ŞİMALİ QAFQAZI SİLKƏLƏYƏN QƏTL – “Respublikanın yarısı onun ölümünü istəyirdi…”
7-11-2019, 09:13
Şimali Qafqaz respublikalarında hansısa yüksək rütbəli güc strukturu zabitinin qətli, demək olar ki, o qədər də qeyri-adi bir hadisə sayılmır. Ən yüksək çinli polis və digər güc strukturları təmsilçilərinin günün günorta vaxtı küçədə, şəxsi avtomobilində, yaxud öz xidməti otağında qətlə yetirilməsinə dair çoxlu faktlar mövcuddur. Hər dəfə mərkəzi hakimiyyət nümayəndələrinin də iştirak etdikləri dəfn mərasimlərində isə mərhumlar şan-şöhrətlə yola salınır, qatillərin tezliklə tapılacağına dair söz verilir və bir müddət sonra hər şey unudulur. Doğrudur, qatillər bir çox hallarda tapılır. Lakin sifarişçilər bir qayda olaraq üzə çıxarılmır… Daxili İşlər naziri təyin ediləcəkdi…
Lakin bir neçə gün əvvəlİnquşetiya Respublikası Daxili İşlər Nazirliyinin “E” Mərkəzi kimi tanınanEkstremizmlə Mübarizə Mərkəzinin rəhbəri İbrahim Elcarkiyevin qətli indiyə qədər baş verən analoji hadisələrdən bir sıra cəhətlərinə görə fərqlənir. Birincisi, ona görə ki, sözügedən qətl düz Moskvanın mərkəzində həyata keçirilib.İkincisi isə Elcarkiyevin rəhbərlik etdiyi qurum təkcə İnquşetiya deyil, bütövlükdə Şimali Qafqazda ən zəhmli, nüfuzlu, eyni zamanda da qalmaqallı güc strukturlarından biridir. Həmçinin, mayor rütbəsi daşımasına baxmayaraq, Elcarkiyevin tezliklə rütbəsinin artırılacağı və İnquşetiyanın Daxili İşlər naziri təyin olunacağı gözlənilirdi. Qısa olaraq xatırladaq ki, 36 yaşlı İ.Elcarkiyev noyabrın 2-də Moskvanın Akademik Anoxin küçəsində qardaşı Abdulhəmid Elcarkiyevin idarə etdiyi avtomobildən düşəndən sonra killer tərtəfindən güllələnərək qətlə yetirilib.Eyni aqibəti onun köməyinə çatmağa çalışan ixtisasca həkim olan 31 yaşlı qardaşı də yaşayıb. Qatilin əvvəlcə Elcarkiyevin qardaşını vurmaq planı olmayıb. Ancaq ona mane olmağa çalışdığı üçün yerindəcə qətlə yetirib. Bu zaman maşında olan 3-cü şəxs – iş adamı Q.Sapraliyev gizlənə bilib. Hadisənin sifarişli qətl olduğu heç kimdə şübhə doğurmur. Maraqlıdır ki, hüquq-mühafizə orqanlarının hadisədən dərhal sonra başlatdığı və müxtəlif təmtəraqlı adlar verdiyi əməliyyatlar heç bir nəticə verməyib. Hadisədə üç nəfərin iştirak etdiyi bildirilir. Və cinayətkarların artıq paytaxtın hüdudlarını tərk etdikləri ehtimal olunur.Onların hadisə yerindən uzaqlaşdıqları avtomiobilin nömrə nişanının saxta olduğu sonradan üzə çıxıb və həmin nömrənin tanınmış bir iş adamının avtomobilinə aid olduğu müəyyən edilib. Lakin bunu aydınlaşdırana qədər xeyli vaxt keçib və qatili isti izlərlə tapmaq mümkün olmayıb. Sufi şeyxinin klanı… Lakin indi cinayətkarların harada olmasından daha çox təkcə Şimali Qafqazı deyil, demək olar bütünlükdə Rusia hüquq-mühafizə orqanlarını silkələyən bu