqda, dələduzluqda və s. ittiham olunur. Onlar özlərini təqsirli bilmirlər.
Almaniyada sığınacaq almış H.Abdullayev ötən ilin aprelində Türkiyədə tutularaq Azərbaycana təhvil verilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.