"Zakir Həsənov Azərbaycan xalqına deyil, yalnız öz qohum-əqrabasına xidmət edir" - POLKOVNİKDƏN PREZİDENTƏ SENSASİON MƏKTUB

21-11-2019, 08:38   
Загрузка...
Hərbi polisin sabiq rəisi polkovnik Rövşən Məhərrəmov prezident İlham Əliyevə şikayət məktubu yazıb. Müdafiə naziri Zakir Həsənovdan narazılığının ifadə olunduğu məktubunun bir surətini də Criminal.az-ın redaksiyasına təqdim edən Rövşən Məhərrəmov Zakir Həsənov haqqında sensasion korrupsiya ittihamları irəli sürüb. Sabiq rəisin şikayətini olduğu kimi təqdim edirik.
İcazə verin, ilk növbədə, Sizin rəhbərliyiniz altında Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara, əhalinin sosial müdafiəsi istiqamətində görülən işlərə görə Sizə dərin minnətdarlığımı bildirim. Mən, eləcə də bütün ehtiyatda olan zabitlərimiz əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Sizin tərəfinizdən uğurla davam etdirən siyasəti hər zaman dəstəkləmişik. Ulu öndərimizin ordu quruculuğuna, hərbçilərə, həmçinin ehtiyatda olan zabitlərə və onların ailələrinə daim yüksək diqqət və qayğı göstərməsi danılmazdır. Dövlətimiz daima ehtiyatda olan zabitlərin problemləri ilə maraqlanır, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq addımlar atır. Amma təəssüf ki, bəzi məmurların öz vəzifə səlahiyyətlərindən istifadə edərək onlara qarşı qərəzli mövqe tutması ehtiyatda olan zabitlərimizi dövlətdən incik salıb. Həmin məqamların bir neçəsini Sizin diqqətinizə çatdırmaq istəyirəm.
Möhtərəm cənab Ali Baş Komandan!
Avqust ayında mən Sizə müraciət etsəm də, əfsuslar olsun ki, müdafiə naziri Zakir Həsənov problemi həll etmək əvəzinə, mənə qarşı daha sərt mövqe tutdu. Mənim bu məsələni ictimailləşdirmək fikrim olmasa da, məcbur qalıb Sizə mətbuat vasitəsilə müraciət edirəm. Zakir Həsənovun qanunsuz əməllərini sadalamaqla bitirmək olmaz. 

Rövşən Məhərrəmov 
Qeyd edim ki, Hərbi Hava Qüvvələrində xidmət edən vaxt səhhətimdəki problemlərlə əlaqədar xəstəxanada müalicə olunurdum. Hərbi Hava Qüvvələrinin rəhbərliyi ötənilki ustalıq dərəcəmi təsdiq etmək üçün Müdafə Nazirliyinə göndərmişdi. Ancaq mənə məlum olmayan səbəbdən məharət dərəcəmi təsdiq etməmişdilər. Onun əvəzində mənə birinci dərəcə vermişdilər. Bu isə mənim üçün maliyyə itkisi deməkdir. Məsələnin araşdırılması üçün iş Müdafiə Nazirliyinin rəhbərliyinə göndərilib. Təbii ki, onlar da mənim işimə baxmayıblar. Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırıldım. Orada mənə məktub yazıb verdilər ki, sizin məsələ Müdafiə Nazirliyində həll olunmaqdadır. Məsələ ondadır ki, Müdafiə Nazirliyi mənim ustalıq dərəcəm ilə bağlı məsələmi həll etmir.
Müdafiə Nazirliyinin rəhbərliyinə dəfələrlə müraciət etmişəm, mənə on beş gün müddətində rəsmi cavab verilməli olduğu halda, hələ də cavab ala bilmirəm. Cavab verə bilməyəcəklər, çünki qanunsuz iş görüblər. Necə ola bilər ki, 1995-ci ildə ordu sıralarından tərxis olunmuş bir generala 2014-cü ilin avqust ayında Azərbaycan Respublikası Müdafə Nazirliyinin maliyyə və büdcə idarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna yeni məlumat göndərilir? Həmin məlumat vərəqəsində o general ehtiyata buraxılana qədər guya Usta məharət dərəcəsinə vəzifə maaşının 35% miqdarında, təmsilçiliyə görə 25 faiz, məxfiliyi qorumağa görə isə 20 faiz miqdarında əlavələr olunması göstərilmişdi. Məlumat vərəqəsi göndərildikdən sonra həmin şəxsin pensiyasına 1200 manatdan çox əlavə olub.
