“Rayon bir gündə 1000-1200 turisti qəbul edə bilər”
Yay mövsümündə hər kəs işdən, gündəlik qayğılardan uzaqlaşaraq bir qədər istirahət etmək istəyir. Çoxları istirahət etmək üçün xarici ölkələri seçsə də, doğma yurdumuzu qarış-qarış gəzənlər də az deyil. Ölkəmizdə turizm bölgələrində qiymətlərinin yüksək olması orta və kasıb təbəqədən olanların işinə yaramır. İndiki qiymətlərlə 1 nəfərin hansısa bir turistik məkanda 10 günlük dincəlməsi üçün ən azı 500-1000 manat lazımdır ki, buna da hər kəsin imkanı çatmır. Bu vəziyyətdə olanlar boşluğu parka, yaxud pulsuz çimərliklərə üz tutmaqla doldurmağa çalışırlar. Təbii ki, bunların heç biri hansısa dağlıq rayonda, sakit bir məkanda istirahətin əvəzini verə bilməz. Yay mövsümünü təbiətin əhatəsində, normal və lüks yerlərdə keçirmək istəyirsinizsə, bunun neçəyə başa gələcəyini bilməlisiniz.
Bizdə turistlərin və yerli əhalinin istirahət üçün daha çox üz tutduğu rayonlardan birində - Şəkidə olub oradakı bir neçə istirahət mərkəzinin və hotellərin xidmətləri, qiymətləri ilə maraqlandıq. İlk baş çəkdiyimiz məkan dağın döşündə yerləşən “Cənnət bağı” istirahət mərkəzi oldu. Sərin, təmiz havası və gözəlliyi ilə insanı özünə cəlb edən bu məkanda qalmaq üçün kotteclər, müxtəlif əyləncələr təklif edilir. Burada kotteclər ailələr üçün nəzərdə tutulub. Kotteclərdə qalmağın bir gecəsi isə 40-80 manatdır.
“Cənnət bağı”nın administratoru Murad Əhmədov kotteclərə şəxsiyyət vəsiqəsi olmayanların buraxılmadığını dedi: “Biz qiymətləri endirmişik. Başqa yerlərdə bir gecə qalmaq 100 manatadır. Bizdə qalmaq qiymətinə yemək daxil deyil. Burada uşaqların dincəlməsi və əylənməsi üçün də şərait var”.
“Cənnət bağı”nda fəaliyyət göstərən kafe və restoranlardakı qiymətə gəlincə, hər kəsin büdcəsinə uyğun qiymətlər olduğunu deyən M. Əhmədov bir nəfərin naharının təxmini 5-20 manata başa gəldiyini bildirdi: “Bizim restoranlarda kababların qiyməti 3 manat 50 qəpik, Şəkiyə xas olan piti 4 manat, şorbalar isə 1 manatadır”.
Digər baş çəkdiyimiz məkan isə “Narınqala” istirahət mərkəzi oldu. Sıx meşəliyin içində yerləşən kotteclər, təmiz hava, bulaq, şəlalə yanında yerləşən çay evləri, gözəl restoranlar insanın zövqünü oxşayır. Burada 2 nəfərlik kottecdə bir günlük qalmaq 70 manat, 3 nəfərlik kottec 90 manat, 4 nəfərlik kottec 110 manat, 6 nəfərlik isə 130 manatdır. Bu pula səhər yeməyi və müxtəlif əyləncələr daxildir. Burada kotteclərin içərisində mətbəx də var. Gələnlər istəsələr özləri də yemək bişirə bilərlər.
“Narınqala”nın icraçı direktoru Mahir Lətifov istirahət üçün onlara üz tutanların rahatlığı naminə əllərindən gələni etdiklərini dedi: “Bizim koteclərimiz genişliyi və rahatlığına görə digərlərindən fərqlənir. Kotteclərin içərisində gələn qonaqlar üçün xüsusi yerlər də var. Kottec üçün ödənilən pula görə səhər yeməyi verilir, həmçinin istirahətə gələnlər meydançada voleybol, həndbol, tennis oynaya bilirlər. Səhər yeməyində isə yağ, bal, qaymaq, pendir, yumurta və kakao verilir. Uşaqlar üçün xüsusi park da var. Bu parkdan istifadə də kottec üçün ödənilən pulun içərisində nəzərdə tutulub. Bizdə restorandakı qiymətlər də münasibdir. Məsələn, kabablar 3 manat 50 qəpik, piti 4 manatdır. Bizim restoranların menyüsündə şorba olmur. Əgər müştəri istəyərsə bişirilir. Havalar sərin keçdiyi üçün hələ ki gələnlər azdır. Bu ay gələnlərin sayının artacağını güman edirik. Şəki camaatına isə qapılarımız daim açıqdır. Gəlib buradan park kimi istifadə edir, yemək yeyir, çay içirlər. Giriş haqqı yoxdur”.