qətlin sifarişçisinin kim olduğu ətrafında müzakirələr aparılır. Və Rusiya mediasında sanki sifarişli şəkildə belə bir fikir formalaşdırılır ki, bu işin sifarişçisi İnquşetiyada ən nüfuzlu klanlardan biri sayılanBatalhacılı təriqətidir. Bu sufi təriqətinin təmsilçiləri əsasən Nazran şəhərinin yaxınlığındakı Ekajevo kəndindəyaşayırlar. Təriqətin kökləri 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə qədər uzanır. Onun banisi isə Sufi şeyxi Batal Hacı Belxaroyev sayılır. Bu klan kifayət qədər böyük maddi imkanlara malikdir. Onun təmsilçiləri hələ Çar Rusiyasının vaxtından öz xəzinələrinə pul, qızıl toplayıblar. Və bu gün də 5 mindən çox təkcə kişi üzvü olan Batalhacılılar təkcə İnquşetiya deyil, bütövlükdə Şimali Qafqazın ən güclü və varlı klanlarından biridir.Onun təmsilçiləri parlamentdə deputat kürsüsündən tutmuş icra orqanları və digər dövlət strukturlarına qədər bir çox qurumlarda təmsil olunmaqdadırlar. Son illərə qədər həmin təriqətin liderlərindən biri də Şeyx Batal Hacı Belxaroyevin nəticəsi İbrahim Belxaroyevidi. O, 2018-ci ilin son günündə güllələnərək qətlə yetirilib. İnquşetiyada çoxları Belxaroyevin qətlinin “E” Mərkəzi və şəxsən Elcarkiyev tərəfindən təşkil olunduğuna əmindir. 2018-ci il dekabrın 31-də qətlə yetirilən Belxaroyev və klanın digər nüfuzlu təmsilçiləri İnquşetiya ilə Çeçenistan arasında yaranan ərazi münaqişəsinə görə etiraz aksiyaları təşkil edən və respublika rəhbərliyinə təzyiq göstərən qüvvələr arasında ən nüfuzlusu sayılırdı. Onu da qeyd edək ki, Batalhacılar təriqəti həmçinin Çeçenistandakı Kadırov klanı ilə də yaxşı münasibətlərə malikdir. Bu iki nəslin çox qədimdən gələn yaxın münasibətləri mövcuddur. Xatırladaq ki, həmin aksiyalardan qısa müddət sonra respublikanın o vaxtkı rəhbəriYunusbek Evkurov istefa verməyə məcbur olmuşdu. Elə bu ərəfədə də İ.Belxaroyev qətlə yetirilmişdi. Maraqlıdır ki, bu qətl hadisəsindən cəmi 12 gün sonra Çeçenistana qeyri-rəsmi səfər edən və bu respublikanın parlament sədrİ, Ramzan Kadırovun sağ əli sayılan “Lord” ləqəbliMaqomed Daudovla görüşdən qayıdan Elcarkiyevin xidməti avtomobili hələ də şəxsiyyətləri müəyyən olunmayan şəxslər tərəfindən gülləbaran edilmişdi. Bir mühafizəçisinin dünyasını dəyişməsinə və avtomobildəki digər şəxslərin isə ağır yaralanmasına baxmayaraq, Elcarkiyev həmin sui-qəsddən sağ-salamat çıxmışdı. Bu hadisədən sonra “E” Mərkəzinin rəisi şəxsi mühafizəsini yüksək səviyyədə gücləndirib və respublika ərazisində yalnız zirehli avtomobildə hərəkət edib.Ehtimal olunur ki, Elcarkiyevin məhz Moskvada öldürülməsi bu qətli İnquşetiyada həyata keçirməyin demək olar ki, mümkünsüz olması ilə əlaqədardır. “E” Mərkəzinin saysız-hesabsız düşmənləri…
