Qrant Baqratyan: “Rusiyanın Baş naziri olmasaydı, Qarabağ ermənilərdə olmazdı” Ermənistanın 1990-cı illərdə Baş naziri olmuş Qrant Baqratyan Qarabağ müharibəsi haqqında açıqlama verib. O, Dağlıq Qarabağı Rusiyanın dəstəyi ilə işğal etdiklərini söyləyib. Bildirib ki, Rusiyanın Baş naziri Yeqor Qaydar olmasaydı, Qarabağ indi ermənilərin əlində olmazdı. Qrant Baqratyan bunları Ermənistan televiziyasının “Profile” proqramına müsahibəsində danışıb. “Yeqor Qaydarın adını Yerevan və Xankəndində küçələrə vermək lazımdır” O, Yeqor Qaydarın adını Yerevanda və ya Xankəndində küçələrdən birinə verməyi təklif edib.Qrant BaqratyanSonra müharibə barədə xatirələrini bölüşüb. Deyib ki, 1992-ci ildə Qarabağda şiddətli müharibə gedirdi. Yenicə formalaşan Azərbaycan ordusu Dağlıq Qarabağın inzibati ərazisinin yarıdan çoxunu azad etmişdi. Onlar Xankəndinin bir neçə kilometrliyinə qədər irəliləmişdi: “1992-ci ilin yayında biz məğlub olurduq. Çıxış yolu yox idi. Düşmən Qandzasara (Ağdərə rayonunun Vəng kəndi) daxil olmuşdu. Hər şey dağılmışdı. Mən hələ Baş nazir deyildim. Deyəsən, artıq qərar verilmişdi. Azərbaycan ordusu Xankəndinə girəcəkdi, sonra oturub danışacaqdıq”. Qrant Baqratyan bundan artığını danışmaq istəməyib. Təkcə, onu deyib ki, Qaydarın adını Yeravanda ən yaxşı küçələrindən birinə vermək lazımdır. Eynilə də, Xankəndində.Sülhəddin Əkbər
“Qrant Baqratyan düz deyir” Sülhəddin Əkbər həmin dövrdə Azərbaycanın Milli Təhlükəsizlik nazirinin birinci müavini olub. O, Meydan TV-yə Qrant Baqratyanın dediklərinin fakt olduğunu söyləyib: “O vaxt Azərbaycan ordusu Xankəndinə yaxınlaşmışdı, Laçın dəhlizi nəzarətə götürülmüşdü. Elə ondan sonra Azərbaycana qarşı təxribatlar başladı“. “Ermənistan işin öhdəsindən gələ bilmirdi” Sülhəddin Əkbər əlavə edib ki, Dağlıq Qarabağ müharibəsini Azərbaycana qarşı Rusiya aparır. Burada Ermənistan yalnız onun vəkili kimi çıxış edir: “Cəbhədə vəziyyət dəyişəndə Ermənistan işin öhdəsindən gələ bilmirdi. Rusiya məcbur qalıb, ön plana çıxırdı. Elə Kəlbəcərin işğalında da Rusiya birbaşa iştirak edib”. “Ermənilər yalvarırdı ki, bizə dəhliz verin, Ermənistana çıxırıq” Azərbaycanın keçmiş Müdafiə naziri Rəhim Qazıyev isə deyir ki, 1992-ci ilin oktyabrında Azərbaycan ordusu genişmiqyaslı hücuma keçmişdi. Qısa müddətdə müharibə başa çatmalıydı: “Separatçı ermənilər yalvarırdı ki, bizə dəhliz verin, Ermənistana çıxırıq. Ancaq Heydər Əliyev Ermənistan Prezidenti Levon Ter-Petrosyanla danışdı. Onun prezident Əbülfəz Elçibəy komandasına yeritdiyi xəyanətkarları nəticəsində, biz uduzduq”. “Niyə Belyanın gətirdiyi müraciət parlamentdə müzakirəyə çıxarılmadı?” Rəhim Qazıyev deyir ki, həmin dövrdə Ermənistan parlamentinin deputatı Aşot Belyan Bakıya 55 erməni deputatın imzasıyla müraciət gətiribmiş. Müraciətdə məsələnin müzakirəsi təklif edilirmiş: “Aşot Milli Məclisin spikeri İsa Qəmbərlə görüşmüşdü. Sual yaranır, niyə Belyanın gətirdiyi müraciət parlamentdə müzakirəyə çıxarılmadı? Bu, o zaman idi ki, Laçın dəhlizi 1 kilometrə qədər daralmışdı. Xankəndinin yaxınlığındaydıq. Kəlbəcər tərəfdən 52, Qubadlıdan isə 14 yaşayış məntəqəsi işğalçılardan təmizlənmişdi. Ermənistanın vəziyyətini təsəvvür edin də“.