Rusiya-Azərbaycan əlaqələri: münasibətlərin canlanmasına səbəb nədir?

21-12-2019, 11:18   
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə cümə günü Müstəqil Dövlətlər Birliyinin Sankt-Peterburqda keçiriləcək sammitindəFotonun müəllifiGETTY IMAGES

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə cümə günü Müstəqil Dövlətlər Birliyinin Sankt-Peterburqda keçiriləcək sammiti zamanı görüşü gözlənir.

Siyasi təhlilçilərə görə, son zamanlar Rusiya ilə Azərbaycan arasında münasibətlər "dostluq zəminində canlanıb". Onların fikrincə, bu "canlanma" Azərbaycan hökumətinin Qarabağ məsələsinin müsbət həllinə yönəlik cəhdləri ilə bağlıdır.

Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın dəstəyini qazanmaq istəyən Bakı son zamanlar Moskvada rəğbətlə qarşılana bilən bir sıra addımlar atıb: Azərbaycan Rusiyadan böyük həcmdə silah alıb. Ölkə Avropa İttifaqı və NATO-ya qarşı tarazlı siyasət həyata keçirir.


Azərbaycan, həmçinin Krım məsələsilə bağlı noyabrın 14-də BMT-də keçirilmiş son səsvermədə iştirak etməyib.

Hikmət Hacızadə
Image captionHikmət Hacızadə

"Azərbaycan hələ ki, təslim olmur"

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin inkişafı və digər görülən işləri Qarabağ məsələsinin həlli üçün "əbəs yerə göstərilən cəhd" adlandırır.

Onun fikrincə, Rusiya Ermənistanı dəstəkləməkdə davam edir və Qarabağ məsələsinin beynəlxalq hüquq çərçivəsində həllini tapmasını istəmir: "Bu ölkə Azərbaycanı tora salmaq üçün Qarabağ məsələsindən istifadə etmək istəyir. Göründüyü kimi, orden vermək, davamlı get-gəl etmək və sair bunların heç bir təsiri yoxdur. İstəyirlər ki, Azərbaycan Qarabağa görə Rusiyaya tam təslim olsun. Ondan sonra da inanmıram ki, Qarabağı bizə verə. Söhbət Rusiya sülhməramlı qüvvələrinin təmas xəttinə gətirilməsindən gedir. Ondan sonra Azərbaycanın müstəqilliyinə də xələl gələcək. Azərbaycanın xarici siyasətini tamamilə Rusiyaya tabe etmək istəyirlər, bu ölkə Xəzərdə öz iqtisadiyyatı üçün müxtəlif üstünlüklər istəyir. Burada isə hələ ki, irəliləyiş yoxdur, Azərbaycan hələ ki, təslim olmur", - keçmiş səfir deyir.

Bu ilin noyabr ayında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyada rəsmi səfərdə olub, Rusiya Prezidenti Vladimir Putin tərəfindən "Dostluq" ordeni ilə təltif olunub.

"Hesablaşmağa məcburuq"

Azərbaycanın Xarici İşlər Nazirliyi noyabrın 14-də BMT-də Krım məsələsiylə bağlı keçirilmiş son qətnamənin səsverməsində iştirak etməməyin səbəbini orada əks olunmuş "bəzi müddəaların Azərbaycanın mövqeyi ilə üst-üstə düşməməsi ilə" izah edib.

Millət vəkili, parlamentin iqtisadi-siyasət, sənaye və sahibklarlıq komitəsinin üzvü Vahid Əhmədov Azərbaycan-Rusiya münasibətlərinin son 15 ildə heç vaxt pis olmadığını deyir:

"Xüsusən bəzi siyasi-iqtisadi məqamlar ki, orada problemlər olub, amma strateji müttəfiq kimi Azərbaycan-Rusiya arasında münasibətlər həmişə yaxşı olub. O da əsasən dövlət başçılarının dostluğundan asılıdır. Xüsusilə son zamanlar ölkələr arasında qarşılıqlı sərmayə qoyuluşu göstərir ki, bu iki dövlət arasında elə bir ciddi problem yoxdur. Yeganə problem Azərbaycanın ərazi bütovlüyünün təmin edilməsi - Qarabağ problemidir. Bunda da Rusiya bizə öz köməyini hələlik göstərmir, ya istəmir, ya da bacarmır".

Deputat hesab edir ki, Rusiyanın Qarabağ məsələsində Azərbaycana kömək göstərməsi təkcə Rusiyadan yox, digər dövlətlərdən də asılıdır.

