Mayya Liuhto
“Əl-Cəzirə”, 26.12.2019
Dekabrın 10-da beşpartiyalı koalisiya hökumətinə rəhbərlik edən Finlandiyanın solçu sosial-demokratları 34 yaşlı nəqliyyat və rabitə naziri Sanna Marini ölkənin yeni baş naziri seçiblər.
Qərar nisbətən naməlum bir siyasətçiyə bir gecədə beynəlxalq məşhurluq gətirib, axı, hər gün Marin kimi cavan bir qadın ölkəyə rəhbərlik etmək şansı qazanmır.
Dünyada dərc edilən və göstərilən saysız-hesabsız məqalə və telexəbərlərdə onun qəfil siyasi yüksəlişi “feminizmin qələbəsi” kimi qeyd edilib və Finlandiya “mütərəqqi”liyə görə təriflənib.
Marinin zəfəri bir çoxları tərəfindən Finlandiyada və ondan kənarda Nordik gender bərabərliyinin təzahürü olaraq qəbul edilib. Ancaq Finlandiya, həqiqətən, gənc qadının lider olması üçün unikal məkandırmı? Daha əhəmiyyətlisi, bir qadın liderinin olması ölkənin gender bərabərliyinin qəti sübutudurmu?
Bu meyara görə, çox vaxt “dərin mühafizəkar” və “patriarxal” adlandırılan və hətta qadınlar üçün dünyada ən təhlükəli məkan sayılan Pakistan, məsələn, 30 il əvvəl Finlandiya qədər inkişaf etmiş görünürdü. 35 yaşlı qadın – Bənəzir Bhutto baş nazir seçilmişdi.
O vaxtlar Bhutto nəinki dünyanın ən gənc baş naziri, eyni zamanda, ölkənin ən yüksək vəzifəsini tutan ilk müsəlman qadın idi. Bunun əksinə olaraq, Finlandiya ilk və yeganə qadın prezidentini on il sonra, 2000-ci ildə və ilk qadın baş nazirini 2003-cü ildə seçib.
Pakistan qadın dövlət başçısının seçilməsi üçün “mütərəqqi” Finlandiyanı məğlub edən yeganə “mühafizəkar”, əsasən müsəlmanlardan ibarət ölkə deyil. Xalidə Ziya 1991-ci ildə Banqladeşin, Tansu Cillər isə 1993-cü ildə Türkiyənin ilk qadın baş naziri seçilib.
Qlobal cənubun bir hissəsi olan və Qərbdə qadınlara qarşı “təhlükəli” və ya “düşmən” sayılan digər dövlətlərin də qadın liderləri olub. Şri-Lankanın ilk qadın baş naziri Sirimavo Bandaranaike 1960-cı ildə seçilib, İndira Qandi 1966-cı ildə Hindistanın baş naziri olub.
Hakimiyyət zirvəsinə yüksəlişi ölkəsinin feminist dəyərlərinin nəticəsi olaraq görülən Marindən fərqli olaraq, Bhuttonun vəzifə yüksəlişi anomaliya kimi qiymətləndirilib.
Keçmiş baş nazir Zülfüqar Əli Bhuttonun qızı olaraq Bhutto siyasi sülalə təmsilçisi idi və erkən yaşlarından siyasi karyera qururdu. Ailənin var-dövləti və statusu ona Harvard və Oksfordda təhsil alma imkanı verib.
Atası 1979-cu ildə hərbi diktator Ziyaül-Haqqın əmriylə edam olunduqdan sonra o, ölkədə demokratiyanın bərpası uğrunda mübarizəyə rəhbərlik edib. Ancaq siyasiləşmiş ailəsi, elit statusu və Pakistan cəmiyyətinin feodal mahiyyəti olmasaydı, o, yəqin ki, heç vaxt bunu edə bilməzdi.
Bhutto cinsi mənsubluğuna görə iki səlahiyyət müddətində əlavə maneələrlə qarşılaşıb və qadın iradəsinə tabe olmaq istəməyən mühafizəkar qüvvələrin təzyiqini əzməli olub.
Onun baş nazir seçilməsi Pakistandakı qadınlar üçün əsl qələbə idimi?
Ölkədəki qadınları vəziyyətini yüksəltmək və gücləndirmək üçün lider statusundan istifadə edibmi?
Həqiqətdə, Ziyaül-Haqqın dövründən qalan repressiya qanunları, qadın hüquqları qruplarının narahatlığına baxmayaraq, Bhuttonun iqtidarı dövründə toxunulmaz qalıb. Bundan əlavə, o, qadın əleyhdarı olan “Taliban” rejimini tanımaqla, qonşu Əfqanıstanda qadınlara edilən zülmə töhfə verib.
Marinin mənşəyi, əksinə, fəhlə sinfindəndir. Ölkəsində yaşayan hər bir uşağa pulsuz və keyfiyyətli təhsil təklif edilir, Pakistandan fərqli olaraq, pul və əlaqələrin yoxluğu baş nazir olma şansına maneə törətmir, odur ki, siyasi sistemdə ən yüksək pilləyə qalxmağı bacarıb.
Üstəlik, Finlandiyada qadınların işçi sinfindən olması təhsil almaq və siyasi təmsilçilik üçün əla şansdır. Pakistan bu reytinqlərdə ən aşağı səviyyədədir.
