Xruşovun sözünü kəsən, Qaqarini vurmaq istəyən aktyor – onu nazir Furtseva xilas edib

26-12-2019, 14:03   


O, 1950-ci illərdə sovet kinosunun bir nömrəli ulduzu sayılıb, gənc olmasına baxmayaraq, milyonlarla tamaşaçı sevgisi qazanıb. 1960-cı ildə isə Nikolay Rıbnikov tam fərqli bir qütbdə, siyasi müstəvidə qalmaqallı bir hadisə ilə gündəmə düşüb.

Həmin il Nikita Xruşov Moskva ətrafındakı “Arxangelsk” malikanəsində mədəniyyət və incəsənət nümayəndələri ilə ənənəvi görüş keçirib. Ötən illərdə olduğu kimi, bu dəfə də tədbir təbiət gəzintisindən başlanıb. Daha sonra səhnə adamları ilə Xruşovun qeyri-rəsmi şəraitdə görüşü keçirilib, onlar müxtəlif mövzularda söhbət ediblər, fikir mübadilsi aparıblar. Sonda Xruşov incəsənət nümayəndələrinin şərəfinə ziyafət verib.

Həmin görüşə Nikolay Rıbnikov da aktrisa olan həyat yoldaşı Alla Larionova ilə birlikdə dəvət alıb.

Adəti üzrə ziyafətdə birinci sağlığı Xruşov söyləyib. Bu dəfə də o, qədəhini götürərək uzun-uzudı çıxışına başlayıb. Yaradıcı insanlar üçün Xruşovun tostuna qulaq asmaq sözün əsl mənasında əzaba çevrilib. İncəsənətdən anlayışı olmayan Xruşov bu sahənin adamlarına rəsmləri necə yaratmaqdan, filmləri necə çəkməkdən, teatr səhnəsindən, heykəltaraşlıqdan, bədii əsərlərin yazılmasından “dərs” keçməyə başlayıb. Amma ötən illərdən fərqli olaraq bu dəfə onun “mühazirə”sini yarımşıq qoyublar.

Ziyafətin başlanmasına qədər “vurduğu” yarım litr konyakdan sonra daha da cürətlənən Nikolay Rıbnikov Xruşovun sözünü kəsib:

- Nikita Sergeyeviç, Allah xətrinə, bu mövzunu bağlayın, siz bizə siyasətdən, Kubadan, Amerikadan danışın...

29 yaşlı aktyorun gözlənilməz müdaxiləsi onsuz da çılğın olan Xruşovu daha da qıcıqlandırıb:

- Qəzetləri oxuyun, orada hər şey yazılır, siz siyasi cəhətdən savadsız və əxlaqsız bir adamsınız.

Xruşov bu sözləri dedikdən sonra əlindəki dolu qədəhi zərblə stola çırpıb.

Bu məqamda qara kostyumlu, hündürboy bir kişi aktyora yaxınlaşıb və qəzəbli tonda soruşub:

- Siz həqiqətən də buranı tərk etmək istəyirsiniz?

- Bəli, biz buradan getmək istəyirik.

O, həyat yoldaşının əlindən tutaraq malikanənin böyük həyətini tərk edib. Tanımadığı adamlar cütlüyü maşınla evlərinə qədər aparıblar. Sərxoş vəziyyətdə olan Rıbnikov gecə yarısı ayılıb və həyat yoldaşına ilk sualı belə olub:

- Mən çox sərt danışdım?

- Yox, bu danışmaq deyildi, bu açıq şəkildə Xruşovu təhqir etmək idi, özü də hamının yanında...

Səhər tezdən işlədiyi “Mosflim”in direktoru Vladimir Surin ona zəng vurub:

- Nikolay Nikolayeviç, siz dünən nə etmisiniz? Hamı sizin “Arxangelsk”dəki hərəkətinizdən danışır. Artıq mənə xəbərdarlıq olunub ki, sizi studiyaya buraxmayım.

Rıbnikov gözlərinin önünə həbsxana barmaqlıqlarını gətirib və gözləyib ki, onu elə bu dəqiqlərdə həbs edəcəklər.
Rıbnikovun gərgin anları uzun çəkməyib, SSRİ mədəniyyət naziri Yekaterina Furtsevanın zəngi aktyorun həyəcanına son qoyub:

- Sabahdan işini davam etdirərsən, mən Xruşovla danışdım, o, səni bağışladı. Amma bu gündən sonra dilinə sahib ol.

Beləliklə, Rıbnikov Xruşovun qəzəbindən xilas olub.

