Son günlər hakimiyyət düşərgəsində fəallaşma açıq hiss olunur. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzovun sabiq nazir və məmurları ağır cinayətdə ittiham etməsi, onları işlədikləri dövrdə milyardlar mənimsəməkdə, indi isə kənarda səssiz durmaqda və hətta xaricdə Azərbayana qarşı işləyən qrupları maliyyələşdirməkdə ittiham etməsi təsadüfi görünmür. Onun ardınca məşhur “91”lərdən olan parlamentin komitə sədri Eldar İbrahimovun müxalifətdən hakimiyyət düşərgəsinə transfer olan və mandat alan şəxsləri düşmən elan etməsi və daha sonra bəyanatını geri götürməsi, buna cavab olaraq BAXCP sədri Qüdrət Həsənquliyevin hakimiyyəti təcili kadr islahatları keçirib, yeni təmizləmə əməliyyatı aparmağa çağırması da, S. Novruzovun məlum bəyanatı ilə başlanan prosesin tərkibi kimi ortaya çıxıb.“AzPolitika.info” “hakimiyyət daxilində nə baş verir” mövzusunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib.- Sərdar bəy, YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun hakim partiyanın üzvü olan sabiq nazirləri hədələməsi ölkənin əsas gündəm mövzusuna çevrilib. Sizcə, niyə Siyavuş Novruzov belə səs-küylü bəyanatla çıxış etməli olub və burada əsas məqsəd nədir?– Siyavuş Novruzovun bəyanatını hansı məqsədlə verdiyini bir kənara qoyuram. Bu bəyanatdan çıxarılan nəticələrdən biri budur ki, Azərbaycan iqtidarında nazirlər milyardlarla pul oğurlayıb və hökumət bunu bilir. Baxmayaraq bu gün onlar vəzifədən gedib, amma onların məsuliyyətə cəlb edilməsi və dövlət büdcəsindən oğurladıqları pulların geri qaytarılmasına nail olmaq əvəzinə, onların oğurluğundan şantaj kimi istifadə edilməsi və onları zorla yenidən iqtidarın müdafiəçisinə çevirmək cəhdləri özünü göstərir.
Başqa sözlə, bunlar bilirlər ki, sabiq nazirlər hakimiyyətdə olduqları müddətdə dövləti dağıdıblar. İndi buna görə hüquq-mühafizə orqanları səviyyəsində tədbirlər görmək əvəzinə yenidən onları hakim komandanın elementi kimi görmək istəyirlər. Hesab edirəm ki, məlum bəyanatın mahiyyəti budur. Sən bilirsən ki, bunlar milyardlar oğurlayıb, xarici dövlətlərdə fəaliyyət göstərən qrupları maliyyələşdirirlər və bunlar Azərbaycan qanunlarına görə cinayətdir. Bunları prokurorluğa verib cinayət məsuliyyətinə cəlb etmək əvəzinə onları öz müdafiənə cəlb edirsən.
İkincisi, bu bəyanatı diqqətlə oxuyanda bəlli olur ki, Siyavuş Novruzov orada “quş” buraxır. Deyir ki, onsuz da bizim özümüzü müdafiə etməyə gücümüz var, amma sabiq nazirlərin də bizim müdafiəmizə qalxmasını istəyirik. Əgər sənin özünü müdafiə etməyə gücün varsa, axı özünün dediyin kimi, cinayətkarların səni müdafiə etməsinə nə ehtiyac var? Üstəlik, bu sizin nüfuzunuzu aşağı salır. Bu halda keçmiş və vurulan məmurların YAP-ı müdafiə etməsini tələb etmək nədən doğur? Bu, açıq göstərir ki, YAP zəifləyib. Biz son illər görürük ki, bu partiyanın siyasətini müdafiə edən beş nəfər də yoxdur. Arabir Əli Həsənov, Siyavuş Novruzov müdafiə edir. Amma əvvəlki illərdə olduğu kimi 30-40 nəfər daimi YAP siyasətini müdafiə edən, bu partiyaya qarşı hücumları dəf edənlər yoxdur. YAP-ın aşağı səviyyədə üzvlərinin fəaliyyəti isə sanki yoxdur. Bunlar onu göstərir ki, YAP zəifləyib.
