İsfəndiyar Axundovun dələduzluğu: son ümid yeri Mehriban Əliyevadır…

30-12-2019, 11:08   



Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundov artıq 5 ildir ki, ona məxsus “Şərur” MTK-dan mənzil alan sakinləri süründürür, mənzillərini özəlləşdirməyə imkan vermir. Bu şikayətlə, cumhuriyyet.az-ın redaksiyasına Yasamal rayonu, M. Xiyabani küçəsi 194, 196, 198 və 200 ünvanlarında yaşayan sakinlər müraciət ediblər.

Şikayətçilər bildirirlər ki, hazırda M. Xiyabani küçəsində hələ 2008-ci ildən başlayaraq “Mur-Ay” MMC tərəfindən heç bir sənədləşdirmə aparılmadan tikinti aparılıb və binalardan mənzil alan sakinlər dələduzluq yolu ilə aldadılıb. Yalnız 2011-ci ildə prezidentin məsələyə müdaxiləsindən sonra vətəndaşlara dəymiş ziyanın ödənməsi üçün tədbirlər görülüb, binanın tikintisinin davam etdirilməsi “Şərur” MTK-ya tapşırılıb.

17 dövlət qurumu (Bakı Şəhər İcra Hakimiyyəti, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar nazirliyi və sair) ilə “Şərur” MTK arasında olan razılaşma müqaviləsinə görə, MTK-ya yarımçıq qalmış binaların tamamlanması üçün əlverişli şərait yaradıb, güzəştlər verib. Əslində göstərilən ünvanlarda yerləşən 1 və 3 girişli binaların tikintisi çoxdan başa çatsa da, MTK rəhbərliyi – İsfəndiyar və İmran Axundov qardaşları “Mur-Ay” MMC-nin fırıldaqlarından zərər çəkən sakinlərlə bağlı götürdükləri öhdəliyi yerinə yetirməkdən imtina edirlər.

Bakı Apellyasiya Məhkəməsinin mülkü kollegiyasının sədri Məmməd Məmmədovun sədrliyi ilə “Şərur” MTK-ya qarşı iddiamız üzrə işə baxılmışdır. Məhkəmə icraatı zamanı hakimin qərarı ilə araşdırmaya cəlb edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının 4 aydan çox çəkən detallı hesablamasının nəticəsi olaraq 08 oktyabr 2018-ci il tarixli AKT-ı tərtib etdilərək məhkəməyə təqdim olunmuşdur və nəticədə “Şərur” MTK-ya qarşı mükü hüquqlarımızın təmin edilməsi barədə qətnamə qəbul edilmişdir.

“O, açıq-aşkar şəkildə sakinlərə bildirir ki, sənədlər hazırdır, amma lazımi orqanlara göndərməyəcək. Bəhanə olaraq Vergilər Nazirliyinin zərərçəkmiş vətəndaşlara veriləcək mənzillərin satışından əldə olunan gəlirlərin vergiyə cəlb olunmaması haqqında öhdəliyini yerinə yetirməməsini göstərir. İsfəndiyar və İmran Axundovlar özəlləşməyən hər mənzilin alqı-satqısı üçün sakinlərdən qanunsuz olaraq 3000-4000 AZN pul tələb edir. Görünür ki, mənzillərin özəlləşdirilməsi onlara sərf etmir. Dövlətin dəstəyi ilə tamamladıqları binalarımızı öz mülkləri kimi idarə edir, “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət edirlər”, – deyə sakinlər bildirirlər.

Sakinlərin şikayətində o da qeyd olunur ki, bu illər ərzində hər ay onlardan binaların təmir və abadlıq işləri adıyla külli miqdarda pullar yığılsa da, abadlaşdırılmaya bir qəpik də də olsun ayrılmayıb. Digər tərəfdən, binalarda çalışan işçilərin əmək müqavaləsinin olması da sual altındadır. Sakinlər deyirlər ki, binanın qaz, elektrik enerjisi və telefon rabitə ilə təmin olunmasında sakinlər özləri çox zəhmət çəkiblər: “Əgər hər işi özümüz görəcəkdiksə, “Şərur” MTK kimə lazımdır?”, – deyə sakinlər bildirirlər.

Dövlət başçısı hörmətli Prezident İlham Əliyev cənabları bütün zərərçəkmişləri (900-dan çox vətəndaşı) bu sıxıntılardan qurtarmaq üçün şəxsi göstərişi ilə 17 dövlət qurum və təşkilatını bu problemin həllinə yönəltmişdir. Bu təşkilatlar arasında bağlanmış müqavilə üzrə vətəndaşlara dəymiş zərərin bərpa olunması “Şərur” MTK-ya tapşırılmışdir. Və uyğun olaraq “Şərur” MTK-ya bütün imkanlar (4 hektardan çox torpaq sahəsinin ayrılması, 10 milyon manat pul vəsaitinin ayrılması, bütün növ vergilərdən azad olumması və s. kimi) verilmışdır. Ancaq bu imkanların böyük əksəriyyətini təyinatı üzrə yox, şəxsi istəkləri üzrə yönəldən “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun dələduz əməllərini Azərbaycan Respublikası Auditorlar Palatasının peşəkar mütəxəssislərinin “Şərur” MTK-dan məcburi qaydada (məhkəmə qərarı ilə) götürülmüş 3000-dən çox müqavilə və ödəniş orderlərinin hesablanmasının 08 oktyabr 2018-ci il tarixli yekun AKT-ı açıq-aşkar ortaya qoymuşdur. Təkzib edilməz faktlarla sübut olunmuş cinayət tərkibli əməlləri azmış kimi “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov tam bir məhsuliyyətsizliklə Cənab Prezidentin göstərişi ilə bağlanmış müqavilə üzrə bütün öhdəliklərini artıqlaması ilə yerinə yetirdiyini bildirməkdədir.

Hazırda İsfəndiyar Axundovun dələduzluğununun qurbanı olan vətəndaşların tək güvəni yenə dövlətədir. İ.Axundovun qanunsuz hərəkətləri ilə üzləşərək çarəsiz qalan zərəçəkmişlər Azərbaycan Respublikasının 1-ci Vitse Prezidentinə müraciətində bildirir: “Sizdən acizanə xahiş və təvəqqə edirik ki, mərhəmətinizi bizim üzərimzdən əskik etməyərək,  “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun qanunlarla daban-dabana zidd əməllərinə son verilməsinə və  bizim mənzillərin özümüzə qaytarılmasına köməklik edəsiniz. Biz yalnız Sizin mərhəmətinizə sığınaraq inanırıq ki, təkcə ölkəmiz daxilində deyil, ölkəmizdən xaricdə də ədalətin simvoluna çevrilmiş ədalətiniz sayəsində Cənab Prezidentimizin verdiyi göstərişin tam həlli üçün köməyinizi əsirgəməyəcəksiniz”. 

Xatırladaq ki, “ Şərur” MTK-nın maliyyə fırıldaqları ilə bağlı Xiyabani küçəsində yaşayan sakinlər dəfələrlə aidiyyati qurumlara şikayət edirblər. MTK-nın öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı edilən şikayətlər mətbuatda işıqlandırılsa da, bu şəxslərin qanunsuz əməllərinə qarşı heç bir tədbir görülməyib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.