AŞPA məruzəçisi "Azərbaycanda siyasi məhbus" məsələsini müzakirə edib

7-09-2019, 09:28   

Þórhildur Sunna ÆvarsdóttirFotonun müəllifiMBL.İS

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Thorhildur Sunna Aevarsdottir bir qrup hüquq müdafiəçisi ilə görüşüb.

Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin rəhbəri Oqtay Gülalıyev BBC News Azərbaycancaya deyib ki, görüş zamanı "Azərbaycanda siyasi məhbus məsələləri" müzakirə olunub.

"Xanım Thorhildur Sunna Aevarsdottirlə Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabat hazırlayacaq və onu Avropa Şurasının müvafiq qurumuna təqdim edəcək. Görüşdə Azərbaycanın siyasi məhbus problemindən əziyyət çəkən ölkələrdən olduğunu və siyasi məhbusların sayına görə ölkəmizin Avropanın lider ölkələrindən biri olduğunu onun diqqətinə çatdırdım.

Bundan başqa, bu istiqamətdə olan digər problemlərdən - insanların kütləvi şəkildə şərlənərək həbs olunmasından, siyasi motivlərlə təqib və ağır işgəncələrə məruz qalmasından, naməlum şəkildə qətlə yetirilməsindən, xüsusilə Gəncə və Tərtər hadisələrindən danışdıq. O bildirdi ki, Azərbaycandakı real vəziyyətlə bağlı obyektiv hesabat hazırlayacaq. Xanım Sunna bildirdi ki, o, hökumət nümayəndələri, qurumlar və hətta həbsdə olan bəzi məhbuslarla da görüşəcək", - cənab Gülalıyev deyib.


Oqtay Gülalıyev söyləyir ki, görüşdə Azərbaycandakı hakimlər məsələsinə də toxunulub:

"Məruzəçi Azərbaycanda hakimlərin 75 faizinin yeniləndiyi, vəkillərin sayının artırıldığı barədə məlumatlarının olduğunu söylədi. Mən başa düşdüm ki, bu, onun öz şəxsi fikri deyil, xanımın hökumət və dövlət nümayəndələri ilə görüşündə ona verilən məlumatlar idi. O bizdən soruşdu ki, belə məlumatlar var, sizin münasibətiniz necədir? Biz bildirdik ki, Azərbaycanda müstəqil məhkəmə sistemi olmadığından hakimlərin yenilənməsi və onların gəncləşdirilməsi, vəkillərin sayının artması ölkədəki vəziyyətə, insan haqlarının yaxşılaşmasına, siyasi məhbus probleminin həllinə heç bir töhfə vermir. Çünki, Azərbaycan məhkəmələri müstəqil deyil və ölkədə hüquqi cəmiyyət yoxdur".

Cənab Gülalıyev qeyd edib ki, görüşdə hüquq müdafiəçiləri İntiqam Əliyev, Xədicə İsmayıl, Rəsul Cəfərov, videobloqçu Mehman Hüseynov, jurnalist Seymur Həzi iştirak ediblər.

AŞPA məruzəçisinin Milli Məclis, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Prezident Administrasiyasında görüşlər keçirməsi planlaşdırılıb.

Thorhildur Sunna Aevarsdottirin Azərbaycana səfəri sentyabrın 7-dək davam edəcək.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.