Azı 100 adam öldürmüş bandanın işi: killer “Cako” müstəntiqi havayı öldürdüyünü açıqladı

17-12-2019, 11:30   
 

Moskvada “Cako” ləqəbli  kriminal avtoritet Aslan Qaqiyev və onun bandasının törətdiyi cinayətlər üzrə məhkəmə araşdırması davam edir.

Virtualaz.org xəbər verir ki, banda üzvləri hətta yüksək rütbəli məmurları və güc strukturlarının əməkdaşlarını, o cümlədən Rusiya İstintaq Komitəsinin müstəntiqi Aleksandr Leonovu qətlə yetiriblər. Məhkəmə prosesində maraqlı nüans açıqlanıb, məlum olub ki, Leonovun qətlini onun keçmiş arvadının prokuror işləyən bacısı sifariş edib. Motiv isə mülk bölgüsü üstündə yaranmış mübahisədir.

Новости

“Cako” ifadəsində deyib ki, müstəntiqi öldürmək barədə xahişi yerinə yetirdiyinə görə sifarişçidən bir qəpik də almayıb. Çünki sifarişçiyə-prokuror Olqa Şevtsovaya hörməti vardı. Şevtsova bu yaxınlara qədər Vladiqafqazda rayon prokuroru olub. Onu, Moskvaya uçmaq istəyərkən Beslan aerportunda həbs ediblər. 2019-cu ilin yayında Şevtsovanı Şimali Qafqaz federal dairəsi üzrə İstintaq İdarəsinin müstəntiqləri Aslan Qaqiyevin bandasının işi üzrə şahid qismində dindirmişdilər.

Banda ilə əlaqəli prokuror ölkədən qaçmaq istəyirdi...

Dinirmədən dərhal sonra prokuror Almaniyaya bir illik viza sifariş verib. Bu günlərdə isə o, prokurorluqdan işdən çıxaraq Moskvaya bilet alıb. Şevtsovanın oradan Avropaya uçmağa hazırlaşdığı təxmin edilir.

Olqa Şevtsovanın bacısı 2000-ci illərin ortalarında müstəntiq Leonova ərə gedib. Lakin onların nigahı bir neçə il sonra pozulub. İstintaq müəyyən edib ki, prokuror Şevtsova Moskvaya gedib və orada kriminal avtoritet Aslan Qaqiyevlə görüşüb. Həmin görüşdə o, Leonovu aradan götürməyi xahş edib. “Cako” bu xahişi ona göstərilən yüksək etimad kimi qarşılayıb və müstəntiqi havayı öldürməyə razılaşıb, sifarişçidən pul istəməyib.

Polkovnik də banda ilə əlbirdir

“Cako”nun qurduğu plana əsasən müstəntqi bir müddət Rusiya DİN-in Baş İdarəsinin “Bulat” çevik reaksiya dəstəsinin əməkdaşı, polkovnik Yevgeni Yaşin izləyib. Həmin il sentyabrın 12-də DİN-in Cinayət Axtarış İdarəsinin əməkdaşı Ruslan Yurtovu cinayət ortağı motosikletlə qətl yerinə aparıb. Yurtov müstəntiqi birdə yaşadığı qadının-Moskvanın Savelyev rayon məhkəməsinin hakimi Tatyana Adamovanın gözünün qarşısında güllələyib.

Qaqiyev bandasının üzvlərinə izah edib ki, öldürülməli olan müstəntiq birgə yaşadığı qadın hakimlə əlbir olaraq insanların mənzillərini ələ keçirir. Onun ifadəsi cinayət işinin materiallarında yer alır. Həqiqətən hakim Adamova sonradan Leonovla əlbir olaraq korrupsiya sxemi qurduğu üçün ədliyyə sistemindən qovulub.

Leonovun qətli uzun müddət açılmamış qalıb. Lakin sonda “Cako”nun bandasının üzvləri bu qətl haqda danışıblar. Məlum olub ki, killer qismində həmin vaxt cinayət axtarış idarəsinin əməkdaşı olan Ruslan Yurtov çıxış edib.

Azı 80-100 qətl

Rusiyanın “bir nömrəli killeri” hesab edilən Aslan Qaqiyev və bandasının üzvləri azı 80-100 qətl həyata keçiriblər. Lakin istintaq bu qətllərin hamısını sübut edə bilməyib və “Cako”nun killerlərinin cəmi 63 qətl törətdiyinə dair dəlillər toplaya biliblər.

“Cako”nun bandası Rusiyada ən unikal mütəşəkkil cinayətkar qruplaşma hesab edilir. O, Federal Təhlükəsizlik Xidmətinin “strukturu” adı altında fəaliyyət göstərib və iqtisadi ekspansiya həyata keçirib, o cümlədən Almaniyada. Sadə quldurlar və killerlərdən başqa qruplaşmada “maliyyə kəşfiyyatçıları” da olub. Onlar iri müştərilər adı altında banklara sızıb. Habelə bandanın “iqtisadi killerləri” də olub ki, bunlar da öldürülən bankirlərin və biznesmenlərin əmlakını idarə edib.