Bütün bunlar Müdafiə Nazirliyi rəhbərliyinin qanunsuz göstərişləri əsasında baş tutub. Belə ki, hərbi qulluqçuların pensiyası onların ehtiyata buraxılarkən aylıq pul təminatları əsas göstərilməklə, müəyyən olunur. Bu qayda 1995-ci ildə olub. Vəzifə maaşı, rütbə maaşı, məharət dərəcəsinə görə əlavə, xidmət illərinə görə əlavə, məxfiliyin qorunmasına görə əlavə olunan məbləğlər tərxis olunan zaman göstərilir. Yəni bu qaydanın əvvəlki illərə şamil olunması qeyri-qanunidir. Ancaq 2014-cü ilin avqust ayında Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş yeni məlumat vərəqəsində göstərilmiş əlavələri – Usta məharət dərəcəsinə görə, təmsilçiliyə görə və məxfiliyin qorunmasına görə əlavələri almamışdır. Ala da bilməzdi. Çünki məhərat dərəcəsinə görə əlavənin verilməsini nəzərdə tutan Əsasnamə yalnız 2001-ci ildən tətbiq olunmağa başlamışdı. Həmin generalın ehtiyata buraxılmasından düz 6 il sonra bu qərar qüvvəyə minib.
Müdafiə Nazirliyinin bu qanunsuz əməli nəticəsində dövlət büdcəsinə külli miqdarda ziyan dəyib. Məsələ ondadır ki, qərardan 6 il əvvəlki müddətin də pulu həmin generala ödənilib. O general 1995-ci ildən 2014-cü ilə qədər hesablatdığı vəsaiti məhkəmə yolu ilə alıb və indi də almaqda davam edir. Bu isə təxmini hesablamalara görə, 100 min manatdan çox vəsait deməkdir. Saxtalaşdırılmış məlumat vərəqəsini Dövlət Sosial Müdafiə Fonduna maliyyə və büdcə idarəsi ancaq Müdafiə Nazirliyi rəhbərliyinin göstərişindən sonra göndərə bilərdi. Sizin dəfələrlə məmurlara vətəndaşları incitməmək, vəzifələrindən sui-istifadə etməmək kimi xəbərdarlıqlarınıza baxmayaraq, təəssüf ki, bəziləri hələ də tutduqları vəzifədən sui-istifadə etməyə davam edirlər. 

Zakir Həsənov 
Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Azərbaycan xalqına deyil, yalnız öz qohum-əqrabasına, qonum-qonşusuna xidmət edir. Zakir Həsənov nazir təyin olunanda 2013-cü ildə onun bacanağı Elxan İbrahimova Hərbi Həkim Komissiyasının sədri vəzifəsi həvalə olunub. 2014-cü ildə – 6 aydan sonra ona vaxtından əvvəl polkovnik rütbəsi verildi. 2015-ci ildə isə əməkdar həkim adına layiq görüldü.
Düzdür, fəxri ad vermək birbaşa dövlət başçısının səlahiyyətində olan məsələdir. Ancaq həmin şəxslə bağlı təqdimatı Sizə aidiyyatı qurumlar və aidiyatı şəxslər təqdim edir. Mənə çox maraqlıdır Azərbaycan səhiyyəsinin inkişafında böyük xidmətləri olan professorlarımız ola-ola nə üçün Sizə məhz bu insanın təqdimatı təqdim edilib?