Nəhayət, adama deyərlər ki, YAP-a nə olub ki, deyirsən müdafiə edin? YAP-a hücum yoxdur. Deməli onlara məlumdur ki, artıq ölkədə vəziyyət gərgindir. Ona görə də, öz həyəcanlarını bu cür büruzə verirlər və bəlli adamlara mesaj verirlər ki, bizi müdafiə etməyəcəyiniz təqdirdə haqqınızda ölçü götürəcəyik.
Yəni Siyavuş Novruzovun bəyanatından bu nəticələri çıxarmaq olar.
- Siyavuş Novruzovdan sonra başqa bir YAP-çı deputat və komitə sədri Eldar İbrahimov açıqlama verdi, müxalifətdən hakimiyyət düşərgəsinə keçənləri düşmən elan etdi, sonra isə fikirlərini təkzib etməli oldu. Sizcə, niyə?– Eldar İbrahimovun açıqlaması və Qüdrət Həsənquliyevin ona cavabı artıq başqa mövzudur. Eldar İbrahimov açıq şəkildə bildirdi ki, iqtidar müxalifətdə olan bəzi adamları pulla öz tərəfinə çəkib, onlara mandat verib. Guya onlar müxalifətdə olanda vətənə xəyanət edirlərmiş və bu məqsədlə onlara mandat veriblər ki, xarici qüvvələrə işləməkdən əl çəksinlər. Amma bu adamlar iqtidara gəldikdən sonra yenə də öz fəaliyyətlərini davam etdiriblər. Əli Həsənov da bunu təkzib etdi. Qüdrət Həsənquliyev də açıqlamasında ad çəkmədən müəyyən şəxsləri ittiham edib. Əli Həsənov bu iki qüvvəni barşdırmaq niyyəti ilə danışıb və Eldar İbrahimov bir addım geri çəkilib. Eldar İbrahimovun ilk açıqlamasında mandat verilib parlamentə daxil edilən Araz Əlizadə, Fazil Mustafa, Əli Məsimli, Asim Mollazadə və digərlərinin təmsil olunduğu parlament müxalifəti nəzərdə tutulub. İbrahimov açıq deyib ki, onlara mandat vermişik, şərait yaratmışıq ki, milyonlar qazansınlar, amma yenə də xarici dövlətlərlə əməkdaşlıq edirlər.
- Eldar İbrahimov bəyanat verir və az sonra bəyanatı geriyə oxudulur…– Eldar İbrahimov sözünü geri götürsə də, Siyavuş Novruzovdan dərhal sonra İbrahimovun iqtidar daxilində bəzi qüvvələrin xaricə işlədiyini deməsi başqa problemdən xəbər verir. Azərbaycanda xarici qüvvələrin kifayət qədər fəaliyyət sahələri var. Yeri gəlmişkən, Vahid Əhmədovun müsahibəsində də maraqlı məqam var. Vahid Əhmədov qeyd edir ki, Heydər Əliyevin dövründə yeddi rayonun işğal edilməsi bilavasitə indi də iqtidarda olan şəxslərin xəyanəti nəticəsində olub. Yəni Eldar İbrahimovla Vahid Əhmədovun müsahibələrini üz-üzə qoysaq görərək ki, xarici qüvvələrə işləyən kifayət qədər məmur var və hökumət onların öhdəsindən gələ bilmir. Nəticədə də belə şəxslər fəaliyyətlərini davam etdirirlər.
