Apellyasiya Məhkəməsinin hakiminə qarşı rüşvət ittihamı

2-07-2014, 11:42   
Apellyasiya Məhkəməsinin hakiminə qarşı rüşvət ittihamıİlqar Murquzov Şaban İbrahimovdan 15 min manat istəyib?

«Hakim hər vəchlə oğlum Azər İbrahimovu törətmədiyi cinayətə görə məhkum etmək istəyir»

Yardımlı rayon Horavar kənd sakini Şaban İbrahimovun üzləşdiyi problemlə bağlı qəzetimizin əvvəlki saylarında geniş yazılar dərc etmişdik. O, övladının törətmədiyi cinayətə görə haqsız yerə incidilməsinə etiraz edərək bir sıra dövlət qurumlarının rəhbər şəxslərinə müraciət ünvanlamışdı. Buna baxmayaraq, Şaban İbrahimova hələlik heç bir yardım göstərilməyib.

Bu üzdən də Yardımlı rayon sakini prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, milli təhlükəsizlik naziri Eldar Mahmudova, Milli Məclisin sədri Oqtay Əsədova, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə, Prezident Administrasiyasının hüquq şöbəsinin müdiri Fuad Ələsgərova şikayət məktubu ünvanlayıb. Vətəndaş şikayət məktubunun bir nüsxəsini də redaksiyamıza göndərib. Şaban İbrahimov Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun qanunsuz qərar və hərəkətlərindən şikayətçi olduğunu qeyd edib. O yazır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2012-ci il tarixli qərarı ilə oğlu İbrahimov Azər Şaban oğlu Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum olunmuş, həmin iş üzrə digər təqsirləndirilən şəxs Əhmədov Tural İbrahim oğlu Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə məhkum olunaraq iki il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb: «Həmin ittiham hökmündən dövlət ittihamçısı apellyasiya protesti, müdafiə tərəfi isə apellyasiya şikayəti verib. 28 dekabr 2012-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə məhkum Əhmədov Tural İbrahim oğlunun barəsində təyin edilmiş cəza dəyişdirilmədən saxlanılmış, oğlum İbrahimov Azər Şaban oğlunun barəsində təyin edilmiş cəza isə dəyişdirilərək məhkəmə baxışına qədər onun həbsdə saxlandığı müddət nəzərə alınmaqla cərimənin məbləği 500 manata endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun çıxardığı qərardan dövlət ittihamçısı 11.02.2013-cü il tarixli kassasiya protesti verib və işə Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrliyi ilə baxılıb. 19 iyun 2013-cü il tarixli qərarla Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 28 dekabr 2012-ci il tarixli qərarı ləğv edilərək cinayət işinin apellyasiya məhkəməsində yenidən baxılması təyin edilib». Şikayətçinin yazdığına görə, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasında hakim İlqar Murquzovun sədrliyi ilə apellyasiya prosesinə başlanıb, müdafiə tərəfinin vəsatəti əsasında üç nəfər şahid qismində dindirilib: «Burada mən, istintaqı aparan müstəntiq və bir nəfər jurnalist dindirilib. Hər üçümüz oğlumun əleyhinə deyil, lehinə ifadə verərək «zərər çəkmiş» olan Məmmədov Ruhin Məhərrəm oğlunun qəsdən yalan danışdığını bildirdik. «Zərər çəkmiş» Ruhin Məmmədovun məhkəmə iclasına gətirilməsi mümkün olmadığından onun məcburi gətirilməsi haqqında qərar qəbul olunaraq icra olunmağa göndərildi. Bakı və Gəncə şəhəri ərazilərində sərbəst şəkildə gəzib dolaşan Ruhin Məmmədov aradan keçən 7 aya yaxın müddət ərzində tapılmayaraq məhkəməyə gətirilməsi təmin olunmadı. Hətta bir neçə dəfə İlqar Murquzov bu missiyanı bizim üzərimizə qoydu. Bu mümkün olmadıqda hakim məharətlə vəziyyətdən çıxmağı bacardı. Belə ki, o bu dəfə xəstəliyi ilə əlaqədar bir dəfə məhkəmə prosesinə gəlməyən oğlum Azərin barəsində həbs qətimkan tədbiri seçərək axtarış elan etməklə cinayət işi üzrə icraatı dayandırdı. Oğlumun xəstəliyi ilə bağlı məhkəməyə müvafiq arayış təqdim etmişik. Lakin hakim İlqar Murquzov arayışa əhəmiyyət verməyərək öz qanunsuz əməllərini davam etdirdi. 