“Milli İstiqlal Partiyasının danışıqlara gedilməsinə etirazı prosesi dayandırdı” Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl həmin dövrdə səlahiyyət sahibi olmayıb. Ancaq hadisələri yaxşı xatırlayır. Deyir, Azərbaycan ordusu Laçın dəhlizinə yaxın məsafədə idi. Ermənilər bu zaman bütün güclərini yolun bağlanmamasına qoymuşdu: “Kəlbəcər də Azərbaycanda idi. Bildiyimə görə Ermənistandan və Moskvadan təklif gəlib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti bərpa olunsun. Rusiya həm də ermənilərin gedib-gələ bilmələri üçün dəhlizin qalmasını da istəyib. Məsələ prezident Əbülfəz Elçibəyə çatdırılıb. Ancaq müxalifətdə olan Milli İstiqlal Partiyasının danışıqlara gedilməsinə kəskin etirazı prosesi dayandırıb”. İlham İsmayıl deyir ki, Azərbaycan razılaşmayandan sonra Rusiya işə müdaxilə edib. Nəticədə, yayın sonunda Azərbaycan ordusunda geriləmələr başlayıb: “Bundan əlavə, Heydər Əliyev Levon Ter-Petrosyanla 1992-ci ilin avqustunda yox, Kəlbəcərin işğalından 1 neçə ay əvvəl görüşmüşdü. Əslində bu razılaşma separat idi. Milli Məclisdə məsələ qaldırıldı ki, Heydər Əliyev gəlib hesabat versin. Niyə separat razılaşmaya gedib? Çünki Ermənistan Naxçıvan sərhədində qoşunlarını geri çəkib, Rusiyanın dəstəyilə Kəlbəcəri işğal etmişdi”. Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib ki, Rusiyanın 1992-ci ilin sonuna doğru Ermənistana dəstəyinin daha da artırması gerçəklikdir. Bu baxımdan Ermənistan Baş nazirinin açıqlaması etiraf kimi dəyərləndirilə bilər: “Lakin indiyə qədər bu məsələdə Qaydarın iştirakı barədə hər hansı məlumatım olmayıb. Bəlkə də Qrant Baqramyan bu məsələdə Rusiya ordusunun, müdafiə naziri Pavel Qraçov və digərlərinin qanunsuz müdaxiləsini pərdələmək üçün belə danışır. Əlavə bilgi verilsə, daha konkret bir fikir söyləmək mümkün olar”. O, Azərbaycan ordusunun hücumunun dayandırmasında müxtəlif səbəblərin olduğunu söyləyib: “Amma əsas amil Rusiyanın müdaxiləsi idi. "5-ci kolon"un xəyanətləri də Rusiya faktorunun digər bir təzahürü idi”.İsa Qəmbərİsa Qəmbər Rəhim Qazıyevin 55 erməni deputatın müraciəti barədə dediklərinə belə reaksiya verdi: “Bu məsələ ölkə rəhbərliyində müzakirə edildikdən sonra Azərbaycana gələn erməni deputata başa salmağa çalışdıq ki, ayrı-ayrı deputatların müraciəti yetərli deyil. Yalnız Ermənistanın rəsmi mövqeyi müzakirə mövzusu ola bilər. Bunun üçün də Ermənistanın ya prezidentinin, ya da parlamentinin müraciəti olmalıdır”. XATIRLATMA Dağlıq Qarabağ münaqişəsi müasir mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in (ATƏM) Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədr dövlətləridir.Mənbə: Meydan TV