"Ailə"yə kimlər "krışalıq" edirdi...

İstintaqın məlumatına görə qruplaşma üzvləri özlərini “Ailə” adlandırıblar, bir-birlərinə “qardaş” deyiblər.Ailənin saxlanılması dövlət “Maliyyə lizinq şirkəti” üzərindən ayrılan vəsaitlərlə həyata keçirilirdi. Bu şirkət Rusiyada mülki aviasiya vasitələrinin istehsalının inkişafı ilə məşğul idi və federal büdcədən milyardlar alırdı. Qaqiyev Avstriya məhkəməsində verdiyi ifadədə deyib ki, həmin şirkət üzərindən biznesinə “krışalıq” etmək üçün İstintaq Komitəsinə, onun başçısı Aleksandr Bastrıkinə ayda 1.2 milyon dollar ödəyirdi.

Cinayət işinin materiallarına əsasən Qaqiyev 1990-cı illərdə Kreml administrasiyasının indiki əməkdaşlarından birinin törətdiyi iqtisadi cinayətlərə görə məsuliyyəti üzərinə götürüb. Bu işə görə cəza çəkəndən sonra Qaqiyev yüksək vəzifəli məmurlarla tanış olmaq imkanı qazanıb.

6 killerlər briqadası

Hesab edilir ki, Qaqiyevin bandası 2004-cü ildə Şimali Osetiyada yaradılıb. Lakin reallıqda bandanın üzvləri bundan əvvəl də qətllər törətmişdilər. Bandanın əsas killeri “Malış” ləqəbli Oleq Qaqiyev olub, o əvvəllər Şimali Osetiyada əks-kəşfiyyatın əməkdaşı idi. Bandanın sıralarında hətta iki dollar milyonçusu və prokurorluq əməkdaşı da olub. Bandanın himayəsini isə hüquq-mühafizə orqanlarında Mütəşəkkil Cinayətkarlıq Baş İdarəsinin əməliyyatçısı Rafael Kalaqov, rayon prokurorunun müavini Murat Qabayev və Şimali Osetiya DİN əməkdaşı Givi Slonov həyata keçirirdi. Qabayev və Slonov hazırda axtarışdadır.

“Cako”nun bandasının 6 killerlər briqadası olub. Onlar Moskvadakı konspirativ mənzillərdə və bir neçə təlim-məşq bazasında yerləşdirilmişdi və “Rusiya dövlətinin xilas edilməsi uğrunda” yeni əmrlər gözləyirdi. “Biz Vətənə xidmət etmişik, bundan ötrü ailəmizdən, gündəlik yaşam tərzimizdən imtina etmişik”,-sonradan banda üzvlərindən biri ifadəsində belə deyirdi.

Bankirlərdən birinin başını kəsiblər, digərini diri-diri çəlləkdə betonlayıblar...

Killerlər briqadalarından birinə hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşı və idmançı Aleksandr Stayxeviç başçılıq edirdi. 2017-ci ilin avqustunda ona 18 il həbs cəzası verilib. Stayxeviç tanınmış bankir , “Milli kapital”ın sahibi Dmitri Plıtnikin qətlində iştirak edib. Plıtnik 2004-cü ildə oğurlanıb və öldürülüb.

Öldürməzdən əvvəl qatillər ona işgəncə veriblər, sonra başını kəsiblər və cəsədini Dubna çayına atıblar. 2005-ci ildə Stayxeviçin briqadası “Kutuzovsk” bankının idarə heyətinin sədri Oleq Novoselskini oğurlayıblar. Onu diri-diri dəmir çəlləyə salıb beton töküblər və əzablı ölümə tərk ediblər. Çəllək uzun müddət Moskvadakı ofislərdən birinin zirzəmisində qalıb, sonra betonlanmış bankiri çəllək qarışıq Moskva adına kanalda batırıblar. Stayxeviçin briqadasının azı 15 adam öldürdüyü sübuta yetirilib və belə görünür ki, hər öldürülən adama görə ona cəmi 1 il həbs veriblər.

Hətta baş nazirin müavini öldürülüb

“Cako”nun bandası getdikcə azğınlaşıb, 2008-ci ildə banda Vladiqafqaz meri Vitali Karayevi qətlə yetirib, həmin il Şimali Osetiyanın baş nazirinin müavini Kazbek Paqiyev də öldürülüb. Bundan başqa quldurlar Şimal Osetiya DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mark Metsayevi və DİN-in cinayət axtarış idarəsinin rəisi Vitali Çeldiyevi də qətlə yetiriblər. Həmin hücumda Çeldiyevin oğlu da öldürülüb. Matsayev ona görə öldürülmüşdü ki, o Qaqiyevin bandası ilə bağlı təhqiqat aparırdı (Azərbaycanda Hacı Məmmədovun bandası ilə bənzərliklər var,-red.).

Qaqiyev 2015-ci ilin əvvəllərində Vyanada həbs olunub. 2018-ci ildə onu nəhayət Rusiyaya ekstradisiya edə biliblər.

F.Məmmədov

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.