14 aprel 2014-cü il tarixdə elan edilən qərarın surətini bu günə qədər ala bilməmişəm. Halbuki, qərarın surətinin verilməsi üçün məhkəməyə həm şifahi, həm də yazılı olaraq müraciət etmişəm. Qanunun tələblərinə əsasən qərar aidiyyəti şəxslərə göndərilməli idi. Çünki həmin qərardan müdafiə tərəfi kassasiya şikayəti verə bilər. Hakim İlqar Murquzov qanunun tələblərini kobud şəkildə pozmaqdan çəkinmir və məhkəmə istintaqını öz istədiyi şəkildə aparır. 2014-cü ilin 14 aprel tarixində keçirilən məhkəmə prosesində iştirak edən müdafiəçi təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilməsi barədə məsələ müzakirə olunarkən Cinayət Prosesual Məcəlləsinin tələblərindən bəhs edərək birbaşa ağır qətimkan tədbirinin seçilməsinə etiraz etdi. Buna baxmayaraq, onu da dinləməyən İlqar Murquzov qanunsuz qərar qəbul etdi. Əsassız və qanunsuz qərarın çıxarılması nəticəsində 9 ay azadlığı məhdudlaşdırılan, 3 ilə yaxın məhkəmə çəkişmələrində sürünən, səhhətində ciddi problemlər yaranan oğlumun bir insan kimi nələr çəkdiyini təsəvvür etmək çətin deyil. Üstəlik, törətmədiyi cinayətə görə bu qədər məhrumiyyətlərə düçar olması, yenidən ədalətsiz qərar nəticəsində qanunsuz həbsə atılma qorxusu kimi halları başa düşmək üçün hüquqşünas olmağa ehtiyac yoxdur. İşin ədalətlə nəticələnməsini təmin edən qərar çıxarmaq iqtidarında olmayan hakim İlqar Murquzov hər vəchlə oğlum Azər İbrahimovu etmədiyi cinayətə görə məhkum etmək istəyir. Apardığı məhkəmə istintaqı zamanı yalnız dövlət ittihamçısının mövqeyinə uyğun olan qərarlar verən- sanki prosesə sədrlik edən o deyil, dövlət ittihamçısıdır- özünün müstəqil, əsaslı fikri olmayan, hakimlik adına söz gətirən bu şəxsin hakim işləyərək insanların həyatına birbaşa təsir edəcək qərarlar verməsi dövlətimizə qarşı yaxşı hərəkət deyil. Ən azından mən və yaxın qohumlarım artıq ədalət mühakiməsinə inanmırıq. Qərəzli qərar çıxaran hakim özbaşına əməllərinə son qoymur. Bu cür hakimləri niyə cəzalandırmırlar? Ədliyyə Nazirliyindən, Ali Məhkəmədən və digər aidiyyəti orqanlardan mənə cavab verilir ki, sizin işiniz baxılması üçün Məhkəmə Hüquq Şurasına göndərilib. Məhkəmə Hüquq Şurasından isə cavab verirlər ki, işə aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzov baxacaq. Bu nədir? Ötür ötürdü, yoxsa başdan eləmək? Axı mən ölkə başçısına və digər aidiyyəti qurumlara müraciət etmişəm ki, İlqar Murquzov oğlumun həbs edilməməsi üçün məndən 15 min manat pul tələb edir. Unutmayın ki, mən müəlliməm. Dövlətin mənə verdiyi məvaciblə ailəmi güclə dolandırıram. Oğlumun törətmədiyi cinayət hadisəsinə görə niyə İlqar Murquzova 15 min manat verməliyəm? Əgər qanun belədirsə, qoy dövlət ona 15 min manat versin. Nəyə görə İlqar Murquzovdan soruşan yoxdur ki, sən müəllimdən niyə 15 min manat rüşvət istəyirsən? Hamı susur. Səbəb nədir? Mənim Vətən qarşısında vicdanım təmizdir. İlqar Murquzov kimiləri isə vətəndaşları heç bir səbəb olmadan incidir, onları bilərəkdən hakimiyyətdən incik salırlar. Adını çəkdiyim bütün instansiyaların rəhbərlərindən xahiş edirəm ki, İlqar Murquzovu oğlumun işinin aparılması prosesindən uzaqlaşdırsınlar. Qoy işə başqa hakim baxsın. Qəzet vasitəsilə cənab prezidentdən kömək istəyirəm. Hörmətli prezident, hamı sizi sevir və dəstəkləyir. Elin gözü tərəzidir. İlqar Murquzov kimi hakimlər xalqın, sadə vətəndaşların sizə olan inamını sarsıtmağa çalışır. Hər vasitə ilə insanları dövlətdən incik salmaq istəyirlər. Sizdən Yeni Azərbaycan Partiyasının 21 illik üzvü kimi xahiş edirəm ki, oğlum Azər İbrahimovun Bakı Apellyasiya Məhkəməsindəki işinin hakim İlqar Murquzovdan alınıb digər hakimə verilməsinə göstəriş verəsiniz». Şikayəti araşdırmaq məqsədilə Bakı Apellyasiya Məhkəməsinin 498-09-68 nömrəli telefonuna bir neçə dəfə zəng vursaq da, dəstəyi qaldıran olmadı. İnanmaq istərdik ki, Şaban İbrahimovun probleminə rəsmi instansiyalar səviyyəsində tezliklə münasibət bildiriləcək və vəzifəsinə yetəri qədər məsuliyyət göstərməyən hakim İlqar Murquzov ədliyyə naziri Fikrət Məmmədov tərəfindən layiq olduğu cəzanı alacaq.

Qarşı tərəf münasibət bildirmək istəsə, şərait yaradarıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.