ATƏT 9 fevral seçkisilə bağlı hesabat yaydı

27-12-2019, 09:49   

ATƏT/DTİHB-in tövsiyələri – sərbəst toplaşmaq azadlığının təminatı, seçki administrasiyasının tərəfsizliyi, namizədlərin qeydiyyatı, media mühiti, seçki günü prosedurları nəzərə alınmayıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) fevralın 9-da növbədənkənar parlament seçkiləri ilə bağlı ehtiyacların dəyərləndirilməsi hesabatını yayıb.

Hesabatda bildirilir ki, Azərbaycanda seçkiqabağı mühiti və qarşıdakı seçkilərə hazırlıq prosesini qiymətləndirmək üçün ATƏT/DTİHB-nin Ehtiyacların Qiymətləndirilməsi Missiyasının üzvləri dekabrın 19-21-dək Azərbaycanda səfərdə olub.

DHTİB-nin Ehtiyacların Qiymətləndirilməsi Missiyasına ali seçki məsləhətçisi Aleksey Qromov və seçki məsləhətçisi Radivoje Qrujiç daxildir.

Həmçinin ATƏT Parlament Assambleyasının proqram və inzibatçı direktoru Tim Knoblau da prosesdə iştirak edib.

Məqsəd ölkədə seçkiqabağı mühiti və seçkilərə hazırlığı qiymətləndirmək olub. Bu dəyərləndirmə əsasında DTİHB qarşıdan gələn seçkilərdə fəaliyyətlə bağlı qərar verir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bildirir ki, DTİHB-nin daha öncəki tövsiyələri ilə əlaqədar seçki qanunvericiliyinə heç bir dəyişiklik edilməyib. Buraya sərbəst toplaşmaq azadlığının təminatı, seçki administrasiyasının tərəfsizliyi, namizədlərin qeydiyyatı, media mühiti, seçki günü prosedurları məsələləri daxildir. Hakimiyyət isə açıqlıq, şəffaflıq və ədalət prinsiplərinə uyğun olaraq seçki keçirməyə sadiqliyini vurğulayıb.

ATƏT missiyasının müsahibləri namizədlərin qeydiyyat prosesində tərəfsizliyin qorunmasından, özəlliklə imzaların təsdiqlənməsi prosedurundan narahatlıq ifadə ediblər.

Onların fikrinə görə, konstitusiyada nəzərdə tutulmağına baxmayaraq, fundamental sərbəst toplaşmaq və ifadə azadlıqları kəskin şəkildə məhdudlaşdırılır, hökumətlə bağlı tənqidi fikir səsləndirənlər sistematik qısnama və cinayət təqibinə məruz qalır.

Hesabatda ifadə və media azadlığının, informasiyaya çıxışın konstitusiyada nəzərdə tutulmasına baxmayaraq, difamasiyaya görə cəzanın qüvvədə qaldığı, bunun artıq onlayn kontentə də aid edildiyi vurğulanır. Televiziya siyasi informasiyanın əsas mənbəyidir, bu məqsədlə sosial media və internetdən istifadə də artır.

DTİHB növbədənkənar parlament seçkiləri ilə bağlı ölkəyə Seçki Müşahidə Missiyası yerləşdirməyi tövsiyə edir, ATƏT üzvlərinə 30 uzunmüddətli, 350 qısamüddətli müşahidəçi göndərmək tövsiyə olunur.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.