Ötən gün yanvarın 3-nə keçən gecə ABŞ pilotsuz təyyarəsindən endirilən dəqiq raket zərbələri nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandiri, əfsanəvi general Qasım Süleymani öldürülüb. Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı əvvəlcə “The New York Times “ qəzeti Birləşmiş Ştatlar hökumətindəki vəzifəli şəxslərə istinadən yayıb.
Məlumatda deyilirdi ki, əməliyyat Bağdad aeroportu rayonunda ABŞ-ın xüsusi əməliyyatlar üzrə Birləşmiş Komandanlığı USSOCOM tərəfindən həyata keçirilib. Əməliyyatda pilotsuz təyyarələrdən istifadə olunub və general Süleymaninin də olduğu avtomobil kalonuna raket zərbələri endirilib. Nəticədə Qasım Süleymani ilə yanaşı daha dörd nəfər, o cümlədən İraqdakı "Həşdi Şabi" şiə qruplaşmasının lideri Əbu Mehdi əl-Mühəndis də həlak olub.
Xəbər verilir ki, Qasım Süleymani və əl-Mühəndis təyyarə ilə Bağdada Suriyadan gəliblər. Daha sonra onları aparan avtomobil korteji aerportu tərk edib, amma çox keçmdən aeroport ərazisində onları Amerika raketləri haqlayıb. Raketlərdən biri düz general Süleymaninin olduğu avtomobilə dəyib, nəticədə avtomobil darmadağın olub, ətrafda da dağıntılar yaranıb. Bildirilir ki, həmin əməliyyatdan bir neçə saat əvvəl də Amerika aviasiyası Bağdad aerportu rayonuna raket zərbələri endirmişdi və bir neçə nəfər həlak olmuşdu.
İraqda general Süleymaninin öldürülməsi ilə nəticələnən xüsusi əməliyyatın keçirildiyini daha sonra Pentaqon təsdiqləyib. ABŞ Müdafiə Nazirliyindən bildiriblər ki, hərbçilər “prezidentin göstərişi əsasında qətiyyətli özünümüdafiə əməliyyatı” həyata keçiriblər.
Pentaqonun məlumatında deyilir ki, Süleymani İraqdakı Amerika diplomatlarına və hərbçilərinə qarşı hücumlar hazırlayırdı, ümumiyyətlə o, bütün Yaxın Şərq regionunda Birləşmiş Ştatların maraqlarını hədəf alan hücumlara rəhbərlik edib.
“Bu zərbə İranı gələcək hücumlardan çəkindirmək məqsədi daşıyır. Birləşmiş Ştatlar bundan sonra da öz vətəndaşlarını və maraqlarını dünyanın istənilən nöqtəsində qorumaq üçün bütün zəruri addımları atacaq”,-Pentaqonun məlumatında deyilir.
Qeyd edək ki, 2018-ci ildə rəsmi Vaşinqton İnqilab Keşikçiləri Korpusunu terrorçu təşkilat kimi tanımışdı.
Bu gün səhər saatlarında rəsmi Tehran da general Süleymaninin öldürüldüyünü təsdiq edib. Xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, general Qasım Süleymaninin öldürülməsi “beynəlxalq terrorçuluq aktıdır”. Onun sözlərinə görə, ABŞ-ın hərəkətləri “olduqca təhlükəli və axmaq eskalasiyadır”. Və bu hərəkətlər Suriya və İraqda “İslam dövləti”, “Əl-Qaidə” və “Cəbhət əl-Nusra” kimi radikal terrorçu qruplaşmalara qarşı ən effektiv mübarizə aparan qüvvələrə qarşı yönəlib.
Xəbər verilir ki, general Süleymaninin öldürülməsi ilə bağlı İran Təhlükəsizlik Şurası təcili iclasa toplaşacaq. Rəsmi Tehran ABŞ-dan “amansız qisas” alınacağını bildirir.
Son məlumatlara görə, general Süleymaninin öldürülməsindən sonra ABŞ silahlı qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Yaxın Şərq regionuna əlavə qüvvələrin göndəriləcəyi gözlənilir.
F.Məmmədov
Virtualaz.org