İ.Elcarkiyev Bu hadisə xüsusilə Şimali Qafqaz respublikalarındakı güc strukturlarının özbaşınalıqları, buradakı korrupsiya və işgəncələr mövzusunu yenidən gündəmə gətirib. Məsələ ondadır ki, sözügedən “E” Mərkəzinin əvvəlki rəisi bir müddət əvvəl işgəncələr və digər cinayətlər səbəbindən həbs olunaraq, 7.5 il müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ildən onun yerini tutan Elcarkiyevin isə öz sələfindən heç də geri qalmadığı bildirilir. Qeyd olunur ki, bu qurum təkcə ekstremist qüvvələrlə mübarizə ilə məşğul olmayıb. Həmçinin, müxtəlif imkanlı şəxsləri ekstremizm və digər adlar altında istintaqa cəlb edərək, onlara işgəncə verib və külli miqdarda rüşvət alıb.Həmçinin, “E” Mərkəzinin iş adamları arasında, hətta hakimiyətdaxili “razborkalarda”, müxalif düşüncəli şəxslərə qarşı repressiyalarda belə iştirak etdiyi bildirilir. Hətta rəsmi məlumatda deyilir ki, Elcarkiyevin Moskvaya son səfəri də xidməti vəzifəsilə deyil, öz “şəxsi işilə”bağlı olub. Həmin “şəxsi işin” nə ilə əlaqədar olduğunu isə yalnız ehtimal etmək olar… Yuxarıda sadalanan səbəblərdən həmin qurumun və onun rəhbərinin İnquşetiyada və ümumilikdə Şimali Qafqazda kifayət qədər böyük sayda düşmənləri mövcud olub. Təsadüfi deyil ki, Şimali Qafqaz üzrə ekspert kimi tanınan Avram Şmuleviçhəmin qətllə bağlı açıqlamasında “onun ölümünü İnquşetiyanın yarısı, Şimali Qafqazın isə üçdə biri arzulayırdı”deyib. Şmuleviç daha sonra qeyd edib ki, kimlərsə bu hadisəni sadəcə Batalhacılı klanının üzərinə yıxmağa çalışırlar. Çünki istər İnquşetiyada, istərsə də ondan kənarda Elcarkiyevin qətlində və Batalhacılar klanının sıxışdırılmasında maraqlı olan qüvvələr var. Bunlar hətta mərkəzi hakimiyyətdə də mövcuddur. Çünki bu qətl Batalhacılara ciddi zərbə vurmaq, klanı zəiflətmək, siyasi proseslərə təsirini minimuma endirmək və nəhayət, klanı maddi imkanlarından məhrum etməyə şərait yaratmış olur. Hər necə olsa, bu hadisənin görünən tərəfi özbaşınalıqlar, qanunsuzluqlar və işgəncələrlə ad çıxarmış bir qurumun rəhbərinin qisas zəmiminində qətlə yetirilməsi, cəzalandırılmasıdır. Qisas isə Qafqaz xalqlarının az qala ən sevimli “məşğuliyyətidir”. Artıq Batalhacıların kompakt yaşadığı Ekajevo kəndində hətta Elcarkiyevin qətlinin təmtəraqla bayram edildiyinə dair məlumatlar yayılır. Lakin Rusiya mətbuatında artıq bu qətldən ən çox ziyanın məhz həmin kəndin əhalisinin və onların qulluq etdikləri təriqətin görəcəyinə dair fikirlərə rast gəlinir. Bu ehtimalların nə dərəcədə doğrulacağını isə zaman göstərəcək… Yuxarıda adıçəkilən A.Şmuleviç isə öz şərhində bildirir ki, ümumiyyətlə bütün bu tipli hadisələrin, qətllərin əsas səbəbi güc strukturlarının “iliyinə qədər” korrupsiyalaşması və onların hakimiyyətdaxili çəkişmələrdə, nüfuz savaşında və digər qaranlıq əməllərdə istifadə edilməsidir. “AzPolitika.info”