Lavrovun İrəvana dəstəyinə Bakı artilleriya ilə cavab verdi

13-11-2019, 09:49   

Moskvadan təhlükəli gediş – Rusiyanın baş diplomatı Azərbaycanın və ABŞ-ın “bostanı”na daş atdı; Bakıdan cavab gecikmədi və ... yeni silahların da sınaqdan çıxarılacağı ordu təlimlərinə start verildi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 10-11-də Ermənistanda səfərdə olub. Səfər zamanı ikitərəfli əlaqələrin mövcud durumu və perspektivi, regional təhlükəsizlik, habelə Qarabağ mövzusu və Ermənistanda ABŞ maliyyəsi əsasında qurulmuş biolaboratoriyalarla bağlı məsələlərin müzakirə edildiyi bildirilir.

Rusiya baş diplomatı səfərin ikinci günü İrəvanda keçirdiyi mətbuat konfransında Qarabağ münaqişəsinin həllinin çox qəliz olduğunu və Dağlıq Qarabağ “xalqı”nın razılığı olmadan nizamlamanın mümkün olmayacağını bildirib. Səfərdən öncə isə o, erməni KİV-i olan “Mediamax”a müsahibəsində bölgənin yekun statusunun öz müqəddəratını təyinetmə hüququ əsasında gerçəkləşə biləcəyini iddia etmişdi.

Yəni Lavrov faktiki şəkildə erməni işğalına dəstək ifadə etmişdi. Çünki erməni xalqı çoxdan öz müqəddəratını təyin edib - Ermənistan “dövləti” şəklində. Hərçənd, İrəvanda Lavrov konfliktin həll prinsipləri sırasında ərazi bütövlüyünü də qeyd edib və yekun qərarı Bakı və İrəvanın verməli olduğunu deyib.

*****

Rəsmi Bakı isə qərarını çoxdan verib: Qarabağ münaqişə beynəlxalq hüququn təməl prinsipləri, öncəliklə ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə hörmət əsasında nizamlanmalıdır və Azərbaycan torpaqlarında ikinci saxta erməni dövlətinin yaradılmasına və ya ölkəmizin ərazi bütövlüyünün müzakirə predmeti olmasına heç vaxt imkan verilməyəcək. Bu mesajı bir daha, son olaraq, Azərbaycan prezidenti İlham Əliyev Soçidə, elə Sergey Lavrovun özünün və Rusiya prezidenti Vladimir Putinin də qatıldığı “Valday” forumunda açıq mətnlə bəyan edib: “Dağlıq Qarabağ Azərbaycanındır və nida işarəsi!”  

Sergey Lavrov ile ilgili görsel sonucu

Bununla belə, erməni kökənli Rusiya XİN rəhbərinin Qarabağ məsələsində forpost Ermənistana yarınmaq, istəyi, siyasi reveransı açıq-aşkardır. Ola bilsin, bir məqsəd Paşinyan hökumətini geridönməz şəkildə Rusiya orbitində saxlamaq niyyəti ilə bağlıdır. Başqa bir hədəf ötən saylarımızda yazdığımız kimi, Ermənistanda Pentaqonun maliyyəsi əsasında qurulmuş üç biolaboratoriya nəzarətlə bağlı ola bilərdi.

Yeri gəlmişkən, “Yeni Müsavat” erməni mənbələrinə istinadən xəbər verir ki, İrəvandakı mətbuat konfransında bu barədə danışan Sergey Lavrov deyib: “Laboratoriyarla bağlı memorandum üzərində iş tamamlanıb. Hazırda sənəd layihəsi ilə əlaqədar hər iki ölkədə müvafiq idarələr arası razılaşmalar gedir. Ümid edirik ki, yaxın zamanlarda sənədin imzalanması baş tutacaq. Bu da təhlükəsizlik sferasında bizim qarşılıqlı əməkdaşlığımıza mühüm töhfə olacaq”.

Sitatdan göründüyü kimi, ABŞ-ın Ermənistanda biolaboratoriya qurmasını Moskva çox ağrılı qəbul edib və onu ilk növbədə təhlükəsizlik sferasına aid məsələ sayır ki, bu da əslində Vaşinqtonun “bostanına” daş atmaq kimi bir şeydir...

*****

Artıq Azərbaycan XİN-i Rusiya baş diplomatının İrəvan açıqlamasına reaksiya verib və Lavrovun Qarabağla bağlı “arqumentləri”nin yalanını çıxarıb.     

Azərbaycan XİN-in sabiq rəhbəri Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

Azərbaycan XİN-in sabiq rəhbəri Tofiq Zülfüqarov isə hesab edir ki, Lavrovun Ermənistana səfərində əsas məqsəd Qarabağ münaqişəsində danışıqlar formatını dəyişməkdir. Bunu o, Axar.az-a açıqlamasında deyib. O, Rusiyanın Dalıq Qarabağı müstəqil tərəf kimi göstərməyə çalışdığını söyləyib.

