Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qarşıdan gələn parlament seçkiləri ilə bağlı toplanması ölkə gündəmi oldu.
Partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov təmsil olunduğu qurumun deputatlığa namizədlərin siyahısı barədə Modern.az-ın suallarını cavablandırıb.
O, qeyd edib ki, siyahının dəqiqləşdirilməsi üçün partiya geniş tədqiqat aparıb: "5 il müddətində partiyanın deputat olan üzvlərinin parlamentdə fəaliyyəti, seçicilərlə münasibətləri, öz dairəsindən olan şəxslərin problemlərinin parlamentdə qaldırılması, beynəlxalq aləmdə Azərbaycanı təmsiletmə, dövlətçilik və digər məsələlərlə bağlı atdıqları addımlar nəzərə alınıb. Bunun nəticəsi olaraq, növbəti siyahı hazırlanarkən həmin məsələlər önə çəkilir. Tədqiqatların nəticəsində hansı xarakterli namizədlərin irəli sürülməsi, köhnə namizədlərin yenidən irəli sürülüb-sürülməməsi məsələsi seçicilərlə sosiaoloji sorğu şəklində müzakirə olunub. Nəticədə partiyanın namizədlər siyahısı tərtib edilib. Bundan əlavə partiya sədrinin tapşırıq və göstərişləri də bu məsələdə xüsusi nəzərə alınır. Həyata keçirilən islahatlar, burada Milli Məclisin oynadığı rol, xüsusilə YAP üzvləri tərəfindən qarşıya qoyulan vəzifələrin necə yerinə yetirilməsi diqqətə alınır”.
Siyavuş Novruzov onu da vurğulayıb ki, partiya həm gənclərin, həm də qadınların bütün seçkilərdə iştirakına üstünlük verib: "Bundan öncə keçirilən bələdiyyə seçkilərində də xeyli gənclərin və qadınların namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Parlament seçkilərində də namizədlərimiz arasında gənclər, qadınlar üstünlük təşkil edir”.
YAP rəsmisinin sözlərinə görə, partiya 123 dairədən namizəd irəli sürüb: "Cəmi iki dairədən namizəd irəli sürməmişik. Naxçıvan Muxtar Respublikasında 3 saylı seçki dairəsindən və Xankəındi seçki dairəsindən namizədimiz yoxdur. Qalan bütün dairələrdən namizədlərimiz var. Deputat həmkarlardan bəzilərinin siyahıdan kənarda qalmasına gəlincə isə bu qərar YAP idarə heyətinin qərarıdır”.
Novruzov onu da əlavə edib ki, Yeni zərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısı Mərkəzi Seçki Komissiyasına təqdim olunub: "Kim maraqlanırsa, oradan götürə bilər”.