1998-ci ilin 31 dekabrı. Bir neçə dəqiqə sonra dünya yeni təqvim ilinə başlayacaq. Boris Yeltsin Rusiya xalqına bayram təbrikində 8 illik prezidentlik dönəmini bitirdiyini, Ali Baş Komandan səlahiyyətlərini baş nazir Vladimir Putinə həvalə etdiyini bildirir. Ölkə yarısərxoş halda eşitdiyi bu sözlərə yəqin ki, əvvəl inanmır - axı Yeltsin də «yeyib-içən oğlan» idi.
Hakimiyyətninin son illəri səhhətində problemlər yaranmış, rəhbərliyi dövründə ölkədə güclü stress yaradan hadisələr səbəbindən ürəyi araqla da «sakitləşməyən» Yeltsin xalqla bunca zarafat edə bilməzdi. İstefa qərarına reaksiyalar Kreml kurantlarının cingiltisi 12 dəfə vurduqdan sonra başladı. Yeltsini zəif lider hesab edənlər də, Rusiyanın dağılmasını istəməyənlər də məmnun idilər.
İlk zəng ABŞ prezidenti Bill Klintondan gəlir. Yeltsin isə köməkçisi vasitəsilə danışmaq istəmədiyini, amma narahatlıq üçün əsas olmadığını deyir. Görünür, istefa qərarından şok olan ABŞ kəşfiyyatı hadisənin bir saray çevrilişi olub-olmadığını dəqiqləşdirmək üçün Yeltsinin özü ilə əlaqə saxlamaq istəyiblər. Sabiq prezident memuarında qeyd edib ki, dekabrın 15-də qərarını yeznəsi, həm də Prezident Administrasiyasına rəhbərlik edən Yumaşevə deyib, sonra Putinə də planını açıqlayıb.
Putin edilən təklifi qəbul etməyə tərəddüd edib, «buna hazır deyiləm» deyib. Yeltsinə prezident səlahiyyətləri bitənədək ölkə rəhbərliyində qalmasını məsləhət bilib. Yeltsinin qərarlı, Putinin tərəddüd içində olduğu daha bir neçə gün keçir. Bu qərarı 31 dekabradək Kremldə cəmi bir neçə nəfər bilir... Hətta prezidentin sevimli qızı qərarın elan edilməsinə saatlar qalmış xəbərdar olur və atasına dəstək olaraq ona sarılıb hönkürür. Rusiyanın birinci ledisi, Yeltsinin ən pis günlərində onun başı üstündə olan xanımı Nainaya da son anda xəbər verlir. Dekabrın 29-da təkrar görüşdə artıq Putinin də razılıq qərarı olub. Beləliklə, istefa ilə bağlı çıxışın videoyazısı bir gün əvvəl lentə köçürülüb…
***
Yeltsin Rusiya rəhbərliyinə ölkə üçün ağır bir dönəmdə gəlmişdi. Yeltsin beynəlxalq aləmdə demokrat lider kimi qəbul edilirdi, onun özünün də fərqli bir Rusiya qurmaq istəyi hiss edilməkdə idi. Amma SSRİ-dən də ağır miras qalmış ölkəyə xarici müdaxilələr artmış, separatizm açıq müharibəyərə çevrilmiş, Çeçenistan, Dağıstan, İnquşetiyada baş verən mərkəzdənqaçma meylləri artıq digər milli respublikalara da sıçramaqda idi.
Artan terror hücumları ölkəni daima təhdid edirdi. ABŞ demokratik obrazlı Yeltsinlə asanlıqla anlaşa bilirdi. Amma Rusiyanın zəifləməsi onların marağında olduğu üçün necə deyərlər, Yeltsinin üzünə gülsələr də, gizlində ölkənin parçalanmasında maraqlı idilər. Yeltsin Putini Kremlə gətirməzdən əvvəl özünə liberal iqtisadiyyata və demokratik sistem qurulmasına tərəfdar olan «islahatçı komanda» yaratmağa çalışmışdı. Məsələn, onların ən parlaq fiquru sonradan Putinin ən qatı tənqidçilərindən biri olacaq Nijni-Novqorodun meri olmuş Boris Nemtsov idi.