Ancaq bunların heç biri Finlandiyanın feminizm utopiyası, Pakistanın isə qadınların heç vaxt özlərini təhlükəsiz hiss edə bilmədiyi ölkə olduğunu ifadə etmir.
Hər iki ölkədə vəziyyət bundan daha mürəkkəbdir.
Bütün stereotiplərə baxmayaraq, Pakistan cəmiyyətinin bütün təbəqələri qadınlara düşmən deyil. Bu ölkədə Qərbdə nadir hallarda görünən liberalizm ocaqları var; təhsilli elitanın həyat tərzi Qərb elitasına heyrətamiz dərəcədə bənzəyir; cəmiyyətin aşağı təbəqələrində belə qızların təhsil almasına və şəxsi həyatlarını öhdələrinə buraxan ailələr var. Bir çox pakistanlı qadın, məsələn, polis kimi kişilərin üstünlük təşkil etdiyi sahələrdə çalışaraq stereotipləri dağıdır.
Bunlar qaydada istisnalar ola bilər, lakin bütün ölkə eyni fırça ilə rənglənməməlidir.
Finlandiyanın gender bərabərliyi uğrunda mübarizə, şübhəsiz, tamamlanmayıb və ölkə cinsi zülm, zorakılıq və ayrıseçkilikdən azad deyil.
Əvvəla, ölkənin siyasi tarixində kişilər üstünlük təşkil edir, yalnız 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində qadın nazirlərin sayı demək olar ki, sıfırdan yüksəlməyə başlayıb. Bu ilin əvvəlində bir qadın nazirin – Annika Saarikkonun Finlandiyada vəzifədə olarkən, hamiləliyi müzakirə mövzusuna çevrilib.
Hətta Finlandiya kimi qondarma mütərəqqi cəmiyyətdə bəziləri düşünürlər ki, vəzifədə olarkən doğma qadının öz vəzifələrini yerinə yetirmə qabiliyyətinə mane olur. Pakistanda, 1990-cı illərdə Bhutto ofisdə olarkən, körpə dünyaya gətirib.
Finlandiya qadınlar üçün, bir növ, cənnət kimi tanıdılarkən, ölkədə təcavüz və məişət zorakılığının həyəcanverici miqyası nəzərə alınmır. Son hesabata görə, 15 yaşdan yuxarı qadın və qızların təxminən 50 faizi fiziki və ya cinsi zorakılığa məruz qalıb. Əslində, 2014-cü ildə aparılan bir araşdırma Finlyandiyanın qadınlar üçün Aİ-nin ən zorakı ölkə olduğunu müəyyənləşdirib.
Üstəlik, Finlandiya əslində, Marini baş nazir seçməyib. Antti Rinnenin istefasından sonra partiyası tərəfindən bu vəzifəyə irəli sürülüb. Əgər Finlandiyada əsl seçki olsaydı, çox güman ki, indi hakimiyyətdə anti-feminist, millətçi bir hökumət olardı. Marinin Sosial Demokrat Partiyası, bu ilin aprelində olduğu kimi, qalib gəlməzdi.
Qərbin hər yerində olduğu kimi, Finlandiyada da son illərdə miqrasiya əleyhinə əhval-ruhiyyə artmaqdadır. Bu cür siyasi qüvvələrin nümayiş etdirdiyi islamofobiya, ümumiyyətlə, feminizmə qarşı müxalifət və ya qadınlara açıq nifrətlə əl-ələ verir. Son parlament seçkilərində isə ən çox səs toplayan, miqrasiya əleyhinə mövqeyi ilə tanınan Fin Partiyasının lideri Yussi Halla-aho olub.
Həmin partiyanın gənclər qanadı feminizmin cəmiyyət üçün zərərli olduğuna inandığından özünü anti-feminist elan edib və Halla-ahonun özü təcavüzkarların yaşıl-sol tərəfdarları hədəfinə alacağına ümid edib.
Son anket sorğularına görə, indi onun partiyası Finlandiyada ən populyar siyasi qurumdur.
Bu, bəlkə də Finlandiyadakı siyasi mühit haqqında Marinin baş nazirliyindən daha çox şey söyləyir. Finlandiya – getdikcə daha çox insanın feminizmi “həddi aşan” təzahür sayan patriarxal cəmiyyətdir. Ancaq bütün bunlar müəyyən şəkildə Marin barədə xəbərlərlə basdırılır.
Şübhəsiz, Finlandiyada, belə dövrlərdə Marinın baş nazirliyi, finlərin bütün partiyalara nifrət etməsini nəzərə alaraq, rəmzi məna daşıyır.
O, şiddətli müxalifətlə üz-üzə qalacaq və hökumətinin gender bərabərliyi və irqçiliyə verəcəyi faktik töhfələrin nə olacağını hələ bilmirik.
Gənc qadın siyasətçilərin hakimiyyətə gəlməsinin əhəmiyyəti danılmazdır, ancaq kontekst də vacibdir. Bir qadının ölkəyə rəhbərlik etməsi avtomatik olaraq qadınların orada yaxşı yaşaması mənası vermir.
Tərcümə: Strateq.az