Elxan İbrahimovun xidməti avtomobili bu gün qanunsuz şəkildə əməliyyat nömrəsi ilə idarə olunur. Artıq elə bir vəziyyət yaranıb ki, Elxan İbrahimov iş yerinə gəldikdə onu nazir kimi qarşılayırlar. 2002-ci ildən Daxili Qoşunlara xidmətə çağırılmış və bu gün Müdafiə Nazirliyində qulluq edən Elxan İbrahimov 20 il qüsursuz xidməti olmadığı halda ona və qardaşına "Şüşəli bazar”ın arxasında təmir edilmiş evdə mənzil verilir. İldırım sürətilə polkovnik rütbəsi almış qardaşı hazırda heç bir diplomatik təcrübəsi olmadığı halda Azərbaycanın Gürcüstandakı səfirliyində ateşe vəzifəsində çalışır.
Zakir Həsənov da, bacanağı da Badamdarda villa tikdirir. Maraqlıdır hansı pulla? İllərini Orduda xidmətə həsr etmiş, lakin bu günə kimi kirayələrdə, dost-tanış evində yaşayan ehtiyatda olan zabitlərimizə dövlətimiz tərəfindən ayrılmış mənzillər verilmir. Zakir Həsənov "Şüşəli bazar”ın arxasındakı ərazidə köhnə kazarmanı 30 mənzilli yaşayış binasına çevirərək (hər mənzilin sahəsi 180-250 kv.m), öz yaxınlarına paylayıb. Zakir Həsənov həmin binada təkcə özünə 6 otaq, bacanağına 4 otaq, bacanağının qardaşına 5 otaq ayırıb.
Deyirlər ki, "Şüşəli bazar”ın arxasındakı ərazini guya Prezident İlham Əliyev onlara verib. Prezident İlham Əliyev deməyib ki, gedin adama hektar yarım yer zəbt edin… Hansı ki, oranın bazar qiyməti 350-400 min manatdır. O 3 hektar yer satılsa idi, yüzlərlə zabiti evlə təmin etmək olardı. Necə ola bilər ki, həmin ərazidəki 3 mərtəbəli köhnə kazarma "qəzalı vəziyyətdədir” deyərək, özəlləşdirlib, daha sonra isə dövlət hesabına əsaslı təmir edilərək, özlərinə yaxın zabitlərə verilib? Evsiz-eşiksiz zabitlər qalıblar kənarda, ancaq özlərinin qohumlarına, tanışlarına ev paylayırlar. Zabitlərə dövlət tərəfindən verilən mənzillər, bir qayda olaraq, şəhərin mərkəzindən kənarda yerləşir, lakin Zakir Həsənovun yaxın ətrafı nədənsə həmişə düz mərkəzdən ev alır. Bununla bağlı Zakir Həsənov hər dəfə öz imzası ilə Maliyyə Nazirliyinə məktubla müraciət edir. Bütün bunlar ayrı-seçkilik deyilsə, nədir?
Zakir Həsənovun 2013-cü ildən bu günə kimi həyata keçirdiyi kadr siyasəti araşdırılsa, o zaman bütün rəhbər vəzifələrdə qohumlarının, yaxınlarının xidmət etdiyi sübuta yetiriləcək. Onun Əmlak Komitəsinə son illərdə göndərdiyi məktublar qaldırılsa, rəhbərlik etdiyi qurumda hansı özbaşınalıqların baş verdiyini hər kəs görər. Yoxlanılsın görək, dövlətin ayırdığı mənzilləri alanlardan neçə nəfərin Orduda xidmətləri olub? Halbuki 1992-ci ildən ev növbəsinə durmuş təcrübəli zabitlərimiz var. Zakir Həsənov düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etmək, ordu quruculuğu ilə məşğul olmaq, uğurlu kadr siyasəti həyata keçirmək əvəzinə, Bakının mərkəzindəki torpaqları ələ keçirib özü üçün villalar tikir.
Səfər Əbiyev tərəfindən inşa edilmiş nazir müavinləri üçün nəzərdə tutulmuş hərbi şəhərcikdə isə nazir müavinləri ilə yanaşı, 6 ay müddətində Hərbi Həkim Komissiyasının sədri Elxan İbrahimov yaşamışdır. Vaxtilə əsgərin 100 kq ətini öz xidməti maşınında çıxardıb kolbasa sexinə satan yerdə saxlanılmış, Səfər Əbiyevin vaxtında rütbəsi alınmış, vəzifədən çıxarılmış, bu gün isə rütbəsi bərpa olunaraq daha da yüksək ali rütbəyə layiq görülmüş zabit mənzil və torpaq sahəsi ilə təmin olunur.
