AZƏRBAYCAN ÜÇÜN AVROPA BİTDİ! - Bundan sonra necə olacaq?

26-12-2019, 08:18   

Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Azərbaycanın xarici siyasətinin əsas prioritetlərini açıqlayıb. Dövlət başçısı Avropa İttifaqı ilə münasibətlərin üzərində geniş dayanıb, Bakının gələcək əməkdaşlıq planlarını və əsas maraqlarının nədən ibarət olduğunu aydınlaşdırıb. 

“Hesab edirəm ki, gələcək sazişdə həm strateji əhəmiyyət daşıyan məsələlər, həm də Azərbaycanı maraqlandıran, bizim maraqlarımıza xidmət edən məsələlər öz əksini tapmalıdır. Saziş bərabərhüquqlu tərəflər arasında imzalanmalıdır, saziş bütün bərabərhüquqlu əməkdaşlığa zidd olan məqamlardan azad olmalıdır. Bu təqdirdə, əlbəttə ki, sazişin imzalanması mümkün olacaq”, - Prezident bildirib.

Problem müxalifətin dediyi məsələ deyil...

Prezident burada altını cızdığı məqamlara nitqinin davamında aydınlıq gətirib. O, bir neçə əsas məqamı vurğulamazdan əvvəl qeyd edib ki, Azərbaycanın Avropa İttifaqının demokratiya və insan haqları ilə bağlı standartlarına uyğun olmaması barədə fikirlər spekulyasiyadır.

Xatırladaq ki, müxalifət və QHT nümayəndələri Bakı və Brüssel arasında danışıqların məhz bu səbəbdən dalana dirəndiyini bildiriblər. Onların gətirdiyi arqumentlərin başında Avropa Parlamentinin Azərbaycanla bağlı çıxardığı qətnamədə Brüsselə açıq çağırışın yer alması durur. Qətnamədə Avropa İttifaqına tövsiyə olunur ki, Azərbaycanda insan haqları və demokratiyanın durumu ilə bağlı ciddi öhdəliklər qoymadan Bakı ilə saziş imzalanmasın.

Amma Prezident bildirib ki, Avropa İttifaqı ilə sazişi əngəlləyən başlıca fikir ayrılığı Azərbaycanın Dünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlıdır. Hazırkı vəziyyətdə Azərbaycan iqtisadiyyatı bu təşkilata inteqrasiya edərsə, zərbə ala bilər. Sitat: “Bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Digər tərəfdən, bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq. Əgər biz indi Dünya Ticarət Təşkilatına üzv olsaq, bizim istehsalçılar, o cümlədən sənaye, kənd təsərrüfatı sektorlarında böyük problemlərlə üzləşə bilərlər. Ola bilsin ki, Azərbaycana keyfiyyətsiz və bizim bazarımızı zəbt etmək məqsədi daşıyan böyük həcmdə idxal məhsulları gələcək və beləliklə, yerli istehsala böyük ziyan vurulacaq”.

Prezident ÜTT-ə qoşulmağın daha bir problem yaradacağı barədə geniş danışıb. Qeyd edib ki, bu, Azərbaycanda kommunal xidmətlərin əhalinin gəlirləri ilə nisbətdə fantastik həddə bahalaşmasına gətirib çıxara bilər: “Belə bir bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Reallıqda bu nə deməkdir, bunu anlamaq o qədər də çətin deyil. Hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni, dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır. İxrac qiyməti isə bundan bir neçə dəfə böyükdür. Əgər biz öz təbii qazımızı daxili qiymətlərlə satsaq, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək. Çünki belə olan halda, ixrac qiyməti 58 dollar olmalıdır. Bu gün isə dünya bazarlarında, o cümlədən Avropa bazarlarında daxili qiymət, yəni, istehlakçıların ödədiyi qiymət təqribən 300, 400, 500 dollara bərabərdir. Bu, təqribən 1000 manata gəlib çıxacaq. Belə olan halda, biz daxili qiymətləri ən azı on dəfə qaldırmalıyıq. Belə olan halda, Azərbaycan vətəndaşları təbii qaz üçün 100 manat yox, 500 manat, ya da 700 manat ödəməli olacaqlar, bu, qətiyyən mümkün deyil”.