- Sizcə, niyə Eldar İbrahimov dediklərindən geri çəkilmək məcburiyyətində qaldı, səbəb nə ola bilər?– Görünür iqtidar daxilində qruplararası intriqanın mətbuata çıxması və cəmiyyətin bu prosesdə hansısa mövqe tutmasının ağır nəticələr verə biləcəyini anlayaraq dərhal bu məsələnin qarşısını almağa çalışdılar. Əgər xatırlayırsınızsa, buna oxşar hadisə bir müddət əvvəl rektorlarla bağlı oldu. Əvvəl BDU-nun rektoru
Abel Məhərrəmova hücum etdilər. Bundan sonra Məhərrəmovun məxsus olduğu tərəf
Səməd Seyidova hücuma keçdi. Yəni belə proses müşahidə olundu və hökumət gördü ki, qarşılıqlı ifşa pis nəticələrə səbəb olacaq. Odur ki, buna moratorium qoyuldu. Baxmayaraq o zaman ciddi bəyanatlar verildi, iddia olundu ki, BDU-da böyük pul yeyintiləri olub, Xarici Dillər Universitetində nələrsə baş verib və s. Amma nə cinayət işi qaldırıldı, nə də bir şey. İndi də həmin hadisələrə oxşar, amma deputatlar səviyyəsində proses başlanıb və tərəflər bir-birinə hücuma keçib. Bir tərəf qarşı tərəfi xarici ölkələrə işləməkdə, bu tərəfdə onları xəyanətdə ittiham edir. Amma prokorurluqda cinayət işi açmaq haqqında düşünmür. Görünən odur ki, bir müddət əvvəl sakitləşən proses indi yenidən aktivləşməyə başlayıb. Hər halda bu təhlükəli prosesdir.
Politologiyada belə bir deyim var: oliqarxların vəhdəti ölkədə azadlıqların axırına çıxır, onların parçalanması isə dövlətin sonuna çıxır. Bu gün oliqarxların deputatlar səviyyəsində bir-birinə hücum etməsi Azərbaycana acı gələcək vəd edir. Yəni biz buna sevinməməliyik. Bəzi müxalif qüvvələr var ki, buna sevinir. Mən narahatam. Oliqarxların bir-birilə boğuşması dövlətçiliyə ciddi zərbə vura bilər.
- Hakimiyyətdə bu prosesin getdiyinin fərqində deyillərmi?– Sözsüz ki, iqtidarda ağlı başında olan şəxslər var. Məsələn, Əli Həsənov bu təhlükələri görür və çalışır ki, bunu neytrallaşdırsın. Buna nə dərəcədə gücü çatacaq, onu zaman göstərər. Amma məncə, bir azdan hadisələr onun da nəzarətindən çıxacaq. Çünki arada bir Əli Həsənovun özünü də hədəf seçirlər, ona qarşı hücumlar təşkil edirlər. Bu da iqtidarın vahid siyasətini aparan fiqur kimi onun imicinə kölgə salır. Bu baxımdan iqtidardakı vəziyyət təhlükəlidir və cəmiyyət də bilməlidir ki, bu təhlükədən bizim hamımıza pay düşəcək. Bilirsinizmi, bu cür bəyanatlarla parçalanma açıq görünür, tərəflərin bir-birilə barışmazlığı hiss edilir. Sadəcə olaraq hələlik proses tam təhlükəli həddə deyil və prosesi nəzarətə almağa cəhd edirlər. Eldar İbrahimovun sözünü geri götürməsi nəzarətə almağın əlamətidir.
Güman edirəm ki, vaxtilə oliqarxlar Qubada, İsmayıllıda, Mingəçevirdə, Gəncədə etdikləri kimi xalqı özlərinin maraq savaşlarına cəlb etməyə cəhd göstərə bilərlər. Bizim əsas məqsədimiz xalqı bu kimi məsələlərdən ayıq salmaqdır ki, belə proseslərə qoşulmasınlar. Xalqımız oliqarxların maraq uğrunda davasında iştirak etməməlidir. Əks təqdirdə Azərbaycanda ağır nəticələr ortaya çıxa bilər.
Vaqif NƏSİBOVAzPolitika.info