Torpağı azad edən, torpaq mübahisəsinə görə həbs olunan polkovnik
2016-cı ilə öz damğasını vuran aprel döyüşlərinin qəhrəmanlarından biri həbs olunub. “Lələtəpə əməliyyatı”na rəhbərlik edən polkovnik Qadir Vəlişovun torpaq mübahisəsi zəminində həbs olunduğu bildirilir. Polkovnikin yaxınlarının məlumatına görə, o yaşadığı Beyləqan rayonunda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə saxlanılıb. Ona CM-nin xuliqanlıq (221.3) maddəsi ilə ittiham irəli sürülüb. Yaxınları polkovnikin həbsində şübhəli məqamlar olduğunu və həbsin sifariş olduğunu bildiriblər. Onlar “ölkənin hüquq-mühafizə orqanlarından ədalət tələb edirik” deyə məhkəmənin döyüşçüyə bəraət verəcəyinə ümid etdiklərini vurğulayıblar.
Məlum olduğu kimi, polkovnik Qadir Vəlişov Ləltəpənin işğaldan azad olunması əməliyyatına rəhbərlik edib. Azərbaycan bayrağını Lələtəpəyə sancan hərbçi kimi tanınıb, bu əməliyyat zamanı ağır yaralanıb. Xatırladaq ki, 1986-cı ildə hərbi məktəbi bitirən Vəlişov Əfqanıstan müharibəsində döyüş yolu keçib.
Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçib. O, 1994-cü ildə Füzuli istiqamətində ağır yaralanıb, 1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb. 15 ilə yaxın hərbi hissə komandiri işləyən polkovnik 2016-cı il aprel döyüşlərində də Talış istiqamətində snayper atəşi və minomyot partlayışından ağır yaralanıb. 8 aydan sonra yenidən xidmətə qayıdaraq, N saylı korpusda Döyüş hazırlığı şöbəsinin rəisi olub. Vəlişov daha sonra Naxçıvanski adına Hərbi litseyə rəis müavini təyin edilib. 6 ay əvvəl Silahlı Qüvvələrdən tərxis olunub. Onun həbsi sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. Yüzlərlə insan onun həbsinin təfərrüatlarına aydınlıq gətirilməsini və polkovnikin azadlığa buraxılmasını tələb edib.