Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun xaricdəki biznesində problem yaranıb.
AzToday.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli sosial şəbəkədə məlumat paylaşıb.
Jurnalistin statusunu olduğu kimi təqdim edirik:
“Kəmaləddin Heydərovun başı dərddədir. Fövqəladə hallar nazirinin biznesində ciddi axsamalar yaranıb, o, Bosniyadakı 30 milyon avroluq şirə zavodunu heç cür başa gətirə bilmir. 2014-cü ildə təməli atılan və 2017-ci ildə istifadəyə verilməli olan zavodun tikintisi nəzərdə tutulan tarixdən daha iki il keçməsinə baxmayaraq, hələ də yekunlaşmayıb.
Heydərova məxsus “Benkons” şirkəti Bosniya hökumətindən və Doboj şəhər bələdiyyəsindən ən azı 300 nəfəri işlə təmin edəcək “BOSNİYA JALƏSİ” üçün daha 2 il vaxt istəyib. Heydərovun layihəsinin gecikməsi Bosniya hökumətində də narahatlıqlar doğurub və izahat tələb olunub. Heydərovun şirkəti yubanmanın səbəbini “AZƏRBAYCAN İQTİSADİYYATINDAKI GERİLƏMƏLƏR VƏ NEFTİN QİYMƏTİNİN DÜŞMƏSİ” ilə əlaqələndirib.
Bunu Doboj bələdiyyə məclisinin rəhbəri Vojislav Raja da Bosniya mətbuatına açıqlamasında təsdiq edib. Hətta əlavə edib ki, şirkət texnika və maşınların idxalına görə ƏDV ödənilməsinin də iki il təxirə salınması üçün Bosniya hökumətinə müraciət edib, lakin rədd cavabı alıb.