Elinaya xəstəxanada diaqnoz bir sutka sonra qoyulub

12-10-2019, 10:08   

 

162 saylı orta məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar edən 13 yaşlı Elina Hacıyevanın ölümüylə əlaqədar məhkəmə prosesi yekunlaşmaq üzrədir. Oktyabrın 11-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev məktəblinin ölümünə görə cinayət məsuliyyətinə cəlb olunub, məktəbin keçmiş direktoru Sevinc Abbasovanın işi üzrə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edib.
Məhkəmədə Təhsil Nazirliyinin nümayəndəsi vəkil Elmar Kərimov Elinanın anası Sevil Hüseynovanın mülki iddiasına etiraz edib. Zərərçəkmiş tərəf Təhsil Nazirliyinə və təqsirləndirilən direktora qarşı 100 min manat kompensasiya tələbilə mülki iddia qaldırıb.
İddianı əsaslandıran vəkil Sevinc Əliyeva bildirib ki, Mülki Məcəllənin 1099-cu maddəsi işçinin vurduğu ziyana görə işəgötürənin üzərinə ziyanı ödəmək öhdəliyi qoyur: "Təhsil Nazirliyi Sevinc Abbasovanın işdən çıxarılması barədə əmrlə işçinin qanunsuz hərəkətlərə yol verdiyini faktiki etiraf edib".
Vəkil deyib ki, Təhsil Nazirliyi çoxdan S.Abbasova haqqında tədbir görməliydi, amma eləməyib. Cəzasızlıq da yeni qanunsuzluqlara yol açıb: "Məktəbin müdir müavini Məlahət Hüseynova Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmrilə işdən uzaqlaşdırılıb. Onun işə bərpası ilə bağlı məhkəmə iddiasına baxılanda məlum olub ki, ona qarşı şikayət ərizələrini, aktları müəllimlər direktor Sevinc Abbasovanın təzyiqilə imzalayıblar. Müəllimlərin bir neçəsinin vicdanı yol verməyib, məhkəmədə bunu etiraf ediblər. Bu, qüvvəyə minmiş məhkəmə qərarında əksini tapıb. Təhsil Nazirliyi isə yalan məlumatlara görə Sevinc Abbasova haqqında heç bir tədbir görməyib, o da qanunsuzluqlarını davam etdirib".
Vəkil E.Kərimov mülki iddiaya məbləğin Təhsil Nazirliyindən tutulması hissəsinə görə etiraz edib. Bildirib ki, Mülki Məcəllə işçinin işəgötürənin göstərişi və ya nəzarəti altında qanunsuz hərəkətə yol verdiyi hallara görə işəgötürənin ziyanı ödəməsini nəzərdə tutur. İndiki halda isə S.Abbasovanın Elina ilə bağlı davranışlarında Təhsil Nazirliyinin nə göstərişi olub, nə də nəzarəti.
Zərərçəkmişin vəkili Sevinc Əliyeva təqsirləndirilən direktor barəsində ev dustaqlığı qətimkan tədbirinin həbslə əvəz olunması barədə vəsatət qaldırıb. Vəkil deyib ki, S.Abbasova şahidlərə təzyiq göstərib, əllərində bunu təsdiqləyən sübutlar var. Vəkil keçmiş direktorun məktəbin psixoloqu olmuş, hadisədən sonra işdən çıxarılmış və bu iş üzrə şahid qismində dindirilmiş Könül Ağayeva ilə "Whatsapp" proqramında yazışmasını, psixoloqun Toplum TV-yə video-müsahibəsini, direktor müavini vəzifəsindən çıxarılmış.
Məlahət Hüseynova barəsində məhkəmə qərarlarını sübut kimi hakim Azər Tağıyevə təqdim edib: "Psixoloq yenidən məhkəmədə ifadə verib, Sevinc Abbasovanın məhkəmədən əvvəl ona dediklərini açıqlamağa hazırdır. Məhkəmə dindirməsindən əvvəl ona yazıb ki, "döyüşə hazırsan?", "hamımız bəraət alacağıq" və s. Elinanın anasını günahlandırıb. Ev dustağı olduğu halda, jurnalistlə görüşüb, ona Elina ilə bağlı videomateriallar verib. Bütün bunlar Sevinc Abbasovanın həbsdə olması üçün ciddi əsasdır. Çünki o, adamlara təsir göstərmək məsələsində də pərgardır. Məhkəmə qərarları da bunu sübut edir".
Təqsirləndirilən S.Abbasova isə bildirib ki, psixoloqa təsir göstərməsi barədə qarşı tərəfin əlində fakt olsaydı, elə məhkəmədə dindiriləndə deyərdi: "Mən necə təsir göstərmişəm ki, gəlib əleyhimə istintaqdakından da sərt ifadə verdi?"
S.Abbasova barəsində həbs-qətimkan tədbiri seçilməsi haqda vəsatət bu dəfə də təmin olunmayıb. Zərərçəkən tərəf məhkəmədə üçüncü dəfə idi ki, bu barədə vəsatət qaldırırdı.
Zərərçəkmiş tərəfin vəkili Azər Nağıyev Elinanın ölümü ilə bağlı rəy vermiş ekspertlərin də məhkəmədə dindirilməsi barədə də vəsatət qaldırıb. Vəkilin sözlərinə görə, ekspert rəyi ilə məhkəmədə dindirilən həkimlərin söylədikləri arasında kəskin ziddiyyətlər var.
Təqsirləndirilən direktorun vəkili Sadiq Bağırov da vəsatəti müdafiə edib: "Həkimlər deyir ki, o diaqnozla xəstənin sağalması mümkün deyil. Ekspert isə başqa fikirdədir. Ekspert rəyində yazılıb ki, "iki saat tez çatdırılsaydı, xilas etmək mümkün olardı, sağ qalmaq ehtimalı var idi". Həkimlərə sual verdim ki, bu ehtimal nədən ibarət idi? Dedilər ki, bu diaqnozla xəstənin xilası nailiyyəti yoxdur hələ".
Çıxışlar zamanı o da məlum olub ki, Elinanın ölümünə səbəb olduğu iddia edilən diaqnoz ona hadisədən 26, xəstəxanaya gətiriləndən 24 saat sonra qoyulub.
"Semaşko"da dəfələrlə ölüm halları olur, heç kim də məsuliyyətə cəlb edilmir. Diaqnozun 26 saat gec qoyulmasına görə də heç kim məsuliyyətə cəlb olunmayıb. Həkimlərlə bağlı məsələ də ciddi araşdırılmalıdır", - deyə zərərçəkmişin vəkili Azər Nağıyev bildirib.
Məhkəmə isə nə ekspertin dindirilməsi, nə də təkrar ekspertiza barədə vəsatəti təmin edib.
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə oktyabrın 16-na qədər təxirə salınıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.