Digər bir zabit Sərhəd Qoşunları Xidmətindən qovulmuş, sonra da Daxili Qoşunlardan daxili işlər naziri Ramil Usubov tərəfindən qovulmuş, əməliyyat zamanı "Meşə qardaşları”na öz silahını təhvil vermiş şəxsdir. Bu faktı Sizə sədaqəti ilə tanınan Ramil Usubov və Elçin Quliyev təsdiqləyə bilərlər. Zakir Həsənov vəzifəyə gəldikdən sonra isə həmin şəxs yenidən Orduya çağırılıb və hazırda ali hərbi rütbə daşıyır. Öz silahını "Meşə qardaşları”na təhvil verən insan hazırda bizim gənc nəsli necə tərbiyə edə bilər?
Bu gün həmin şəxsə şəhərin mərkəzində ev verilir, torpaq ayrılır. Zakir Həsənovun qohumlarının siyahısı bununla bitmir. Onun xalasıoğlu vaxtilə Səfər Əbiyevin dövründə tabor komandiri olan zaman dələduzluq üstündə məhkum olunmuş və ordudan təxris olunmuş kapitan Elçin Əliyev 2013-cü ildə Zakir Həsənov nazir təyin olunan kimi orduya çağırıldı, Şəmkir Hərbi Polisinə rəis təyin olundu və hal-hazırda polkovnik-leytenant hərbi rütbəsi daşıyır. Bu gün isə o, Gəncənin Hərbi Polisinin rəisi təyin edilib. Axı məhkumluğu olmuş şəxsin hərbi polis sistemində nə işi var? Özü də rəhbər vəzifədə…
Zakir Həsənov kapitan rütbəsi daşıyan şəxsi mühafizəçisinə vaxtından əvvəl mayor rütbəsi verərək Silahlı Qüvvələrin Hərbi Polisinin rəisi təyin edir. Halbuki həmin xidmət sahəsində yetərincə təcrübəsi olan polkovnik zabitlər var. Bu, birbaşa onlara təhqirdir. Yəni onların heç biri bu vəzifəyə yaramadı? Zakir Həsənovla bağlı faktlar yuxarıda göstərdiklərimlə bitmir.
Xatırladım ki, Prezidentin Fərmanı ilə Hərbi Ovçuluq Təsərrüfatı yaradıldı və Baş Mühafizə İdarəsinin tərkibinə verildi. Müdafiə Nazirliyi Giləzidəki gölləri nəinki Ovçuluq Təsərrüfatına təhvil vermədi, hətta orada dövlət hesabına əlavə göllər salındı və ora nəzarət qeyri-rəsmi şəkildə onun qardaşı Eldar Həsənova tapşırıldı. Hörmətli cənab Prezident! Zakir Həsənovun mühafizəçiləri bu gün bəlkə də Sizin mühafizəçilərinizdən dəfələrlə çox əmək haqqı alırlar. Çünki Müdafiə Nazirliyində mühafizəçi ştatı olduğu halda öz təhlükəsizliyini Zakir Həsənov xüsusi təyinatlı hərbi hissənin mühafizəçilərinə etibar edir. Bu günə kimi həyatımda çox ədalətsizliklər görmüş, çox haqsızlıqlarla üzləşmişəm. İndi barəsində bəhs edəcəyim fakt isə sözün əsl mənasında insanı hiddətə gətirir.
