Həkimlərin səhlənkarlığı üzündən uşağın ayaqları kəsildi

28-11-2019, 10:06   
 


Tərlan Səlimov 4 yaşlı övladının səhhətinə vurulmuş zərərlə bağlı Səhiyyə Naziriyinin tabeliyindəki üç xəstəxananı məhkəməyə verib
“Sonradan bildik ki, Zəhra rayon uşaq poliklinikasında ona vurulan antibiotiklərdən şok keçirib. Göstərdikləri tibbi müdaxilələr isə uşağın vəziyyətini daha da ağırlaşdırıb, ortada vaxt itirmişik. Biz Zəhranı Rusiyaya aparanda oradakı həkimlər dedi, lazımsız müdaxilələr olub, lazımi tibbi yardım isə gecikib. Uşağın bir ayağı topuqdan, digər ayağı dabandan kəsildi”.
“İynə vurub vəziyyətini ağırlaşdırdılar”
İsmayıllının Namazgah kəndinin sakini Tərlan Səlimov Meydan TV-yə azyaşlı övladı Zəhranın başına gələnlərdən danışır. Deməsinə görə, 2017-ci ilin fevralında – hələ Zəhra 2 aylıq olarkən, qəflətən hərarəti yükləsib. Valideynləri onu İsmayıllı rayon Uşaq Poliklinikasına götürüblər. Atanın deməsinə görə, burada Zəhraya inyeksiya yolu ilə antibiotik preparatlar vurulub. Nəticədə uşağın hərarəti daha da yükləsib:
“Uşağı poliklinikaya aparanda hərarəti 38 idi, halsız idi. Heç bir müayinə aparmadan, uşağın dərdini, səbəbini bilmədən tibb bacısı antibiotik vurdu. Hərarət dərhal 38-dən qalxdı, 40 dərəcəni ötdü, vəziyyət daha da ağırlaşdı. Tibb bacıları qorxuya düşmüşdülər ki, birdən uşaq “sudurğa” keçirər, qarşısını ala bilməzlər. Başqa iynələr vurub birtəhər qızdırmanı təzədən 38-ə saldılar, sonra da uşağı verdilər bizə ki, aparın, evə çatınca hərarəti düşəcək, özünə gələcək”.
Zəhranın vəziyyətində yaxşılığa doğru irəliləyiş olmayıb. Əksinə, növbəti gün səhər valideynləri onun ayaqlarında, qollarında və bədəninin başqa hissələrində göyərti izləri aşkar ediblər.
“Nə həkim ayırdılar, nə də təcili yardım maşını...”
“Qorxduq, dərhal uşaq poliklinikasına qayıtdıq, uşağın bədənindəki göy izləri göstərdik, dedilər, biz bilmirik bu, nədən əmələ gəlib. Bizi İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına göndərdilər. 4 saat həmin xəstəxanada olduq, həkimlər bir-birinin üstünə göndərirdilər, hərə bir nağıl danışırdı. Bizi 4 saat ləngidəndən sonra göndəriş kağızı verdilər, dedilər: “Biz də baş açmadıq, aparın Bakıya, orda çarə edərlər”. Mən bildirdim ki, uşaq ağırdır, həkim ayrılsın, heç olmasa təcili tibbi yardım maşınıyla, həkim nəzarəti altında aparaq. Nə maşın ayırdılar, nə də həkim... Huşsuz vəziyyətdə olan uşağı Bakıya taksiylə gətirdik”.

Valideynləri Zəhranı Bakıya, Respublika Uşaq Klinik Xəstəxanasına gətiriblər. Burada onlara bildirilib ki, uşağın bədəninə infeksiya yayılıb, qanqrena əmələ gəlib, ayaqları və bir əli amputasiya olunmalıdır.
 


“Zəhranın həyatını rusiyalı həkimlər xilas etdi”
Ata sözünə davam edir:
“Baxdım ki, həkimlər çox etinasız yanaşır, heç kimi mənim uşağımın taleyi maraqlandırmır, sanki hamı ortalıqda dolaşıb vaxt uzadır. Uşaq anbaan əldən gedirdi. Qohumların məsləhətilə xəstəxanadan çıxdıq və sabahı gün Rusiyaya getdik. Mənim uşaqlarım da, özüm də Rusiya vətəndaşıyıq, özüm orda yaşamışam, uşaqlarım orda doğulub. Azərbaycana – kəndimizə bir neçə günlüyə qonaq gəlmişdik ki, başımıza bunlar gəldi. Sabahı gün - fevralın 23-də axşam saatlarında uşağım artıq rusiyalı həkimlərin əlində idi. Rusiyalı həkimlər uşağa Bakıda qoyulmuş kəskin bronxit diaqnozunun səhv olduğunu bildirdilər. Hətta bu diaqnozu gülünc adlandırdılar. Uşaq başdan-ayağa müayinə olunandan sonra ona meninqokok diaqnozu qoyuldu. (Meninqokok -
qızdırma, petexial və ya al-qırmızı səpgi, sepsis, yaxud meningit əlamətləri ilə səciyyələnən ağır yoluxucu xəstəlikdir). Zəhranın hər iki ayağında qanqrena irəlilədiyi üçün biri topuqdan, digəri isə daban hissəsindən amputasiya olunub. O, 4 aya yaxın rusiyalı həkimlərin nəzarətində qalıb.
800 min manatlıq təzminat tələbi
Azərbaycana qayıdandan sonra Tərlan Səlimov İsmayıllı Rayon Prokurorluğuna şikayət edib. O, Baş prokuror Zakir Qaralovla da görüşüb, Baş prokuror ona məsələnin obyektiv araşdırılacağını bildirib. Lakin rayon prokurorluğu araşdırmanın sonunda cinayət işi başlanmasını rədd edib. Prokurorluğun bu qərarından şikayət verilərək ləğv etdirilib. İş yoxlanılması üçün yenidən prokurorluğa qaytarılıb.

Tərlan Səlimov bir müddət əvvəl səhlənkarlıq, səhv diaqnoz qoyulması, səhv müalicə iddiası ilə Uşaq Klinik Xəstəxanasını, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasını və İsmayıllı Rayon Uşaq Poliklinikasını məhkəməyə verib. Səhiyyə Nazirliyinin hər üç xəstəxanasına qarşı 800 min manat təzminat davası açıb. İsmayıllı Rayon Prokurorluğunda aparılan araşdırmalarla əlaqədar olaraq məhkəmə baxışı qeyri-müəyyən vaxtadək təxirə salınıb.
İsmayıllı Rayon Prokurorluğundan Meydan TV-yə bildirilib ki, Tərlan Səlimovun şikayəti əsasında araşdırmalar davam edir. İndiyədək iki dəfə ekspertiza keçirilib və növbəti ekspertiza təyin olunacaq.
Respublika Uşaq Klinikasından bildirilib ki, hadisənin üstündən 2 ildən çox vaxt keçib. Zəhra Səlimovayla bağlı sənədlər arxivə göndərildiyi üçün məlumat verə bilmirlər.
 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.