Azərbaycan üçün Şərq Tərəfdaşlığı bitib

Prezident İlham Əliyev Azərbaycanın da 2004-cü ildən qoşulduğu Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığın gələcək taleyinə də aydınlıq gətirib. Qeyd edək ki, proqram postsovet ölkələrindən Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Belarus və Ermənistanı əhatə edib. Burada əsas məqsəd bu ölkələrin daxili inkişafına töhfə vermək, vətəndaş cəmiyyətini gücləndirmək, iqtisadiyyatın bir sıra sahələrində texnoloji inkişafı dəstəkləməklə yanaşı onları gələcəkdə Avropa İttifaqına inteqrasiyaya hazırlamaqdan ibarət idi. Şərq Tərəfdaşlığı çərçivəsində üzərinə götürdükləri öhdəlikləri yerinə yetirən ölkələr Avropa İttifaqı ilə assosiativ üzvlüklə bağlı saziş imzalaya bilərlər. 

Xatırladaq ki, 6 ölkədən Moldova, Gürcüstan və Ukrayna artıq Avropa İttifaqı ilə assosiativ üzvlüklə bağlı saziş imzalayıblar, Ermənistan isə genişləndirilmiş Əməkdaşlıq Sazişinə imza atıb. Belarusa qoyulan sanksiyalara görə danışıqlarda hər hansı tərəqqi olmayıb. Azərbaycan isə assosasiya sazişindən imtina edərək Avropa İttifaqı ilə strateji tərəfdaş olmağa hazır olduğunu bildirib. Bir neçə ildir tərəflər arasında sözügedən sazişin hazırlanıb razılaşdırılması ilə bağlı ciddi iş gedir. Hazırda bu istiqamətdə vəziyyət necədir, dövlət başçısı ona detallı aydınlıq gətirib

Sitat: “Şərq Tərəfdaşlığı proqramına başqa ölkələrlə birlikdə qoşulduq. O vaxt bu proqramın nədən ibarət olacağı haqqında bizim təsəvvürümüz yox idi. Deyə bilərəm ki, son 10 il ərzində Avropa İttifaqı daxilində bir çox proseslər cərəyan edib. Hazırda təbii ki, Avropa İttifaqının gələcək fəaliyyəti, genişlənmə proqramı ilə bağlı fərqli fikirlər üstünlük təşkil edir. Yəni, 10 il bundan əvvəlki vəziyyət indiki vəziyyətlə ziddiyyət təşkil edir. Bu, birincisi.

