Təkcə sosial şəbəkələrin Azərbaycan seqmentinin məsxərəyə qoyması deyil, siyasi hakimiyyətin özü də qavrayırdı ki, belə mürtəce, maskalanmış, gülünc, çıxışları ilə özünü ələ salan Milli Məclis tərkibi olmaz.
Anaxeber.info yazır ki, ona görə də parlamentin buraxılması və erkən seçkiyə gedilməsi əslində, gecikdirilmiş addım idi. Ən azı 2017-2018 aralığında Milli Məclislə vidalaşıb növbədənkənar seçkiyə gedilməliydi ki, yubadıldı.
Hakim partiya özü növbədənkənar seçki təşəbbüsü ilə çıxış edərkən etiraf elədi ki, Milli Məclis islahatlarına ruhuna adekvat deyil.
Bu ütülənmiş açıqlamanın lori izahı ondan ibarətiydi ki, parlamentdəki deputatların bir qismi danışığını bilmir, bir hissəsi iqtidarı əttökən səviyyədə müdafiə edir, qalanı bizneslə məşğuldur və xalqın, seçicilərin maraqlarına uyğun fəaliyyət göstərmirlər.
MM üzvlərinin əttökən çıxışları demişkən, APA TV-də Ümid Partiyasının sədri İqbal Ağazadə ilə YAP-çı deputat Elman Nəsirovun debatı bu reallığı çılpaqlığı ilə üzə çıxardı.
İ.Ağazadə canlı efirdə onun üzünə söylədi ki, iqtidarı və onun rəhbərini ən biabırçı formada müdafiə edənlərdən biri olmusunuz. Ümid sədrinin təcrübəsi, arqumentləri, ritorikası təbii ki öz yerində...
Aydın məsələdir ki, illərin bişmiş, kifayət qədər təcrübəli siyasətçisi, həbs, mitinq, mübarizənin bütün yollarını keçmiş İqbal Ağazadənin qarşısında Elman Nəsirovun tab gətirməsi nonsens olardı.
Sadəcə, bu debat həm hakimiyyətə, həm cəmiyyətə növbəti dəfə mesaj oldu ki, Milli Məclisdə kimlər olmalıdır, kimlər oturmalıdır.
Elə İ.Ağazadə debatda da bu məsələyə toxundu ki, əgər hakimiyyət yenə E.Nəsirov kimi adamlarını parlamentə buraxacaqsa, onda əvvəlkindən heç nə ilə fərqlənməyəcək. Əvvəlkində isə Araz Əlizadələr, Xanhüseyn Kazımlılar, Hadı Rəcəblilər və kimlər, kimlər varıydı.
Elə parlamentin buraxılıb erkən seçkiyə gedilməsi də göstərir ki, hakimiyyət eyni səhvi təkrarlamaq, yenə deputatlığa yararsız kadrlara mandat paylamaq niyyətində görünmür. Ən azından situasiya və gedişat belə təsəvvür yaradır.
Yəni, İ.Ağazadənin o çıxışı iqtidara təkcə özünə görə ismarış deyildi. Söhbət normal seçki mühiti yaradılmasından, seçicinin dəstəklədiyi namizədin Milli Məclisə buraxılmasına imkan verilməsindən, təyin olunacaq namizədin yerinə qutuya topa bülletenlər atılmasının tərkarlanmamasından gedir.
[media=//www.youtube.com/watch?v=TWGqg39VMfE]
Hakimiyyət peşəkar, nüfuzlu, cəmiyyətin qəbul etdiyi, seçicinin rəğbətini qazanmış namizədlərin qalib gəlməsinə baryer qoymamalıdır.
Onsuz da həmin namizəd hətta iqtidara müxalif olsa, onun fəaliyyətini tənqid etsə belə, inqilab edən deyil, təhlükə nöqtəsi sayılmır, əksinə, hakimiyyətə idarəçilik və qanunvericilik sahəsində dəstəyini vermiş olacaq.
Bu baxımdan yeni seçkidə İ.Ağazadə kimi namizədlərin səslərini saxtalaşdırıb yerinə Arif Rəhimzadələr, Hüseynbala Mirələmovlar, İqbal Məmmədovlar, Hacı Madərlər və saymaqla bitməyən keçmiş deputatları yenidən MM-ə buraxmaq iqtidarın özünün xalq qarşısında reabilitasiya etmək istədiyi reputasiyasını birdəfəlik yerə vurmuş, dəfn etmiş olacaq.
Sosial şəbəkələrdə İ.Ağazadənin deputat olduğu dövrdə ona səs vermiş seçicilər, bu seçkidə imza verənlərin video çıxışları da göstərir ki, xalq kimlərin onu parlamentdə təmsil etməsini arzulayır.
Artıq ölkədəki yeni nəsil, sosial şəbəkələrin yaratdığı aşkarlıq, sosial medianın gücü, regionda baş verənlər, dövrün tələbləri göstərir ki, hakimiyyət sağlam düşüncəli, açıqfikirli, cəsarətli, dövlətin və millətin maraqlarını beynəlxalq səviyyədə müdafiə edə bilən namizədlər parlamentdə təşəkkül tapmalıdır.
Keçmiş deputat Gülər Əhmədova da facebook hesabında yazıb ki, seçicisi olsaydı İqbal Ağazadəyə səs verərdi.
Hətta YAP fəallarından biri qeyd edib ki, bizə müxalifət partiyadan olan liderlərin qarşısında onları bir kəlməylə susduracaq millət vəkilləri lazımdır: “Onların qarşısında kəkələyən millət vəkilləri yox!
Bugün öz ölkəmizdə müxalif partiyanın liderlərinə cavab verə bilməyən millət vəkili sabah bizi heç bir beynəlxalq arenada təmsil edə bilməz”.
Bu, ciddi etiraf olmaqla yanaşı həm də ümummilli problemdir və məsələyə qlobal yanaşmaq lazımdır. Çünki E.Nəsirovun müxalif siyasətçiyə cavab verə bilməməsi dərd deyil, dərd parlamentdə ölkənin milli maraqlarını müdafiə etmək lazım gələndə, xaricdən anti-kampaniya aparılanda konkret, savadlı faktlarla susdurmağı bacarmamaqdır.
Millət vəkili statusu daşıyanların sərvətləri, ölkə daxilində və xaricində əldə etdikləri əmlakları, övladlarının adına rəsmiləşən biznesləri, mülkləri, Rusiyada, Ukraynada, Avropada üzə çıxan biznes şərikləri onların millətdən nə qədər uzaq olduqlarını sübut edir.
Deputat Siyavuş Novruzov deyir ki, onlar parlament üzvü olmamışdan qabaq bizneslə məşğul olublar.
Amma jurnalist Cavanşir Həsənli, digər araşdırmaçılar dəfələrlə deputatlıq dövründə biznesə sahiblənmiş MM üzvlərinin varidatını, sənədlərini ortaya çıxarıblar.
Və onların heç biri nəinki mandatından məhrum edilməyib, spiker Oqtay Əsədov buna görə deputatlara “gözün üstə qaşın var” deməyib, qanunla bizneslə məşğul olmağın qadağan edildiyini xatırlatmayıb.
Sanki xatırlatsa nə dəyişəcək. Ona görə də Ümid yeni parlamentdə sanballı siyasətçilərin olacağındadır...
[media=//www.youtube.com/watch?v=uGGy5UVT3-M]
AnaXeber.info
Turan