İqtisadi, o cümlədən humanitar sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Vahid Əhmədov hər iki ölkənin yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərlərini xatırladır və deyir ki, bunlar hamısı münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir: "Bu, Azərbaycan iqtisadiyyatı və siyasətinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir".

Azərbaycanın son zamanlar atdığı bəzi addımları Rusiyanın rəğbətinə hesablamasına gəlincə, Vahid Əhmədov hesab edir ki, Rusiya dünyadakı əsas üç dövlətdən biri olduğu üçün, Azərbaycan bu dövlətlə "hesablaşmağa məcburdur:

"Mən, şəxsən, Rusiya ilə strateji müttəfiqliyi qəbul edirəm, bircə onun işğalçı siyasətini qəbul etmirəm. Krımın ilhaqı, Gürcüstanda Abxaziya-Osetiya məsələləri, Moldova məsələsi, bizim Qarabağ kimi münaqişə zonaları yaradılıb ki, bu dövlətlər Moskvadan asılı vəziyyətə düşsünlər. Bu siyasət belə hesablanıb. Azərbaycanın daxildə sabitliyi qoruyub saxlamaq üçün bu əhəmiyyətli məsələdir, ona görə də biz Rusiya ilə hesablaşmağa məcburuq".

Cənab Əhmədov bəzi siyasətçilərin Rusiyanın Azərbaycanı tamamilə özünə tabe etmək siyasəti ilə bağlı iddialarına cavab olaraq deyir ki, "hətta Azərbaycan hakimiyyəti buna getsə belə, Azərbaycan xalqı getməz".

"Bu mümkün deyil, çünki 20 Yanvar hadisələri var, müstəqilliyimizin əldə olunması məsələsi var, bunlar hamısı gözümüzün qarşısında olub... Müstəqilliyin dadını bilən xalq heç vaxt onu əldən verməz... Ona görə də millət buna heç vaxt gedəsi deyil. Sadəcə bizim Qarabağ problemimiz olmasaydı, biz indi məsələləri daha başqa cür həll edərdik. Lakin təəssüf ki, bu qədər böyük problem var, müəyyən məsələlərdə hesablaşmağa məcbur edir".

Vahid Əhmədov
Image captionVahid Əhmədov

"Əmtəə dövriyyəsi 3 milyardı keçəcək"

İqtisadi əlaqələrə gəlincə, cənab Əhmədova görə, Azərbaycan-Rusiya ticari əlaqələrində əmtəə dövriyyəsi 2020-ci ildə üç milyard dolları ötəcək.

"Son vaxtlar Azərbaycan və Rusiya qarşılıqlı şəkildə və artan temp üzrə bir-birinin iqtisadiyyatına investisiya qoyur. Düzdür, temp böyük deyil. Amma biz sərhəd qonşusuyuq, ona görə də strateji müttəfiqliyimizi, iqtisadi-humanitar sahələrdə əlaqələrimizi qoruyub saxlamalı, daha da genişləndirməliyik".

2018-ci ilin sentyabrında Soçidə rusiyalı həmkarı ilə görüşmüş pezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçub və "bu göstərici artmağa meyillidir".

Elə həmin bəyanatda Putin 2017-ci ildə ölkələr arasında qarşılıqlı əmtəə dövriyyəsinin həcminin 34 faizdən də çox olduğunu, 2018-ci ilin birinci yarısında isə mülki təyinatlı məhsulların satış həcminin 20 faiz artdığını və bunun çox yaxşı göstərici olduğunu əlavə etmişdi.

"Bu münasibətləri artıq korlamaq mümkün deyil"

Rusiya-Azərbaycan prezidentlərinin 2019-cu ilin oktyabr görüşündə Vladimir Putin Azərbaycan və Rusiya arasında "yaxşı perspektivlər" - planlar olduğunu deyib, üstəlik, Rusiya Prezidenti həmin perspektivlərin-planların əsas müəllifinin Azərbaycan Prezidenti olduğunu vurğulayıb.

Aydın MirzəzadəFotonun müəllifiMEYDAN TV
Image captionAydın Mirzəzadə

"Azərbaycan-Rusiya münasibətlərinin indiki mərhələsinin "mehriban qonşuluq" olduğunu deyən deputat Aydın Mirzəzadəyə görə, artıq bu münasibətləri "korlamaq" da mümkün deyil.

"Bu dostluğun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırkı Prezident tərəfindən də davam etdirilir. Vaxtaşırı Azərbaycan və Rusiya arasındakı münasibətləri korlamağa, ona kölgə salmağa çalışırlar. Ancaq artıq münasibətlər elə formada qurulub ki, onu korlamaq qeyri-mümkündür", o vurğulayır.