“Narınqala”da çay dəsgahının qiyməti 10-15 manatdır. Çay dəsgahına mürəbbə, Şəki şirniyyatları, limon daxildir. Bunun qiyməti isə 10 manatdır. Könlü samovar çayı istəyənlər üçün isə bu dəsgahın qiyməti 15 manatdır.
“Məkan” istirahət mərkəzində isə qiymətlər xeyli münasibdir. Ərazi baxımından kiçik də olsa, buranı seçənlər heç də az deyil. Ancaq burada daha çox gecələmək məqsədilə qalırlar. “Məkan”da bir gecə qalmağın qiyməti 15 manatdır. Bu qiymətə yemək daxil deyil. “Məkan”da çayın qiyməti 50 qəpikdən başlayıb 10 manatadək artır. Yeməklərin qiymətləri olduqca münasibdir.
Şəkiyə qonaq gələnlərin daha çox üz tutduğu hotellərdən biri də “Şəki-Karvansara” hotelidir. Eyni vaxtda 75 nəfərə qədər qonaq qəbul etmək imkanı olan bu müasir mehmanxana kompleksində 38 nömrə, o cümlədən 8 ədəd iki mərtəbəli lüks nömrə, əyləncə mərkəzi, diskoteka, konfrans zalı, kafe, qış və yay restoranları var. Bundan başqa, turistlərin əksəriyyəti, xüsusən də xarici turistlər dəbdəbəli hotellərdənsə təbiət qoynundakı evlərə üstünlük verirlər. Turistləri cəlb etmək üçün evlərdə hər cür rahatlıq yaradılıb. Rahatlıqla yanaşı, evlərin yerləşdiyi ərazi də qonaqları çox maraqlandırır.
Şəki Turizm İnformasiya Mərkəzinin sədri Nəsib İmaməliyev rayondakı istirahət mərkəzlərindəki qiymətlərin digər regionlarla eyni olduğunu dedi: “Şəkidə turizm qiymətləri demək olar ki, digər rayonlarla eynidir.
”Şəki Karvansara" hotelində isə qiymətlər daha münasibdir. Burada 1 gecə iki nəfərlik otaq 30 manat, 3 nəfərlik otaq 36 manat, 4 nəfərlik otaq 48 manat, lüks otaqlar isə 50 manatdır. Bu qiymətə səhər yeməyi daxil deyil. Digər mehmanxanalarda isə qiymətlər buna nisbətən yüksəkdir. Şəkidə ilboyu turizm olur. Şəki elə bir yerdir ki, bura tranzit bir zonadır və Böyük İpək Yolunun üzərində yerləşir. Araşdırmalara görə Şəkinin turizm tarixi 16-cı əsrə gedib çıxır. Şəkiyə demək olar ki, bütün ölkələrdən turistlər gəlir. Elə turistlər olur ki, onlar qeydiyyata alınmır. Çünki onlar qatar və ya şəxsi maşınları ilə gəlib səhərdən axşama qədər Şəkini gəzib qayıdırlar. Ancaq araşdırmalarımıza görə hər il turist sayı artır. Şəkidə hazırda 15 istirahət mərkəzi var. Bu istirahət mərkəzlərindən biri şəhərdən 25 kilometr uzaqda olan Baş Küncüt kəndində yerləşir. Ora çox möhtəşəm bir yerdir. Bu istirahət mərkəzi dağın döşündə yerləşir. Oradan aşağı baxanda regionları belə görmək mümkündür. Ümumi götürəndə Şəkidə bir gündə evlərlə birlikdə 1000-1200 turisti qəbul etmək və onların gecələməsi üçün yer və şərait var".