Nikolay Rıbnikov 1930-cu ildə Voronejdə anadan olub. Müharibə başlananda atası cəbhəyə yollanıb və döyüşlərdə həlak olub. Bundan sonra ailə Voronejdən təxliyə olunaraq hələ ki, döyüşlərdən uzaq olan Stalinqrada köçürülüb. Çox keçməmiş aktyorun anası da vəfat edib. Kimsəsiz qalan Rıbnikov ağır uşaqlıq illəri yaşayıb. Stalinqradda döyüş əməliyyatları başlananda və əhali təxliyə ediləndə Volqa çayının o biri sahilinə keçmək üçün qayıqlarda Rıbnikova yer tapılmayıb. O, məcburi şəkildə qayığın bir tərəfindən yapışaraq suyun içi ilə o biri sahilə keçə bilib. Sonralar özü yazdığı kimi, həmin anlar sağ qalmasını möcüzə sayıb.

Müharibədən sonra Rıbnikov yenidən Stalinqrada qayıdıb, 5 saylı şəhər məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra Stalinqrad tibb institutuna qəbul olunub. Uşaqlıqdan aktyorluğa böyük həvəsi olan Rıbnikov tibb institutunda təhsilini yarımçıq qoyub, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya instituna qəbul olunub. Bu institutda təhsil alarkən Rıbnikov aktyorluq talantı ilə fərqlənib, müəllimləri onun gələcəkdə böyük aktyor olacağına ümid ediblər.

Fərqlənən tələbə olsa da, Rıbnikovu ikinci kursda institutdan xaric ediblər. Belə ki, gələcəyin məşhur aktyorunda güclü parodiya etmək, məşhurları yamsılamaq istedadı da olub. 1951-ci ildə o, institutun qarderobundakı şkafda gizlənərək kiçik səsgücləndirici cihazla Yuri Levitanın səsi ilə hamının marağına, sevincinə səbəb olan bir məlumat səsləndirib. Məlumatda aprel ayının 1-də ərzaq məhsullarının 5 dəfə, alkoqollu içkilərin 7 dəfə ucuzlaşması, duz və kibritin pulsuz olacağı söylənilib. Məlumatı tələbə və müəllimlər böyük alqışlarla qarşılayıblar, institutun dəhlizlərindən “Yaşasın Stalin” şüarları səslənib. Bir neçə dəqiqədən sonra Rıbnikovun zarafatı aşkar olunub və onu institutdan xaric ediblər. Çox keçməmiş o, yenidən instituta bərpa olunub.

Rıbnikov aktyor kimi ilk fəaliyyətinə Moskva kinostudiyasında başlayıb. Qısa müddət ərzində yaratdığı rollarla məşhurlaşıb. O, 50-dən artıq filmə çəkilib, “Qızlar”, “Bizim küçənin komandası”, “Azadlıq”, “Hərb və sülh”, “İkinci bahar”, “Hokkeyçilər”, “İki həyat” və digər filmlər məhz Nikolay Rıbnikovun böyük yaradıcılıq imkanları sayəsində böyük tamaşaçı auditoriyası qazanıb.

Aktyor öz şəxsi həyatını da çəkiliş meydançalarında tapıb. O, məşhur aktrisa Alla Larionova ilə ailə həyatı qurub və onlar bir çox filmlərdə tərəf-müqabili olublar. Cütlüyün bir-birilərinə olan sevgisi dillər əzbərinə çevrilib. Hətta bir dəfə Rıbnikov öz həyat yoldaşına görə dünyada tanınmış bir şəxsə əl qaldırmaq istəyib.

Belə ki, ziyafətlərin birində Yuri Qaqarin Rıbnikovun həyat yoldaşına xüsusi diqqət göstərib və zarafatla aktyora deyib:

- Nikolay, icazə versəydin, Allanı sevərdim.

Hədsiz dərəcədə qəzəblənən Rıbnikov kosmonavta səsinin tonunu qaldıraraq cavab verib:

- Göylərin qanunu yerdə işləmir və sən də özünü çox yüksəklikdə hiss etmə.

Bu sözləri dedikdən sonra Rıbnikov Qaqarinin üstünə getmək istəyib, ətrafdakılar ona mane olub.

1980-ci illərin sonlarında digər sahələrdə olduğu kimi kino və teatrda yarana problemlər Rıbnikovun aktyor karyerasını zəiflədib. Az qazancla yaşamağa məcbur olan aktyor içkiyə qurşanıb. Sağlamlığında kifayət qədər problemlər yaradan bu həyat tərzi onu ömrünün sonuna yaxınlaşdırıb.

Bir çox mükafatların laureatı, Rusiyanın xalq artisti Nikolay Rıbnikov 22 oktybr 1990-cı ildə, 59 yaşında yuxuda olarkən ürəktutmasından vəfat edib. O, Moskvada, Troekurovski qəbirstanlığında dəfn olunub.

Aktyorun həyat yoldaşı Anna Larionova da 10 ildən sonra eyni diaqnozla yuxuda olarkən vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.