"Qurd qapısı” adlanan ərazidə əvvəllər HDQ-nə məxsus anbar var idi. Sonradan onu ləğv edib yerində şəhidlər üçün xiyaban saldılar. Sağ olsunlar! Bu, olduqca təqdirəlayiq haldır. Amma məsələ burasındadır ki, həmin xiyaban cəmi 500 şəhid məzarı üçün nəzərdə tutulub. Əraziyə aid 200 məzarlıq yer isə bəzi məmurlar tərəfindən hasara alınıb. Qeyd etmək istəyirəm ki, həmin ərazi dövlət hesabına abadlaşdırılmışdır. Vətən uğrunda canından keçmiş şəhidlərimiz üçün nəzərdə tutulmuş həmin xiyabanda müdafiə nazirimiz hazırda ağac və gül əkir. Bu yer şəhidlərimiz üçün nəzərdə tutulmuşdur. Bu, heç bir hüquqi və mənəvi-əxlaqi normalara sığmır. Bu cür hərəkət şəhidlərimizin ruhuna toxunmaq deməkdir.
Məlum olduğu kimi, bu yaxınlarda Ordumuzun 100 illiyi bütün ölkədə təntənəli şəkildə qeyd olundu. Sizin Sərəncamınıza əsasən, bu tarixi əlamətdar hadisə ilə bağlı medal təsis olundu. Amma nədənsə həmin medala Ordumuzda can qoymuş təcrübəli zabitlər yox, müdafiə nazirinin yaxın ətrafı layiq görüldü. Orduda qüsursuz xidmət etmiş hərbçilərimizə medal verilmədi. Axı biz də bu Orduda can qoymuşuq. Ordu 3-4 ilə qurulmur. Buna uzun zaman lazımdır. Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu Sizin rəhbərliyiniz altında bu günə kimi davam edir. Ordunun qurulmasında bizim də əməyimiz olub. O vaxt İkinci Dünya Müharibəsi bitəndən sonra ehtiyata buraxılmış bütün əsgərlər, hərbçilər hər il əlamətdar günlərdə yubiley orden və medalları ilə təltif olunurdular. Bu, Azərbaycanda da belə olmalıdır.
Məsələn, bir neçə aydan sonra Rusiyada qeyd olunacaq 9 May qələbə Günü münasibətilə bütün sadə vətəndaşlara medal təqdim olunacaq. Təbii ki, bu, insanlarda ruh yüksəkliyi yaradır. Əslində bu cür medallar ilk növbədə ordunun qurulmasında əməyi olan ehtiyatda olan təcrübəli hərbçilərə verilməlidir. Yüzlərlə hərbçi Ordunun 100 illiyi ilə bağlı heç bir tədbirlərə dəvət almadıqları, medala layiq görülmədikləri üçün məyus olublar. Vəziyyət o həddə çatıb ki, ehtiyatda olan zabitləri son mənzilə də layiqli şəkildə yola salmırlar. Bildiyiniz kimi, nizamnaməyə əsasən hərbçinin cənazəsi üçün fəxri qarovul və dəfn zamanı əsgərlərin müşayəti mütləq şərtlərdən hesab olunur. Amma nədənsə müdafiə naziri Səfər Əbiyevin dövründə işləmiş ehtiyatda olan zabitlər rəhmətə gedəndə fəxri qarovulun ayrılması nizamnaməyə uyğun yerinə yetirilmir.
Uzun illər Orduda xidmət etmiş həmin hərbçilərimiz sıradan bir vətəndaş kimi dəfn olunurlar. Hərbçilərin və əsgərlərin dəfn mərasimini təşkil etmək Müdafiə Nazirliyinin Hərbi Polisinin birbaşa vəzifəsidir. Amma onlar üzərlərinə düşən vəzifəni yerinə yetirmək istəmirlər. Bütün bu faktları nəzərə alıb əminliklə demək olar ki, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Ordumuzda bərabərlik hüququ pozulur. Mən qürur hissi ilə qeyd etmək istərdim ki, bu gün Dövlət Sərhəd Xidmətinin döyüş bölgəsi olan Qazaxda diviziya yaradılıb. Orada əsgərlər üçün hər cür şərait yaradılıb, hamıya eyni gözlə baxılır. Çağırışçılar bu diqqət və qayğını görüb həmin diviziyaya həvəslə yollanırlar. Möhtərəm cənab Prezident! Müraciətdə qeyd etdiyim hər bir fakta görə tam məsuliyyət daşıdığımı dərk edirəm. Dediklərim öz təsdiqini tapmazsa, mən Sizin və xalqımın qarşısında üzr istəməyə, qanun qarşısında cavab verməyə hazıram.
