Gürcüstanın 12-ci, Ermənistanın 27-ci olduğu siyahıda Azərbaycan 166-cı yeri tutub
Dünyanın iqtisadi baxımdan ən azad yurisdiksiyaları yenə də Honq Konq və Sinqapurdur. Freyzer İnstitutu sentyabrın 12-də illik Dünyada İqtisadi Azadlıq hesabatını açıqlayıb.
İlk onluqda yer alan digər ölkələr Yeni Zelandiya, İsveçrə, Birləşmiş Ştatlar, İrlandiya, Böyük Britaniya, Kanada, Avstraliya və Mavriki adasıdır.
2016-cı ildə 16-cı yerə düşmüş Birləşmiş Ştatlar bu il iqtisadi baxımdan azad beşliyə qayıdıb.
Hesabat iqtisadi azadlığı – fərdlərin öz iqtisadi qərarlarını vermək bacarıqlarını 162 ölkədə və ərazidə siyasətləri və qurumları təhlil etməklə dəyərləndirir. Buraya tənzimləmə, beynəlxalq ticarət azadlığı, hökumətin ölçüsü, sağlam hüquqi sistem və mülkiyyət hüquqları, hökumətin xərcləri və vergi sistemi daxildir.
Azərbaycan reytinqdə 116-cıdır, balı 6,34-dür.
Gürcüstan 12-ci, Ermənistan 27-ci yeri tutub. Gürcüstanın balı da bir il öncəylə müqayisədə yaxşılaşıb, 7,94 olub. Qonşu ölkə ötən il reytinqdə yeddinci yeri tutmuşdu, ancaq sonradan təşkilat tədqiqat metodologiyasını dəyişdiyindən yeri dəyişərək 13-ə düşdü.
Qonşulardan İran 143, Rusiya 85-cidir.
Digər böyük ölkələrdən Yaponiya 17-ci, Almaniya 20-ci, İtaliya 46-cı, Fransa 50-ci, Meksika 76, Hindistan 79, Çin 113, Braziliya 120-ci yerdədir.
Hesabatda deyilir ki, iqtisadi azadlığın yüksək səviyyədə olduğu ölkələrdə daha böyük rifah, daha çox siyasi və mülki azadlıqlar var, adamlar daha çox yaşayır.
Məsələn, iqtisadi azadlığa görə yuxarı kvartilə düşən ölkələrdə 2017-ci ildə ortalama adambaşına ÜDM 36 min 770 dollar olub. Son kvartili tutan ölkələrdə isə bu, 6 min 140 dollardır. Yoxsulluq göstəriciləri də fərqlənir. Yuxarı kvartildə əhalinin cəmi 1,8, son kvartildə isə 27,2 faizi aşırı yoxsulluq həddində yaşayır
Yuxarı kvartili tutan ölkələrdə ömür uzunluğu 79,5 il, dibdəki ölkələrdə isə 64,4 ildir.
Yəni, adamlar öz imkanlarından azad şəkildə yararlanaraq azad seçim edə bildikləri ölkələrdə daha xoşbəxt və sağlam həyat yaşayırlar.
Freyzer İnstitutu illik İqtisadi Azadlıq reytinqini İqtisadi Azadlıq Şəbəkəsi ilə birlikdə hazırlayır. Bu şəbəkə 100-dək ölkə və ərazidə müstəqil tədqiqat və təhsil institutlarından ibarətdir. Bu reytinq dünyada iqtisadi azadlığı ölçən öncül dəyərləndirməsi sayılır.