Əbülfəs Qarayev xarici ölkələrə işləyir

2-07-2014, 16:15   
Əbülfəs Qarayev xarici ölkələrə işləyirYay fəsli gələr-gəlməz hər kəs həftə sonlarını və ya məzuniyyətini harada keçirəcəyini düşünür. Vaxtını səmərəli keçirmək istəyənlər Azərbaycanımızın gözəl regionlarına üz tutaraq yayın dadını təbiətin qoynunda çıxarmaq istəyir. Acınacaqlı hal budur ki, çoxları üçün bu elə istək olaraq qalır. Çünki bölgələrimizdəki istirahət zonalarındakı şok qiymətlər hər kəsin cibinə görə deyil. Xidmət səviyyəsi çox aşağı olduğundan heç pulu olanlar da istirahətin dadını istədikləri kimi çıxara bilmirlər. Nəticədə varlısı da, kasıbı da dincəlmək üçün xaricə üz tutur və yerli turizmin qazanmalı olduğu pullar xarici turizmə sərf edilir. Beləliklə də öz ölkəmizin iqtisadiyyatına deyil, başqa ölkənin iqtisadiyyatına xeyir vermiş oluruq. Bir sözlə, yerli turizmdəki şok qiymətlər bilavasitə xarici turizmin inkişafına kömək edir.

ANS PRESS turizm mövsümünün qızğın çağında yerli turizmlə xarici turizmi müqayisə etmək üçün kiçik araşdırma aparıb. Sorğumuzda iştirak edənlər bölgələrdə istirahət etməyin az qala mümkünsüzlüyünü dilə gətirdilər. Rayonlardan qayıdanların əksəriyyəti od tutub yanan qiymətlərdən və bunun qarşılığında isə xidmətin səviyyəsinin aşağı olduğundan şikayətləndilər. 2 nəfərlik katecin və ya otel otağının bir sutkalıq qiyməti orta hesabla 60 manatdır ki, buraya səhər yeməyi belə daxil edilməyib. Həmin istirahət yerlərində səhər yeməyi ən az 10-15 manata başa gəldiyini və nahar və şam yeməklərini nəzərə alsaq, bir həftəlik istirahətin neçəyə başa gəldiyini özünüz təxmin edin. Hesablamalar Azərbaycanda 1 həftəlik istirahətin xarici ölkələrlə müqayisədə dəfələrlə baha başa gəldiyini göstərir. Nəticədə isə o olur ki, növbəti səfərimiz ölkədən kənara planlaşdırılır və xeyiri başqalarına veririk. Çünki Türkiyənin ən öndə gedən Bodrum, Quş adası, Antalya və digər bölgələrində istirahət təyyarə ilə gediş-gəlişlə birlikdə Azərbaycandan ucuz başa gəlir. Bu yay Antalyada istirahət qiymətlərdəki endirim isə bizə seçim etməkdə kömək edir.

Turizm şirkətlərin birinin aparıcı meneceri Fidan Hüseynova əhalinin son illər bölgələrdə istirahətə üstünlük vermədiyini təsdiqlədi. O, bunun səbəbinin qiymətlərlə bağlı olduğunu bildirdi: “Bizdə turizm mövsümü başlayan kimi qiymətlər qalxır kəllə-çarxa. Normal olaraq iki insanın Qəbələ, Nabran kimi yerdə istirahət etməsi bir həftəlik 1000-1500 manatdır. İndi özünüz fikirləşin, ora kim gedər? Qonşu Türkiyə və Gürcüstanda bir həftəlik istirahət 500-700 manat arasında dəyişir. Özü də bu istirahətə gündə üç dəfə yemək və başqa bir neçə xidmətlər daxildir. Buna görə də insanların qonşu ölkədə istirahət etməsi anlaşılan haldır”. Fidan xanım bundan əlavə olaraq bildirib ki, bizdə turizm səviyyəsi hələ də qonşu ölkələrdən geridə qalır: “Düzdür, son vaxtlar ulduzlu otellerin sayı nisbətən artıb. Təəssüf ki, amma bu, xidmətin səviyyəsinə cüzi təsir edib. Bu da insanların istirahət üçün bölgələrə üz tutmasının qarşısını alır. Yerli turizm sahəsində böyük problemlər var. Bir sözlə, Qəbələdə və ya Qubada 1 həftəlik istirahət Bodrumda istirahət etməkdən baha başa gəlir. Məsələ burasındadır ki, qiymətlərin yüksək olmasına baxmayaraq, həmin istirahət guşələrində xidmət çox aşağı səviyyədədir”.

