Hakimiyyət məqsədli şəkildə azad mətbuatı çökdürür

2-07-2014, 11:15   
Hakimiyyət məqsədli şəkildə azad mətbuatı çökdürürUzun illərdi Azərbaycan hakimiyyəti müstəqil mətbuatı çökdürmək üçün bütün “vasitə”lərdən istifadə edir. Bir neçə qəzet bütün çətinliklərə baxmayaraq öz müstəqilliyini bugünə qədər saxlayıb və hakimiyyətin qadağalarına boyun əyməyib.

Ancaq hakimiyyət 1-2 müstəqil qəzetin varlığına da dözə bilmir və iqtisadi sanksiyalarla bu qəzetləri sıradan çıxarmağa çalışır. Indiki mərhələdə müstəqil mətbuatın çökdürülməsində KIVDF “önəmli rol” oynayır. Artıq 3-cü dəfə “Azadlıq” qəzeti maliyyə yardımından məhrum edildi və ictimai rəyə təsiri olmayan, oxunmayan qəzetlərə büdcədən maliyyə ayrıldı.

“Azadlıq” qəzetinin bugünə qədər üzləşdiyi problemlərdən dəfələrlə yazılıb və sübut olunub ki, bu qəzet bütün parametrlər üzrə digər qəzetləri qabaqlayır.

Iyunun 30-da KIVDF-nin icraçı direktoru Vüqar Səfərli “Media forum” saytına açıqlama verib və bildirib ki, fonddan maliyyə yardımı almaq istəyən qəzetin tirajı ən azı 2500 nüsxə olmalıdır və həmin tirajın ən azı 1000 nüsxəsi satılmalıdır. Əslində Vüqar Səfərovun bu açıqlaması özünüifşa deməkdir. Əvvəla ona görə ki, “Azadlıq” bu parametr üzrə də öndədir və ən çox satılan qəzetdir. Digər tərəfdən, KIVDF-nin maliyyə ayırdığı qəzetlərin böyük əksəriyyəti bu parametrə cavab vermir. Həmin siyahıda olan adların bir qismi, ümumiyyətlə, heç kimə tanış deyil. Belə olan halda bu qəzetlər necə satıla bilər. Təbii ki, bu qəzetlərin bir qismi məcburi abunə hesabına satılır. Ümumi mənzərə onu göstərir ki, KIVDF parametrlərə cavab verməyən qəzetləri maliyyələşdirməklə məşğuldur.

Təbii ki, KIVDF hakimiyyətin diktəsi ilə fəaliyyət göstərir və hansı qəzetlərə “xeyir-dua” verilirsə, həmin qəzetlər də maliyyələşdirilir.

Bir sözlə, ölkədə azad sözün tamam məhv edilməsi üçün hər gün iş gedir və hakimiyyət bu məsələdə israrlıdır.

Qulu Məhərrəmli: «Azadlıq» qəzetinin mətbuat tarixində xüsusi yeri var və bu qəzetin kənarda qalması ədalətsizlikdir"

Professor Qulu Məhərrəmli hesab edir ki, “Azadlıq”ın maliyyədən məhrum edilməsi ədalətsiz və qərəzlidir: “Çox paradoksal bir vəziyyət yaranıb. Bir tərəfdən dövlət müəyyən qəzetlərə maliyyə ayırır və mətbuata dəstək ifadə olunur. Digər tərəfdən cəmiyyətin azad mətbuat hesab etdiyi qəzetlər iqtisadi cəhətdən sıxıntı içindədir və maliyyədən məhrum edilir. Mən KIVDF-nin siyahısına baxdım və bu siyahıda elə adlara rast gəldim ki, həmin qəzetlərin cəmiyyətə 1 faiz də təsiri yoxdur. Ancaq ”Zerkalo", “Azadlıq” kimi qəzetlərin oxucu kütləsi var və bu qəzetlərin bağlanması Azərbaycandakı mətbuatın mövcud durumunu ifadə edir. Bugün baş verənlər təəssüf hissi doğurur və bu prosesi dayandırmaq mümkün olmur. “Azadlıq” qəzetinin kənarda qoyulması ədalətsizlik və ayrı-seçkilikdir. “Azadlıq” qəzetinin mətbuat tarixində xüsusi yeri var və bu tipli qəzetlər inkişaf etməlidir. Boş kağız parçasından ibarət qəzetlərə maliyyə yardımının ayrılması düzgün deyil".

Mehman Əliyev: «Ilham Əliyev hakimiyyətə gəldikdən sonra müstəqil mətbuata basqılar daha da sərtləşdi»

“Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, müstəqil mətbuatın çökdürülməsi uzun illərdən bəri aparılan siyasətdir: “10 il öncədən başlayan siyasət bugün də davam edir. Ilham Əliyev hakimiyyətə gələndən sonra mətbuata basqılar daha da sərtləşdi. Indiki vəziyyətdə bu prosesin qarşısını almaq mümkünsüz olub. Sadəcə olaraq hər kəs öz sahəsində bacardığı qədər faəliyyət göstərir. Ancaq yeni texnologiyalar inkişaf edir, sosial şəbəkələr genişlənir, vətəndaş cəmiyyəti internetdə təmsil olunur və beynəlxalq vəziyyət müsbətə doğru gedir. Ona görə də hakimiyyətin bu siyasəti sona qədər effekt verə bilməz. Ancaq bunu dərk etmirlər və müstəqil mətbuatı mümkün qədər sıradan çıxarmaq istəyirlər”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.