Sarkisyan yenə pərt oldu
“Mən xahiş edirəm ki...”.
Ermənistanın bu ilin mayında Astanada Rusiya, Qazaxıstan və Belarus tərəfindən təsis olunan Avrasiya İqtisadi İttifaqına qoşulması barədə müqavilə oktyabrda imzalana bilər.
Cumhuriyyet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər naziri Erlan İdrisov bəyan edib.
“Müvafiq sənədlərin imzalanması çox güman ki, oktyabrda Minskdə Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin dövlət başçılarının növbəti görüşündə baş tutacaq” - deyə İdrisov bildirib.
Bundan əvvəl Ermənistanın “Putin ittifaqı”, yaxud “yeni SSRİ” kimi tanınan Avrasiya İqtisadi İttifaqına iyulun 2-də qoşulacağı elan edilmişdi. Astanada Serj Sarkisyan xahiş etmişdi ki, onun ölkəsinin ittifaqa daxil olacağı tarix dəqiqləşsin və rəsmən elan edilsin.
“Mən xahiş edirəm ki, iyulun 2-nin Ermənistanın Avrasiya İttifaqına üzv olacağı gün kimi rəsmən elan edilməsi baş versin” - deyə Sarkisyan bildirmişdi.
Rusiya prezidenti Vladimir Putin də Ermənistanın ittifaqa üzvlüyünün tezliklə baş verəcəyinə ümid etdiyini vurğulamışdı.
Lakin Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin məktubu barədə məlumat verərək Ermənistanın indiki sərhədləri daxilində ittifaqa üzvlüyünün mümkün olduğunu xatırlatmışdı.
Bu bəyanat Ermənistanda ciddi narazılığa və Sarkisyana qarşı güclü tənqidlərə səbəb oldu. Daha sonra Sarkisyan bildirdi ki, Ermənistan Dağlıq Qarabağı öz ərazisi kimi tanımadığı üçün Avrasiya İttifaqına üzvlük də indiki sərhədlər çərçivəsində baş verəcək.
Ermənistanın Avrasiya İttifaqına üzvlüyünün nəzərdə tutulan vaxtda baş tutmamasının və bu işin payıza təxirə salınmasının səbəbləri məlum deyil. Ermənistanın keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan bildirib ki, hakimiyyət özü də bunun səbəbini bilmir.
“Təəssüf ki, xarici işlər nazirinin müavini Şavarş Köçəryanın bəyanatlarına əsasən nəticə çıxarmaq mümkün deyil. Çünki onun bəyanatları bir-birinə zidd olur” - deyə A.Arzumanyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
A.Arzumanyan əlavə edib ki, əslində o, Köçəryana həsəd aparmır. Çünki o, Ermənistanın Avrasiya İttifaqına üzvlüyü ilə bağlı hər dəfə vəziyyətdən çıxmaq üçün bəhanə uydurmalıdır.
“Bu ondan xəbər verir ki, hakimiyyətdə Ermənistanın üzvlüyünün yubanmasının səbəbləri və bu ittifaqa hansı müddət sonra üzv olacağı barədə heç kim məlumatlı deyil. Aydındır ki, ittifaqın üç üzvü arasında bu məsələdə ziddiyyətlər var və onu həll etmək lazımdır” - deyə keçmiş nazir bildirib