Bu gün Zakir Həsənovun qanunsuz əməlləri, özbaşınalıqları bir vətəndaş kimi məni narahat edir. Bütün bunları bilə-bilə, görə-görə susmağı vicdanım qəbul etmir. Söhbət təkcə mənim üzləşdiyim çətinliklərdən getmir. Düzdür, bu gün bir çox vətəndaşımız kimi mənim də problemlərim var. Dost-tanış mənzilə ehtiyacım olduğunu yaxşı bilir. Amma bu gün öz şəxsi mənzilləri olan zabitlərə (dost, qohum və yaxınlıqları ilə tanınan şəxslərə) daha bir ev bağışlanır, Vətəninin müdafiəsinə bütün ömrünü həsr etmiş, hər zaman Prezidentinə sadiq qalmış yüzlərlə zabit isə ağır şəraitdə yaşayır. Onların öz şəxsi vəsaitləri hesabına ən ucuzlu mənzili belə almaq imkanları yoxdur. Onlar gənc olarkən öz ailələri, həyat şəraitləri barədə yox, yalnız Vətən, xalq haqqında düşünüblər. Bu gün dövlətimizin bizim kimi canını Vətən, xalq yolunda fəda etmiş zabitlər üçün ayırdığı mənzillər sağa-sola paylanır.
MN rəhbərliyinin tapşırığı ilə bu gün medallar, mənzillər, torpaq sahələri onların (rəhbərliyin) qohumlarına, tanışlarına, deputatlara, hərbiyə və ümumiyyətlə Orduya aidiyyəti olmayan insanlara paylanır. Bunu necə sakitcə kənardan izləmək olar? Bizi və xalq yolunda xidmətlərimizi necə unutmaq olar? Geriyə baxanda mən ağır, çətin, qanlı günləri xatırlayıram. Bu, bizim hər birimizin həyatında ən məsuliyyətli anlar olub. Amma bu günümüzə baxıb fəxr edirəm, çətin sınaqlardan üzüağ çıxdığımıza, xalqımıza sadiq qaldığımıza görə qürur hissi duyuram. Ümid edirəm ki, bu dəfə də həyatını Vətən uğrunda fəda etmiş ehtiyatda olan zabitlərin probleminə biganə qalmayacaq, sahib olduğunuz imkanlardan istifadə edərək bizə dəstək göstərəcəksiniz.
Möhtərəm cənab Ali Baş Komandan!
Mən, eləcə də ehtiyatda olan yüzlərlə zabitlərimiz Sizin bu problemlərdən, bizə qarşı tutulan qərəzli mövqedən xəbərsiz olduğunuzdan əminik. Kütləvi İnformasiya Vasitələri ilə dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, bizə kömək edən olmayıb. Əgər Sizə ünvanladığım bu müraciətdən sonra mənə qarşı qarayaxma kampaniyası başladılsa, o zaman Zakir Həsənovun 2013-cü ildən bu günə kimi etdiyi bütün qanunsuz əməlləri barədə bildiyim bütün məlumatları mətbuat vasitəsilə açıqlayacağam. Bu müraciətləri gələcəkdə də davam etdirəcəyəm və Müdafiə Nazirliyində baş verən bütün özbaşınalıqlar barədə mətbuat vasitəsilə mütəmadi olaraq Sizi məlumatlandıracağam. Növbəti məktubumda daha geniş məlumatlar qeyd edəcəm.
Sizdən keçmiş rəhbərliyin dövründə Orduda xidmət etmiş ehtiyatda olan zabitlərin sosial problemlərinin həlli, yuxarıda sadaladığım qanunsuz əməllərin araşdırılması üçün Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevin və ya Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərovun mənimlə görüşünün təşkil olunmasına dair göstəriş verməyinizi xahiş edirəm.
Rövşən Məhərrəmovun bu iddiaları ilə bağlı Müdafiə Nazirliyinin də mövqeyini işıqlandırmağa çalışacağıq. 



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.