İqtisadçı-ekspert Vüqar Bayramov ANS PRESS-ə açıqlamasında bu mövsüm istirahət mərkəzlərində qiymətlərin bahalaşdığının müşahidə olunduğunu deyir. Onun sözlərinə görə, qiymət artımı əsasən yeni tikilən otellərdə müşahidə edilir: “Bütün rayonlar üçün bir həftəlik istirahətin orta stabil qiyməti 1000-1500 manatdır. Şamaxı, Qubada yeni açılmış otellərdə isə həftəlik qalma xərci 2 min manatdan artıq olur. Bahalı otellərdə qiymətlər fərqlidir .Şamaxıda, Qubada yerləşən bahalı otellərdə iki nəfərin qalma xərci hətta 5 min manata qədər dəyişir”.

V.Bayramovun sözlərinə görə, istirahət qiymətləri rayonlara görə yox, rayonlardakı otellərə görə müəyyənləşir: “ Şamaxıda bir sutkası 3000 manata olan otellər olduğu kimi, 50 manata olan otellər də var. Qəbələdə 4 və 5 ulduzlu otellərdə orta qiymət 100-150 manat arasında dəyişir. Ona görə də rayonda harada qalmağından asılı olmayaraq, qiymətlər dəyişir. “Domik” adlanan yerlərdə qalmaq isə nisbətən ucuzdur. 7 gün təxminən 1000 manata başa gəlir”.

Vüqar Bayramov da xarici ölkədə istirahətin Azərbaycanla müqayisədə ucuz başa gəldiyini etiraf etdi: “Təəssüf ki, ölkə xaricində, xüsusən də qonşu ölkələrdəki istirahət ölkədaxilindəki istirahətə nisbətən daha ucuz başa gəlir. Gürcüstanda istirahət Azərbaycan vətəndaşları üçün ölkədaxili istirahətlə müqayisədə təxminən 60 faiz, Türkiyədə istirahət isə 20 faizə yaxın ucuzdur. Bu baxımdan qiymətlər harada istirahət etməyindən asılı olaraq dəyişir. Sözsüz, Avropa ölkələrində istirahət etmək daha bahadır”.

Ölkənin turizmdən itirdiyi milyonların hesabını Mədəniyyət və Turizm Nazirliyindən soruşmaq istədik. Nazirliyin turizm şöbəsinin müdir müavini Mahir Qəhrəmanovla dəfələrlə əlaqə saxlamağımıza baxmayaraq, suallarımızı cavablandırmamaq üçün hər dəfə müxtəlif bəhanələr gətirdi. Düşünürəm ki, istirahət mərkəzlərində baş verənlər, aşağı səviyyədə olan qulluq, od tutub yanan qiymətlər nazirliyi maraqlandırmalıdır. Amma qiymətlər və xidmət normal olduğu halda. Nəzərə alsaq ki, hazırda keçirdiyimiz yay fəslində Antalyadakı qiymətlər ötən il ilə müqayisədə yenə də aşağı düşüb, bizim qiymətlər isə yüksək olaraq qalır. Bu o deməkdir ki, hələ çox şey itirəcəyik. Ən çox itirən isə dövlət büdcəmizdi.

Qeyd edək ki, ölkə daxilində 516 otel fəaliyyət göstərir. İndiyədək yerli turizmin inkişafı üçün iki dövlət proqramı icra olunub. “2010-2014-cu illərdə ölkədə turizmin inkişafına dair” dövlət proqramının icrası bu il yekunlaşacaq. Amma bölgələrdə turizm xidmətlərinin qiyməti və keyfiyyət dəyişməyib. Turizm şirkətlərinin, otel və istirahət mərkəzlərinin sayının artması xidmətlərin yüksəlməsinə təsir etməyib. Bir müddət öncə isə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev media nümayəndələri ilə görüş zamanı bildirib ki, nazirlik turizm obyektlərində mütəmadi olaraq monitorinqlər həyata keçirir: “Bu monitorinqləri biz ilin bütün fəsillərində həyata keçiririk. Sahibkarlara imkan veririk ki, nöqsanlar aradan qaldırılsın, əks halda, ya həmin obyektlərin lisenziyası ləğv edilir, ya da qanun çərçivəsində işlərinə müəyyən məhdudiyyətlər qoyulur. Lakin düşünürəm ki, hər bir sahibkar, turizm sahəsində çalışan adam üçün rəqabətdə qalib gəlmək baxımından keyfiyyət, qiymət ön sıralarda dayanmalıdır”.

Belə çıxır ki, Mədəniyyət və Turizm Nazirliyi qiymətləri elə tənzimləyir ki, son nəticədə Gürcüstan və Türkiyə turizm sektorları inkişaf edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.