Kərkük əldən gedir

3-07-2014, 19:32   
“Türk dünyası bizdən üz döndərirsə, təbii ki, Kərkükü itirəcəyik”.
Bu barədə İraq Türkman Cəbhəsinin lideri, İraq parlamentinin deputatı Erşad Salihi Publika.az-a açıqlamasında İraqın tanınmamış Kürdüstan icmasının referendum keçirmək istəyinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu gün türkdilli ölkələr Kərkükə lazımı dəstək vermir: “Bu isə bizə qarşı olanlara geniş imkanlar yaradır. Əgər referendum keçirilərsə, kürdlər istədikləri nəticəni əldə edəcəklər. Çünki Kərkük bir türkman şəhəridir, lakin son 10 ildə dəyişdirilən demoqrafik vəziyyət kürdlərin çoxluğu ilə nəticələnib. Bu baxımdan, referendumun nəticələri bizim üçün acınacaqlı ola bilər”.
E. Salihi qeyd edib ki, Kürdüstan dövlətinin yaradılması Kərkükün əldə edilməsindən keçir. Onun sözlərinə görə, Kərkükü alırlarsa, kürdlər tezliklə öz dövlətlərini elan edəcəklər.
“Onlar bunu yaxşı bilir və buna çalışır. Amma dünya, eləcə də türk dünyası buna səssiz qalmamalıdır. Əks təqdirdə Kərkükü itirəcəyik. Amma türkmanlar sona qədər öz mübarizələrini aparacaqlar, istər siyasi, istər digər yollarla”, -deyə türkman lideri vurğulayıb.
Yayılan xəbərlərə görə, Kürdüstan İcmasının rəhbəri Məsud Bərzani qarşıdakı bir neçə saat içərisində Kərkükün də daxil olduğu 4 şəhərdən ibarət müstəqil Kürdüstan dövləti elan etmək üçün referendum qərarının qəbul edilməsi ilə bağlı göstəriş verəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.