“Belə görünür ki, Lavrovun İrəvana səfərinin əsas məqsədi danışıqlar prosesində 1998-ci ilə qədər olan formatı bərpa etməkdir. O vaxtlar format belə idi ki, Dağlıq Qarabağı münaqişədə müstəqil tərəf kimi qələmə verməyə çalışırdılar. Bəzi məqamlarda Rusiya siyasəti buna nail olurdu. Amma 1998-ci ildə Moskvada Ermənistan prezidenti Robert Köçəryan və Azərbaycan prezidenti Heydər Əliyev qərara gəldi ki, danışıqlar iki dövlət başçısı arasında aparılsın. Bu, çox vacib bir məsələdir. Paşinyanın ikili bəyanatları ona gətirib çıxarıb ki, artıq o, birmənalı olaraq işğal olunmuş ərazilərin Ermənistanın tərkib hissəsi olduğunu söyləyir. Lavrov isə deyir ki, Qarabağ müstəqil tərəfdir”.

Politoloqa görə, Lavrovun istəyi odur ki, Ermənistanın mövqeyini gücləndirmək üçün üçtərəfli danışıqlar formatını bərpa eləsin: “Lavrov üçtərəfli danışıqlar formatını bərpa etməklə Azərbaycanı torpaqlarımızın qaytarılacağına inandırmağa çalışır. Prezident İlham Əliyev Soçidəki ”Valday" forumunda çıxışı zamanı qeyd eləmişdi ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil. Azərbaycan və erməni əhalisindən ibarət olan bərabər hüquqlara malik Dağlıq Qarabağ əhalisi var. Prezident həmçinin ona işarə eləmişdi ki, biz Dağlıq Qarabağı danışıqlar tərəfi kimi tanımaq niyyətində deyilik. Lavrov ermənipərəst mövqeyindən irəli gələn bəyanatlar verir, danışıqların formatını dəyişməklə hansısa irəliləyişin mümkün olacağını göstərməyə çalışır. Guya Ermənistan bunun əsasında torpaqları qaytarmağa razılaşacaq. Amma təbii ki, bu, həqiqətdən uzaq bir məsələdir. Çünki format dəyişsə belə, ermənilər yenə də torpaqları qaytarmamaq üçün bəhanə tapacaqlar".

*****

Diqqətçəkicidir ki, Lavrovun açıqlamasından cəmi bir gün sonra Azərbaycanda ordu miqyasında əməliyyat təlimləri başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, 3 mərhələdə keçirilən təlimdə əsas məqsəd şərti düşmənin təxribatlarının qarşısını almaqla hücum əməliyyatlarının aparılması zamanı qərargahların və qoşunların idarəetmə orqanlarının hazırlığının, eləcə də ümumqoşun birlikləri, HHQ, HDQ, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr arasında qarşılıqlı fəaliyyəti təkmilləşdirməkdir.

Təlimlər zamanı Azərbaycan ordusunun sərəncamında olan və mürəkkəb relyeflər və müxtəlif hava şəraitləri üçün nəzərdə tutulan yeni silahların və hərbi texnika növlərinin sınaqdan çıxarılacağı gözlənilir. Əməliyyat təlimində qoşunların, dayanıqlı, fasiləsiz, operativ və gizli idarə edilməsi, qərargahların səhra idarəetmə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi, habelə videokonfranslar və fiberoptik kommunikasiya xətləri vasitəsi ilə sərəncam və əmrlərin taktiki və əməliyyat səviyyəsində sürətli ötürülməsi və şəraitə uyğun olaraq qərarların qəbul edilməsi üzrə vərdişlər məşq etdirilir.

*****

Sergey Lavrovun ermənipərəst açıqlamasına ən sanballı cavab da əslində budur: hərbi təlimlər, işğalçı istiqamətə  atılan artilleriya atəşləri, qızıl fürsət yetişənədək düşməni daim gərginlikdə saxlamaq, onu vaxtaşırı canlı itkilərə məruz qoymaqla müharibənin bitmədiyini ona əyani xatırlatmaq. 

Bu, həm də onun mesajıdır ki, enində-sonunda Dağlıq Qarabağ problemi Lavrov deyən kimi yox, biz deyən kimi çözüləcək. Ya ixtilaf xoşluqla yoluna qoyulacaq (BMT-nin, digər mötəbər beynəlxalq təşkilatların Qarabağa dair qərar və qətnamələrini hələ heç kim ləğv etməyib), ya da bunu Azərbaycan əsgəri edəcək. Nida işarəsi!   

“Yeni Müsavat”ın analitik xidməti 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.