Amma Yeltsin şimal paytaxtından -Leninqraddan Kremlə gətirtdiyi, Moskvada çox az adamın tanıdığı almandili DTK zabiti, hüquqşünas və cüdoçu Putini seçdi. Yeltsin onu Kremlə dəvət edəndə seçimini yəqin ki, etmişdi. Yeltsin ölkəni parçalanmadan demokratların deyil, sərt siyasət tərəfdarı olanların yönəltməsinin daha uyğun olacağını düşünmüşdü. Putin onun tələbəsi və ya silahdaşı deyildi, o, Kremlə tam fərqli bir idarəetmə və komanda gətirəcəkdir…
Yeltsin bəlkə də düşünürdü ki, Putin ölkəni hamar yola çıxardıqdan sonra o da günlərin birində hakimiyyətdən çəkiləcək, yerinə gələn varis Rusiyanın dinc quruculuğuna çalışacaq, ölkə demokratik yoluna davam edəcəkdi. Daha nə biləydi ki, Rusiyanın başına hələ çox bəlalar gələcək, 1999-cu ildə başlamış İkinci Çeçenistan savaşı yalnız 2009-cu ildə tam yekunlaşacaq, Putin 2002-ci ildə Nord-Ost konsert zalında insanları girov götürmüş terrorçularla üzləşəcək, Beslanda orta məktəbdə şağırdləri xilas etmək üçün hansı çətin qərarlar verməli olacaq, prezidentliyi dönəmində Gürcüstana qoşun yeridəcək, Krımı Rusiyaya ilhaq edəcək, Dədə Qorqud deməli, Ukrayna ilə qardaş qırğınına bais olacaq, ölkə illərlə Qərbin həm siyasi, həm hərbi basqıları ilə üz-üzə qalacaq, NATO ilə burun-buruna yenidən soyuq müharibə dövrünə daxil olacaq və sonu bilinməyən sürətlə silahlanma yarışı yenidən başlayacaq və daha nələr…
Putin rusların ən həssas nöqtələrini-millətçilik, tarixi köklərə qayıdış, Çar Rusiyasının əzəmətli sərhədləri kimi məsələlərdən ustalıqla istifadə etdi. Dağınıq Rusiya ideolojisini gah «velikorus» siyasətinə doğru yönəltdi, gah Rusiyanın xaricdə düşmənlərinin çox olduğunu bəyan edib daxili qüvvələrin «əl-ayağını» yığdı, ətrafında topladı. Rusiyanın açıq fikirli intiligent təbəqəsi daxildə elektoratını itirdi, onlar isə «bizi başa düşmürlər» deyib, ölkənin sərhədlərini tərk etdilər.
Yeltsinin ən qatı müxalifəti olan Zuqanovçu kommunistlər, Jirinovskinin liberal- demokratları Putinlə zarafatın mümkünsüz olduğunu anladılar, tədricə sistem müxalifətinə, geniş amlamda isə Kreml siyasətinin dəstəkçisinə çevrildilər. İnqilablar beşiyi Rusiyanın «beşiyi» başında Putin bütün inadı, iradəsi ilə dayandı və ölkəni separatçılıqdan, dağılmaqdan qorudu, bunun üçün əlbəttə ki, çoxlu qan da tökdü.
O qanına bələnənlər sırasında Kremlin qisasından qorxub xaricə qaçanlar da oldu, Putinə qarşı müxalifətçilikdən yalnız tətiklə susdirulanlar da...
20 il əvvəl daxildəki silahlı münaqişə ilə zorluqla baş edən Putin Rusiyası indi sərhədlərindən çox kənar ölkələrdə silahlı münaqişələrdə əsas söz sahibidir. ABŞ-ın kiçik Buş istisna olmaqla bütün prezidentləri ondan zəif görünüb ki, bu da Putinin dünya siyasətində möhkəmlənməsinə imkan verib. Trampın prezidenıik dönəmində isə Rusiyanın seçkilərə müdaxiləsi kimi iddialar Putinin reytinqini artırıb, Tramp isə indi impiçment qərarı ilə üzləşib. Putin mahir siyasətçi kimi önə çıxaran bir çox səbəblər sırasında onun xarakteri də ciddi rol oynayır. Cüdoçu rəqibini üstələmək üçün təkcə bir fənddən istifadə etmir axı…Bu səbəbdən «qara kəmər» ustasının həmişə ehtiyat variantı var. Bəs, varisi necə, varmı? Bəs, ondan sonra Rusiyanı hansı çətinliklər gözləyir? Putin hakimiyyətdən könüllü çəkilərmi?
Qərb mətbuatı 20 illik tarixi idarəetmə ilə bağlı ən müxtəlif səpkili yazılar, təhlilər yazır bu günlər. Onlardan ikisi diqqətimi cəlb etdi. Bir alman nəşri yazır ki, 2014-cü ildə Putini Krımın anneksiyasından vaz keçməyə inandırmağa çalışan Almaniya kansleri Angela Merlel Rusiya prezidenti ilə görüşünün təəssüratı haqda dünya liderlərinə «Putin reallıqla əlaqəsini itirib» deyib. Daha bir nəşr isə iddia edir ki, Putin dördüncü-sonuncu prezidentlik müddəti başa çatdığı üçün ciddi-cəhdlə Rusiya-Belarus ittifaqının prezidenti olmağa çalışır… Realdırmı? Yaşayarıq, görərik…
Nazim SABİROĞLU,
Musavat.com