“The Wall Street Journal”,
(ABŞ)
ABŞ siyasi sistemində nifaq yaratmaq hədəfinə bu dərəcədə uğurla çatmasından bəlkə Putin özü də təəccüb edir. Əvvəlcə onun agentləri 2016 seçkilərinə müdaxilə etdilər. İndi isə onlar rahat nəfəs ala və şübhələri Moskvadan yayındırıb, günahı Ukraynaya yükləmək cəhdlərinin “bəhrəsini” kənardan seyr edə bilərlər. Bu cəhdlər sayəsində ABŞ-da gərgin debatlar gedir və nəticədə Tramp tərəfdarları ilə əleyhdarlarının qüvvələri bir-birindən daha da uzaqlaşırlar.
Trampın keçmiş müşaviri, ABŞ Milli Təhlükəsizlik Şurasında baş direktor və son dönəmlərə qədər qurumun Rusiya üzrə eksperti olan Fiona Hill impiçment proseduru çərçivəsində ötən həftə Nümayəndələr Palatasında keçirilən dinləmələrdə ifadə verdi. Və rusların məlum cəbhədəki uğurlarından danışdı:
“2016-cı ildə rusların həyata keçirdiyi uğurlu kampaniyanın təsirləri bu gün də açıq hiss olunur. Ölkəmiz hissələrə parçalanır. Həqiqət şübhə altına düşür. Yüksək peşəkar və mütəxəssis karyeralı diplomatik xidmətimiz nüfuzunu itirir”.
Putin bu cəbhədəki uğurlarına o qədər arxayındır ki, faktiki olaraq bu barədə ictimai şəkildə şadyanalıq da edir. “Allaha şükür ki, indi heç kəs bizi ABŞ-dakı seçkilərə müdaxilə etməkdə günahlandırmır. İndi onlar Ukraynanı ittiham edirlər”, – Putin bunu ötən həftə Moskvadakı iqtisadi forumda demişdi.
“Ukraynanın yeni prezidenti Vladimir Zelenski növbəti ayın əvvəlində Putinlə ilk görüşünə yollanacaq. O adamla ki, qoşunları ölkəsini işğal edib, bir hissəsini də alıb. Ukrayna lideri başa düşüb ki, daxili siyasi çəkişmələrə görə ABŞ Ukraynaya dəstəyini dayandıra bilər. O, Rusiya ilə qarşıdurmada Vaşinqtondan dəstək ala biləcəyinə o qədər də əmin deyil. Və Putinlə danışıqlara başlayır”, – deyə xanım Hill bildirib.
ABŞ cəbhəsində əldə etdikləri Putinin uğur qazanmasını təmin edən tendensiyalar siyahınının yalnız başlanğıcıdır.
Eyni şəkildə Britaniya siyasi sistemi də gərgin debatlar fonunda parçalanır. Bu debatlar Rusiyanın Britaniya vətəndaşlarını 2016-cı ildə Avropa İttifaqından çıxmağa səs verməyə inandırmaq üçün apardığı dezinformasiya kampaniyasının miqyası ilə bağlıdır.
“Brexit”in tərəfdarı olan Britaniya Baş naziri Boris Conson parlamentin kəşfiyyat komitəsinin həssas hesabatını yaymaqdan imtina edir. “Brexit”ə müdaxilədən bəhs edən hesabatı yaymamaqla Britaniyanın ümumxalq seçkisinə hazırlaşdığı bir vaxtda partiyalararası qarşıdurmalara zəmin yaradır.
Rusiyanın “Brexit”ə dair referendumun nəticələrinə təsir edib-etməməsindən asılı olmayaraq, üç il sonra reallıq budur ki, Britaniya Avropa İttifaqından çıxmaq yolundadır. Bu, mümkün yoların olan ən ağırı, ən dağıdıcısıdır. Avropanın iqtisadi və siyasi birliyinə zərər verən şey Rusiyanın xeyrinədir. Ona görə Putin “Brexit”lə bağlı davam edən bu sıçrayışı 2019-un böyük bir nailiyyəti olaraq öz aktivinə yaza bilər.
Eyni zamanda, NATO-nun ən əhəmiyyətli üzvləri 70 ildir mövcud olan və ilk başda Moskvanın ekspansionist hərəkətlərinə mane olmaq üçün yaradılan alyansın fəaliyyəti və gələcəyi ilə bağlı mübahisələrə qapılırlar.
Fransa prezidenti Emmanuel Makron digər NATO liderlərinin söyləmək istəmədiklərini dilə gətirərək, Trampı Suriyadakı ABŞ qüvvələrini geri çəkmək qərarına görə tənqid etdi. Və bununla da Putinə və Türkiyənin avtoritar lideri Rəcəb Tayyib Ərdoğana Suriyadakı əhəmiyyətlərini artırmaq imkanı verdi.
Bundan əlavə, Makron NATO-nun bu gün “beyin ölümü” yaşadığını bildirdi və alyansın yüksək səviyyəli kollektiv müdafiə ittifaqı bəyanatlarını şübhə altına aldı.
Almaniya kansleri Angela Merkel NATO-nun daxili problemlərini nümayiş etdirən fransız həmkarına etiraz etdi. Nəticə – NATO üzvləri – Fransa, Almaniya, Türkiyə və ABŞ – necə deyərlər, uzlaşmırlar.
Putin üçün Qərbin əsas hərbi ittifaqı daxilində fikir ayrılığı ən böyük üstünlükdür. Eyni zamanda ABŞ-ın Suriyadan geri çəkilməsi Putinin Yaxın Şərqdə cavabdeh adama çevrilməsi tendensiyasının daha da inkişafına yardım etdi.
Əslində, Suriya hadisələri heyrətamiz şəkildə Putinin əlinə işlədi. ABŞ qoşunları və onların kürd müttəfiqləri Suriyada İŞİD və onun xilafətini məhv etmək işinin böyük hissəsini reallaşdırdılar. Çirkli işləri bitirdikdən sonra Vaşinqton Suriyaya nəzarəti faktiki olaraq Moskvaya təhvil verdi və kürd müttəfiqlərinin məhv olmasına və ya geri çəkilməsinə imkan yaratdı.
Bölgədə Rusiyanın nəzarətində olan ən etibarlı lider Suriya dövlət başçısı Bəşər Əsəd güclü mövqelərə sahibdir və ehtimal ki, ölkədə vətəndaş müharibəsi bitdikdən sonra vəzifəsində qalacaq.
Putin Suriyadakı əsas mövqeləri ələ keçirəndən sonra Yaxın Şərqin müxtəlif liderləri – Səudiyyə Ərəbistanı, İran, Türkiyə və İsrail məsləhətləşmələr üçün ona doğru qaçırlar.
Vladimir Putin keçmiş KQB əməkdaşıdır və bu, göz qabağındadır. Soyuq savaş illərində o, dezinformasiya və təbliğat yolu ilə Qərb demokratiyalarının zəif tərəflərində oynamağı, onlardan öz məqsədləri üçün istifadə etməyi öyrəndi. İnternetin qaranlıq məkanı isə onun oynaması üçün tamamilə yeni bir sahə açdı. O, öz işinin ustasıdır…
Tərcümə etdi: G.Hüseynova
Strateq.az