Müxalifət bələdiyyə seçkilərinə necə hazırlaşır?

3-07-2014, 15:23   
Müxalifət bələdiyyə seçkilərinə necə hazırlaşır?Partiyalar planlarını və gördükləri işləri açıqladılar

Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçki Məcəlləsinə görə, bələdiyyə seçkiləri səsvermə gününə azı 60 gün qalmış elan olunmalıdır. Azərbaycanda son bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də olub. Bu səbəbdən 2014-cü il seçkilərinin oktyabrın ortalarında elan ediləcəyini gözləmək olar.
Artıq ölkədə fəaliyyət göstərən partiyalar seçki hazırlıqlarına başlayıblar. KXCP-nin sədr müavini Xəzər Teyyublu bildirir ki, onlar 2014-cü ilin martından bələdiyyə seçkilərində iştirak qərarı veriblər: “Partiya Ali Məclisinin sessiyasında bununla bağlı qərar qəbul olunub və bu istiqamətdə iş aparılır. Azərbaycanın demək olar ki, bütün bölgələrində zona müşavirələri keçirdik. Zona müşavirələrində bələdiyyə seçkilərində iştirak və hazırlıq vəziyyəti müzakirə olundu. Hazırda KXCP-nin mərkəzi seçki qərargahı təlimatını hazırlayıb və rayon şöbələrinə göndərib. Rayon şöbələrində hazırkı durum, hazırlıqla bağlı həm yerli, həm qəsəbə, kənd bələdiyyələrinin tərkibini müəyyənləşdirilib. Artıq bu proses keçirilib. Yaxın dövr üçün istəyirik ki, namizədlərimizi müəyyənləşdirək. Eyni zamanda bələdiyyələrin, yeni bələdiyyələrin sayları, ilkin seçici siyahılarının yoxlanması ilə bağlı rayon şöbələrimizə məlumatlar verilib. Partiyamızın bələdiyyələrə namizədlərinin müəyyənləşdirilməsi prosesi gedir. Onun üçün də qanunvericilikdə nəzərdə tutulan vaxt namizədlər dairə seçki komissiyalarına namizədlərini verəcəklər”.
X.Teyyublu deyib ki, digər partiyalarla əməkdaşlıq etmək istisna deyil: “Seçki elə bir prosesdir ki, siyasi partiya təkbaşına, bütünlüklə bələdiyyələri əhatə edə bilməz. Bir siyasi partiyanın namizədi güclü ola bilər, biz həmin güclünü müdafiə edə bilərik. Biz baxacağıq ki, hansı partiya seçki prosesinə qoşulacaq və biz onu dəyərləndirəcəyik. Əməkdaşlıq hər zaman mümkündür. Çalışacağıq ki, yerli bələdiyyələrdə konkret olaraq işləməyi bacaran, problemləri həll etmək gücündə olan namizədlər ortada olsun. İstəyirik ki, müxalifətin namizədi güclü olsun. Ümid edirəm ki, bu proseslərdən də uğurla çıxacağıq”.
Ümid Partiyası da hazırlıqlara başlayıb. Partiyanın təmsilçisi Taleh Əliyevin sözlərinə görə, 2014-cü ilin əvvəlindən proses başlayıb: “Fevralda Ali Məclisin iclasında müvafiq qərar qəbul olunub. Martda bələdiyyə seçkilərinə namizədliklə bağlı Ümidin Respublika müşavirəsi keçirilib. Tədbirdə partiya üzvlərinin öhdəlikləri müəyyənləşdirilib, öhdəliklərin yerinə yetirilməsi, partiyanın seçkidə iştirakını təmin etmək məqsədilə mütəmadi olaraq rayon şöbələri ilə əlaqə saxlayırıq. Artıq yüzlərlə namizəd seçimi üzərində düşünürük. Sənədləşmə prosesi gedir. Avqustun əvvəlinə yerlərdə bələdiyyə seçkisi ilə bağlı görüşlər keçirilməsi planlaşdırılır. Seçki kampaniyası başlanana qədər namizədlərimizin siyahısını hazırlayıb seçki prosesinə tam hazır vəziyyətdə getməyi düşünürük”.
Müsavat Partiyasının isə bələdiyyə seçkiləri ilə bağlı yekun qərarı yoxdur. Başqan müavini Gülağa Aslanlının sözlərinə görə, bu məsələ Məclisdə müzakirə olub və rayon təşkilatlarına hansı bələdiyyələrdə iştirak edəcəklərini müəyyənləşdirmək, müşahidəçilərin siyahılarını dəqiqləşdirmək məsələsi həvalə olunub. Böyük ehtimalla Müsavat Partiyası bələdiyyə seçkilərində rayon təşkilatlarının arzusunu nəzərə alaraq bu məsələdə onlara sərbəstlik verəcək və seçkilərdə iştiraka hazırlaşmaq üçün tapşırıqları olacaq: “Müsavat Partiyası hələ Məclisdə qərar verib ki, seçki qanunvericiliyində dəyişiklik olmayacaqsa, məhz bu cür saxlanılacaqsa, böyük şəhər bələdiyyələri müəyyənləşməyəcəksə, bələdiyyələrin statusları artırılmayacaqsa, bu cür seçkidə Müsavat Partiyası partiya olaraq iştirak etmək haqqında hələ qərar verməyib. Amma rayon təşkilatlarına iştirak etmək üçün şəraiti öyrənmək, komandaları yaratmaq, namizədləri müəyyənləşdirmək məsələsində sərbəstlik verir, hələ ki vəziyyət bu yerdədir”.
Qeyd edək ki, ADP də seçkilərə qatılmaq niyyətindədir. “Media forum”a açıqlama verən partiya sədri Sərdar Cəlaloğlu deyib ki, qurum bələdiyyə seçkilərinə qatılacaq: “Öz üzvlərimizə bələdiyyə seçkilərində aktiv iştirakı tövsiyə etmişik. Yerlərdə üzvlər xüsusi maraq göstərməsə, biz partiya kimi seçkilərdə iştirak edə bilmərik. Ona görə çalışırıq ki, yerlərdə üzvlərimiz seçkiyə xüsusi maraq göstərsinlər”.
AXCP sədrinin müavini Gözəl Bayramlı isə bildirib ki, hazırda partiyanın bələdiyyə seçkilərində iştirak etmək barədə qərarı yoxdur: “Lakin Ali Məclisin son sessiyasında bu məsələ müzakirə olunub, qərar vermək rayon şöbələrinin öhdəsinə buraxılıb. Amma yekun qərar Ali Məclisin olacaq. Güman edirəm ki, seçki qanunvericiliyinin dəyişməsə, seçkiqabağı mühit normallaşmasa, seçkilərdə iştirak məqbul deyil. Seçki qanunvericiliyinə həm partiya olaraq, həm də Milli Şura çərçivəsində bir sıra dəyişiklik təklifləri vermişik. Lakin hakimiyyət bu təkliflərin heç birini nəzərə almayıb”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.