İkincisi, Şərq Tərəfdaşlığına üzv olan ölkələri bir amil birləşdirir. O da ondan ibarətdir ki, bu ölkələr postsovet respublikalarıdır. Mən başqa birləşdirici amil görmürəm. Çünki ölkələrin həm xarici siyasəti fərqlidir, daxili vəziyyətdə böyük fərqlər var, təbii ki, iqtisadi inkişaf fərqlidir. Ona görə bu ölkələri bir proqramda birləşdirmək hesab edirəm ki, o vaxt üçün bəlkə də məqbul variant idi. Ancaq bu gün bu, belə deyil və bu ölkələrin bir neçəsi - daha doğrusu 3 ölkə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb. Bir ölkə genişlənmiş əməkdaşlıq müqaviləsi bağlayıb. Azərbaycan isə assosiasiya sazişini bağlamayıb və hazırda ikitərəfli saziş üzərində iş aparılır. Mən artıq bu barədə öz fikirlərimi bildirdim. Ona görə bu proqramın gələcəyi haqqında bir şey demək çətindir. Bu proqram bizə təqdim olunanda biz bəri başdan öz fikrimizi bildirmişik ki, ikitərəfli formata üstünlük veririk. Azərbaycan Avropa İttifaqından hər hansı bir imtiyaz gözləmir və proqramda iştirak edən bəzi ölkələrdən fərqli olaraq biz özümüzü təmin edən ölkəyik, biz artıq Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında sırf donor ölkəyə çevrilmişik. Yəni, biz artıq borc verən ölkəyik. O ki qaldı, Qərb texnologiyalarına, biz Qərb texnologiyalarını alırıq, heç kim bizə bunu müftə vermir. Ona görə proqramda bizim mövcudluğumuz qalır, ancaq, sözün düzü, biz buna o qədər də böyük əhəmiyyət vermirik. Çünki bu proqramın çox dəqiq məramı və məqsədi bizim üçün aydın deyil. Əgər bu, Avropa inteqrasiyasıdırsa, artıq hər kəsə bəllidir ki, postsovet respublikaları üçün bu məqsəd əlçatmazdır. Əgər hansısa başqa bir ölkələr arasındakı əməkdaşlıqdan söhbət gedirsə, bu ölkələrin bəziləri ilə bizim sıx əlaqələrimiz var, bəzi ölkələrlə ümumiyyətlə əlaqələrimiz çox aşağı səviyyədədir, Ermənistanla isə müharibə şəraitindəyik. Ona görə bu proqramda bu ölkələri birləşdirmək və hansısa bir istiqamətə yönləndirmək cəhdləri hesab edirəm ki, bu proqramı təsis edənlər tərəfindən icra olunmadı. Ona görə biz proqramdan çıxmırıq, ancaq proqramda da fəal iştirak etmək fikrində deyilik”.

Prezident rəsmi Bakının mövqeyini tamamilə aydın şəkildə ifadə edib: Azərbaycan Şərq Tərəfdaşlığı proqramında iştirak etməyəcək. Belə demək mümkünsə, Bakı üçün Avropa İttifaqının bu layihəsi bitib və əhəmiyyət daşımır. Strateji Tərəfdaşlıq Sazişi ilə bağlı danışıqların da dalana dirəndiyini qeyd etmək olar: Azərbaycan prinsipial hesab etdiyi məsələlərdən geri çəkilməyəcək. Brüsselin mövqeyində hansısa dəyişikliklər edəcəyi, yaxud danışıqları dayandıracağı məlum deyil. Çox güman, Azərbaycanda fevrlın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra bu məsələyə konkret aydınlıq gətiriləcək.

Avrointeqrasiya kursu: bu qədər yol kifayətdir...

Ümumilikdə dövlət başçısı Azərbaycanın Milli Təhlükəszilik Konsepsiyasında əksini tapan Avrointeqrasiya kursu ilə bağlı da hökumətin mövqeyini konkretləşdirib: “Hesab edirəm ki, biz artıq Avrointeqrasiya istiqamətində öz addımlarımızı atmışıq və gələcək addımlara həm ehtiyac yoxdur, həm də o addımlar nəticəsiz olacaq. Misal üçün, biz ATƏT-in üzvüyük. ATƏT Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatıdır. Biz 2001-ci ildən Avropa Şurasına üzv olmuşuq və artıq 20 ilə yaxındır ki, bu təşkilatda fəaliyyət göstəririk. Bu, Avrointeqrasiyanın bir növüdür. Eyni zamanda, Azərbaycan Avronest Parlament Assambleyasında da təmsil olunur. Belə olan halda, hesab edirəm ki, bu istiqamətdə mümkün olan addımlar atılıbdır və həm gələcək addımların atılmasına ehtiyac yoxdur, həm də bunun nəticəsi olmayacaq. Çünki əgər biz Avrointeqrasiya deyəndə Avropa İttifaqına üzvlük haqqında danışırıqsa, bu, tamamilə qeyri-mümkündür”.

