Əziz Rzazadə
Strateq.az
“Xatirat”ın davamını təqdim edirəm…
14 mart 1995
ECO Zirvəsi üçün “Marriott” otelinə getdik…
…Naharda baş nazir Bhuttonun qonağı olduq. Günorta yeməyindən əvvəl xarici işlər naziri ilə birlikdə gəlmiş azərbaycanlı din xadimi cənab [Allahşükür] Paşazadə ilə söhbətimiz oldu. Soruşdum ki, cənab Əliyev niyə gəlmədi? Dedi ki, şimal-qərbdəki bir şəhərdə müstəqillik tələb edən (itaətsizlik edən – Ə.R.) bir polis rəisinə görə (söhbət Xüsusi Təyinatlı Polis Dəstəsinin – XTPD-nin rəhbəri Rövşən Cavadovun rəhbərliyi ilə dövlət çevrilişi cəhdindən gedir – Ə.R.) ölkədə qalıb ki, fitnənin qarşısını alsın. Dedi, Azərbaycanda hökumət populyarlığını itirib, Azərbaycanda cənab Seyyid Məhəmməd Ruhaninin (Ayətullahül-Üzma Seyyid Məhəmməd Sadiq Ruhani – Ə.R.) mərcəiyyət nüfuzu Ayətullah Xamnəinin nüfuzundan daha genişdir, çünki o, pul verib təbliğat apardır, müxalifət də siyasi cəhətdən onların təbliğatına qoşulub.
15 mart 1995
Ondan əvvəl (Tacikistan prezidenti İmoməli Rahmon – Ə.R.) Azərbaycanın xarici işlər naziri (Həsən Həsənov – Ə.R.) gəldi. Dedi ki, Əliyevin [ECO sammitində] yoxluğuna səbəb şimal polisinin qiyamı və Dağlıq Qarabağ məsələsindəki narahatlıqdır.
Nə müharibə etmək gücləri var, nə də status-kvonun davam etməsinə dözümləri. Onlar Rusiyanı ermənipərəst hesab edir və Rusiya ilə ahəngdar münasibətlərin yoxluğunu Rusiyanın ekspansionist tələbləri ilə əlaqələndirirlər, o cümlədən Azərbaycan ərazisində hərbi baza qurmaq, cənub sərhədlərində mövcudluq və Xəzər dənizində Rusiyanın müstəsna hegemonluq istəyi ilə.
Və… İranın qaynaqlarını qorumaq məramı ilə bu tələbləri birtəhər rədd etdiklərini deyir, bizə minnət qoyaraq daha çox dəstək gözlədiklərini təvəqqe edirlər.
16 may 1995
Ermənistanın baş naziri [cənab Herand Baqratyan] və yoldaşları gəldi. Prezidentin məktubunu gətirmişdilər; qaz, elektrik və ticarət sektorundakı razılaşmalardan məmnun idilər. Mən də Qarabağ münaqişəsinə son qoyulmasının zəruriliyini vurğuladım.
24 noyabr 1996
Azərbaycanla Ermənistan arasında barışıq ehtimalı müzakirə edildi. Doktor Həbibinin gətirdiyi xəbərə görə, azərbaycanlılar Qarabağa muxtariyyət verməyə hazırdırlar.
***
Beləliklə, mərhum Haşimi Rəfsəncaninin gündəliyindən böyük bir bölümlə tanışlığınız oldu.
Davam, ya tamam?
Əslində, sabiq İran prezidentinin Azərbaycanla bağlı qeydləri 1980-lərdən başlayır. Onun “Quruculuq və tərəqqi” kitabındakı xatirələri də bunu deməyə əsas verir.
Haşimi Rəfsəncaninin Azərbaycana ilk səfəri bu dövrə təsadüf edir. Kitabda bununla bağlı qeyd olunub:
“İraqla müharibədə atəşkəs elan edildikdən sonra sovet rejimini dəyişdirməsi ilə dünyada şöhrət qazanmış cənab [Mixail] Qorbaçov 12 noyabr 1988-ci ildə bizə mesaj göndərdi. Məni Sovet İttifaqına səfərə dəvət edirdi.
İmamla məsləhətləşdikdən sonra səfərin prinsipi ilə razılaşdıq. Yeni vəziyyəti, İmamın Qorbaçova yazdığı məktubu və münasibətlərdəki mənfi izləri nəzərə alaraq, Əfqanıstandakı problemlər və müharibədə Sovetlərin İraqa dəstəyinə görə bu dəvət mediada və daxili və xarici dairələrdə geniş əks-səda tapdı.
22 may 1989-cu ildə səfər qətiləşdi və Sovet İttifaqından başqa paralel olaraq SBolqarıstana dəvət olunmuşdum. Səfərin vaxtı ilə bağlı çoxlu müzakirə apardıq, amma ruslar razılaşmadı və Bolqarıstana səfərin təxirə salınmasını istədilər.
Qorbaçovun yüksək səviyyəli nümayəndə heyəti ilə iki ölkənin siyasət, iqtisadiyyat, müdafiə, silah satışı, nüvə energetikası və s. sahələrdə aparılan danışıqlar, müzakirələr nəticəsində vacib və əhatəli razılaşmaların əldə olunması əhəmiyyətli idi. Təəssüf ki, onun bir hissəsi hələ də tam olaraq həyata keçirilməyib.
O dövrdə Leninqrad və Bakı səfəri Sovet İttifaqına səyahət çərçivəsində çox vacib idi”.
Bu məqamda diqqəti “Xatirat”dan ayırıb mərhum Hacı Əlikram Əliyevin qeydlərinə yönəltmək istəyirəm. Haşimi Rəfsəncaninin memurlarının tərtibçiləri Bakıya ilk səfərlə bağlı onun xatirəsinə də yer ayırmağı vacib sayıblar. Məncə, düzgün qərardır, çünki Hacı Əlikramın qeydləri o dövrü və Haşimi Rəfsəncaninin Azərbaycana ilk gəlişinin yaratdığı coşqunu rəssam fırçası kimi təsvir edir:
“Cənab Haşimi Rəfsəncaninin Sovet İttifaqına gələcəyinə əmin olduğumuz zaman biz, 8 hacı Moskvaya getdik, ancaq onunla görüşə bilmədik. Bir Moskva müsəlmanının möcüzəvi köməyi ilə bilet alıb Bakıya qayıtdıq. Telefonla xalqa məlumat verdik və Rəfsəncaninin Azərbaycana gələcəyi vəd olunan gün onu qarşılamağa çıxdıq.
Böyük izdiham toplandı və onun istiqbalı zamanı insanlarda qəribə bir sevgi vardı.
Hökumət azərbaycanlı qızlardan ibarət rəqqasələrlə Rəfsəncanini qarşılamaq istəyirdi. Azərbaycanlı dindarlardan biri olan Hacı Nadir dedi ki, cənab Haşimi İslamı təmsil edir və təhdid etdi ki, rəqqasələr yığışdırılmazsa, hamısını qanına qəltan edəcək.
Hökumətin planı ləğv edildi…”