İran şiələrin müqəddəs məbədlərində hücum edən İŞİD-ə qarşı azərbaycanlılardan ibarət ordu yaradır.
Bu barədə İranda adının açıqlanmasını istəməyən azərbaycanlı fəallardan biri publika.az-a məlumat verib. Məlumata görə, İranın din xadimləri müqəddəslərimiz təhlükədə şüarı ilə məscidlərdə təbliğata başlayıblar.
“Bu, tağımlar şəkilində olan silahlı qrupdur. Burada əsasən Cənubi Azərbaycanda yaşayan azərilər , eləcə də İran mədrəsələrində təhsil alan, Azərbaycandan gəlmiş gənclər cəmləşdirilir. Həmçinin, azərilərdən başqa, qeyri-millətlərdən olan nümayəndələr də bu qrupda yer alırlar. Təkcə farslar yoxdur”-deyə mənbə bildirir.
Azərbaycanlı fəal bildirib ki, yaradılan ordu Qum şəhərində yerləşən təlim düşərgəsində hazırlıq keçir. Daha sonra onlar Kərbəlaya göndərilir: “Bu düşərgə Qum şəhərinin bir neçə kilometrliyində yerləşir. Bu hərbi qruplar “Hizbullah”ın qolu olaraq fəaliyyət göstərirlər”.
Qeyd edək ki, bundan əvvəl İranın qeyri-farslardan ibarət ordu yaradaraq Suriyada Bəşər Əsəd tərəfindən döyüşə göndərdiyi xəbərləri yayılmışdı. İŞİD-ə qarşı yaradılan yeni ordunun həmin qruplar olduğu ehtimal olunur.