Ölkə başçısı bu siyasətin əsas tutulmasında Avropa İttifaqının daxilində gedən prosesləri, üzvlük üçün maraciət edən ölkələrin hazırki durumunu göstərib. Eyni zamanda Türkiyəyə qarşı uzun illər davam edən ikili standartları misal çəkib. Paralel olaraq adını çəkməsə də, Ukraynanın məhz bu səbəbdən parçalandığını, Rusiya ilə ağır müharibəyə sürükləndiyini vurğulayıb. Sitat: “Bəziləri üçün bu addımlar çox baha başa gəldi, bu, ölkələrdə daxili qarşıdurmaya, böyük etirazlara gətirib çıxardı. O ölkələrin cəmiyyətləri parçalandı. Nəyə görə onlar bu addımı atdılar? Onlara söz verildi ki, sizin gələcəyiniz var, siz bunu, bunu, bunu etsəniz biz sizi qəbul edəcəyik. Amma indi Avropanın aparıcı ölkələrinin liderləri deyirlər ki, artıq heç kimi qəbul etməyəcəyik. Hesab edirəm ki, hətta uzunmüddətli perspektivdə Avropa ölkələri üçün belə imkan yoxdur”.

Bakının konkret mövqeyi

Prezident Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin gələcək taleyi ilə bağlı fikirlərini belə yekunlaşdırıb: “Tutaq ki, sabah bizə dedilər, bax, Azərbaycan belə ölkədir ki, biz Azərbaycanı filan tarixdə qəbul edəcəyik. Bu, bizə lazımdırmı? Avropada gedən proseslərə hər bir vətəndaş nəzər yetirəndə görür ki, hansı hadisələr baş verir, o cümlədən dini zəmində, milli-mənəvi dəyərlər zəminində. Bu proseslər bizə uyğundurmu? Əlbəttə ki, yox və bunu açıq deməliyik. Ona görə bəzi hallarda Avropa İttifaqının bayraqları ilə küçələrə çıxmaq istəyən müxalifət nümayəndələri bilməlidirlər ki, onlar nə istəyirlər? İstəyirlər ki, Azərbaycanın taleyi Brüsseldəmi həll olunsun? İstəyirlər ki, bizim əsrlərboyu qoruduğumuz dəyərlər məhv olsun? Biz bu dəyərləri əsrlərboyu qorumuşuq, hətta müstəqil olmayan dövrdə. Başqa ölkələrin, imperiyaların tərkib hissəsi olan dövrdə dilimizi də, dinimizi də, dəyərlərimizi də, ənənələrimizi də, həyat tərzimizi də qorumuşuq. İndi belə olan halda müstəqillik dövründə biz özümüz öz taleyimizi kiməsə əmanət edə bilərik? Qətiyyən yox və qətiyyən biz buna gedə bilmərik. Bizim öz tariximiz, öz mədəniyyətimiz, öz dəyərlərimiz var. Ona görə onlar bizə təklif versə belə, buna qətiyyən getmək olmaz”.

Nə qədər ki, qlobal aktorların mövqeyi dəyişməyib...

Prezidentin bu çıxşından yekun olaraq belə nəticə çıxarmaq mümkündür ki, Azərbaycan xarici siyasətini ancaq ikitərəfli münasibətlər üzərində qurur. Bloklara, ittifaqlara qoşulmamaq niyyətindədir. Bu siyasət Bakının həm iqtisadi, həm də siyasi tərəfdaşlarına aiddir. Türkiyə yeganə ölkədir ki, münasibətlər bir çox faktorlara görə fərqlənir və Bakı-Ankara münasibətləri müttəfiqlik səviyyəsindədir. Son vaxtlar bir sıra yüksək səviyyəli görüşlər keçirilsə də, bu münasibətləri Rusiya ilə əlaqələrə şamil etmək mümkün deyil. İki ölkə arasında əlaqələrin xarakteri bir sıra mürəkkəb problemlərlə bağlıdır ki, onun başında Qarabağ münaqişəsi dayanır. Bakı maksimum ehtiyatlı davranmaq istəyir ki, Rusiyadan hər hansı zərbə almasın. Avropa İttifaqı ilə sərhədlərin konkretləşdirilməsinin səbəblərindən biri bu reallıqdır. Nə qədər ki, qlobal aktorların mövqelərində və imkanlarında dəyişiklik yoxdur, Bakı xarici siyasətini passiv rejimdə davam etdirməyə çalışacaq.

Rasim ƏLİYEV 

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.