Parlamentin hüquq siyasəti komitəsinin üzvü hesab edir ki, dünyada münasibətləri tamamilə üst-üstə düşən iki ölkə yoxdur, ona görə də Rusiya və Azərbaycanın da bəzən "fərqli baxışları ola bilər".

"Lakin bu fərqli mövqelər yaxşı münasibət qurmağa qətiyyən mane olmur. Rusiya Azərbaycanın ərazi bütovlüyünü tanıyır. Bu bizim üçün çox vacibdir. Rusiya Dağlıq Qarabağ məsələsinin həlli üçün səy də göstərib. Biz istərdik ki, daha çox səy göstərsin, amma hər halda bu səy göstərməyin özü bizim üçün vacib məsələdir".

Cənab Mirzəzadə hesab edir ki, iki qonşu dövlətin bir çox məsələlərdə eyni maraqları olduğu üçün münasibətlər hər zaman yaxşı olacaq.

Alya Yaqublu
Image captionAlya Yaqublu

"Rusiyanın dəstəyi İlham Əliyevə indi daha çox lazımdır"

Siyasi təhlilçi Alya Yaqublunun fikrincə, 25 ildir ki, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası (YAP) rejimi "məhz Rusiyanın dəstəyi" ilə ömrünü uzadır.

Onun sözlərinə görə, Rusiya ilə "daha mehriban münasibətlər" sərgiləməsi İlham Əliyevə indi daha çox lazımdır, çünki hakimiyyət "xüsusi planlar qurur", növbədənkənar parlament seçkiləri planlaşdırıb və ortada növbədənkənar prezident seçkisi ehtimalı var.

Siyasi təhlilçi hesab edir ki, bu canlanmanın bir səbəbi həm də "Mehriban Əliyevanın prezidentlik planının reallaşmasına" yönəlmiş addım ola bilər: "Bundan əvvəl də Mehriban Əliyeva Putindən medal alıb. Bu gediş də Mehriban Əliyevanın yerini möhkəmlətmək üçün atılmış addımlar ola bilər".

Alya Yaqublunun fikrincə, "Azərbaycanda Əliyev rejimi hakimiyyətdə olduğu dövrdə ictimai rəy nə olursa-olsun, Rusiya ilə dostluq-qardaşlıq davam edəcək".

"Azərbaycanda Rusiyaya mənfi münasibəti Dağlıq Qarabağla bağlıdır, keçmiş müstəmləkəçiliyimizlə bağlıdır. Rusiyada da demokratik mühit qurulduqdan sonra hansi ki, artıq bizim ərazi bütovlüyümüzün bərpasına mane olmayacaq, o zaman münasibət dəyişəcək. Bizim Rusiya ilə keçmişimiz var. Bu gün bu qədər azərbaycanlı (hakimiyyət 1 milyona qədər deyir, təhlilçilər bu rəqəmin 2 milyon olduğunu iddia edir -red), həmin dövlətdə yaşayırsa, demək ki, xalqların bir-biri ilə ciddi problemi yoxdur. Bu, böyük siyasətin, hakimiyyətlərin problemidir", - Alya Yaqublu vurğulayır.

Samirə Qasımlı
Image captionSamirə Qasımlı

"Bu münasibətdə Rusiya da maraqlıdır"

Siyasi psixoloq Samirə Qasımlı hesab edir ki, münasibətlərin yaxşı olmasında yalnız Azərbaycan yox, Rusiya da maraqlıdır:

"Rusiya artıq Ukraynada etdiklərindən sonra daha ehtiyatlı davranır. Ukrayna xalqını itirdikdən sonra daha bir xalqı itirmək istəmir. Ona görə də bu ölkə keçmiş müstəmləkələri, eyni zamanda strateji müttəfiqləri ilə ehtiyatlı davranır".

Samirə Qasımlı iddia edir ki, hakim elitanın qeyri-rəsmi ünsiyyət dili ölkənin rəsmi Azərbaycan dili yox, rus dilidir.

"Bu isə tarixi keçmişlə birbaşa əlaqəlidir. Lakin bir məsələ var ki, ölkədə böyük bir kəsim, xüsusən gənclər artıq rus dilini bilmir. Onlar Qərb dövlətlərinin dilini öyrənir, Qərbə meyil edirlər. Beləliklə də deyə bilərik ki, Azərbaycan vətəndaşı ilə hökumətinin Rusiyaya münasibətləri fərqlidir", - siyasi psixoloq bildirib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.