“Namizədliklərin irəli sürülməsi prosesində çox ciddi bürokratik əngəllər var”

29-12-2019, 11:16   

 

Arif Hacılı: “Gedişat bu cür davam edəcəyi təqdirdə vəziyyət daxildə müzakirə olunacaq”
“Hazırda 80-dən çox dairədə Müsavat Partiyasından namizəd olmaq istəyən şəxs imza vərəqəsini alıb və imzatoplama kampaniyasına başlayıb”.
Bu açıqlamanı Meydan TV-yə partiyanın başqanı Arif Hacılı verib.
Arif Hacılı ReAL Cümhuriyyətçilər İttifaqının qarşılaşdığı maneələrin onlara da yaradıldığını deyib:
“Namizədliklərin irəli sürülməsi prosesində çox ciddi bürokratik əngəllər var, imza toplanması üçün vərəqələrin sayına məhdudiyyət qoyulur, eyni zamanda, biz İctimai Televiziyadan çıxış üçün müddət istəmişik, amma verilməyib. Bütövlükdə sərbəst toplaşmaq hüququnun tapdalanması, gənclərə qarşı təzyiqlər, repçi Pərviz Quluzadənin həbsi, bloger Mehman Hüseynova qarşı təzyiqlər seçki ərəfəsində yol verilən zorakılıq halları kimi onsuz da mövcud olmayan demokratik atmosferi bir qədər sərtləşdirir”.
Arif Hacılı gedişatın bu cür davam edəcəyi təqdirdə vəziyyətin daxildə müzakirə olunacağını söyləyib:
“Bizim seçkilərdə iştirakımızda əsas məqsəd Azərbaycanda avtoritar rejimin daha da möhkəmlənməsinə müqavimət göstərməkdir və bu istiqamətdə fəaliyyətimiz davam edəcək. Müsavat Partiyası hüquqi dövlət və demokratik cəmiyyət qurmaq uğrunda mübarizə aparır. Seçkilərdə iştirakımız da həmin məqsədə xidmət edir”.

Arif Hacılı
Mənbə: Foto: Meydan tv
Partiya başqanı “bütün maneələrə rəğmən boykot qərarının keçmişdə qaldığını demək olarmı” sualına belə cavab verin:
“Əvvəlcədən münasibətimizin seçki prosesinin gedişindən asılı olacağını demişik. 2015-ci il seçkilərində 30 dairədən namizədimizin olmasına baxmayaraq prosesdən çıxdıq. Yəni oxşar hal istisna deyil”.
“Hərəkət” Seçki Blokunun təmsilçilərindən Azər Qasımlı 18 nəfərlə seçkiyə qatıldıqlarını və imzatoplama kampaniyasına başladıqlarını bildirib. O, yaxın 2-3 gündə namizəd olmaq istəyənlərin kampaniyanı bitirəcəklərini deyib.
Azər Qasımlı imzatoplama kampaniyasında ciddi maneələrlə qarşılaşmadıqlarını bildirib :

Azər Qasımlı
Mənbə: Foto: google.az
“Yalnız Toğrul İsmayılov və mən bələdiyyə seçkiləri günü bir neçə məntəqə qarşısında imza toplayan zaman yerli sahə polisini çağırdılar, biz də konfrantasiyaya getmədik. Eyni zamanda, Toğrul Maşallıya bildirişi bir həftə gec verdilər, bununla belə, o, imzatoplama kampaniyasını bitirəcək”.
Gələn ilin fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Demokratik Qüvvələrin Milli Şurası, AXCP, Demokratiya və Rifah Hərəkatı, Klassik Xalq Cəbhəsi, Xalq Partiyası seçkiləri boykot etmək qərarı verib.
YAP, Müsavat, ADP, Ümid, REAL partiyaları, D18, NİDA vətəndaş hərəkatları isə seçkilərdə iştirak edəcəklər.
Deputatların Milli Məclisin buraxılması üçün prezidentə etdikləri müraciəti İlham Əliyev qəbul edib və növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-na təyin edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.