Politoloq daha sonra yazır:
“Tramp iqtidara gəldikdən sonra Barak Obama dövründə bölgədə nüfuz dairəsini xeyli genişləndirmiş İranın gücünü qırmaq istiqamətində ardıcıl addımlar atır. Bu haqda uzun yazmağa ehtiyac yoxdur, hamıya aydın olan məsələdir. Belə addımlardan biri də ötən ilin aprelində rejimin əsas dayağı olan İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah-e pasdaran-e enqelab-e Eslami) terror təşkilatı elan edilməsi idi. Əgər bir strukturu terror təşkilatı elan edirsənsə, deməli, onu idarə edənləri də terror təşkilatının lideri sayırsan, məntiq bunu deyir. Süleymani heç şübhəsiz ki, ABŞ və İsrail kəşfiyyatları tərəfindən müntəzəm izlənən fiqur idi, məlumatlar var ki, “Mossad” daha əvvəl (məsələn, 2015-ci ildə) onu aradan götürmək istəsə də, ABŞ buna mane olub. (Ümumiyyətlə, Obama İranla sülh anlaşması imzalamağa qərar verdiyi dövrdə istər öz ölkəsinin, istərsə də İsrailin müvafiq orqanlarının İrana qarşı fəaliyyətlərini mümkün qədər tormozlamışdı.)
Tramp seçki kampaniyasına daxil olduğu dövrdə xarici siyasətdə gərginliyi yüksəltməkdən qaçmağa və bütün diqqətini ikinci seçkiləri qazanmağa cəmləşdirməyə meylli idi. İran tərəfindən ABŞ pilotsuz təyyarəsinin vurulması və buna sərt qarşılıq verilməsinə çağıran müşavir Boltonun təklifinin Tramp tərəfindən rədd edilməsi, Hörmüz boğazında tankerlərə hücumlar və Səudiyyə Ərəbistanı neft infrastrukturunun bombalanması kimi ciddi hadisələrin cavabsız qalması belə deməyə əsas verir. Görünür, İran dövləti daxilindəki bəzi çevrələr (Ruhani hökuməti yox) bu periodu bölgədə daha da irəliləmək və ABŞ-ı sıxışdırmaq üçün fürsət kimi dəyərləndirdilər. İran-Rusiya-Çin hərbi təlimlərinin başladığı gün (27 dekabr, 2019) Kərkük yaxınlığındakı ABŞ hərbi bazası “Haşdi Şadi”yə daxil olan qruplar tərəfindən vuruldu və 1 amerikalı öldü. Bu hadisədən sonra bəzi cümhuriyyətçi senatorların da təzyiqi ilə Tramp cavab zərbələrinə qərar verdi, İraq və Suriyada İrana bağlı qrupların bazaları bombalandı, azı 25 döyüşçü öldü. 31 dekabrda “Haşdi Şabi” cavab olaraq Bağdaddakı ABŞ səfirliyinin qarşısına toplaşaraq binanın bir hissəsinə od vurdu. Aksiyanı “Haşdi Şabi”nin komandan müavini əl-Mühəndis idarə edirdi.
Səfirliyə hücum cəhdi kritik xəta idi, çünki ABŞ dövlət ağlında 1979 və 2012 travmalarını oyadaraq sərt cavabı tətikləyən hadisə oldu. (1979-cu il hadisəsini bilirsiniz, 2012-ci ildə isə Liviya – Benqazidə ABŞ səfirliyinə hücum edilmiş və səfir Stevens öldürülmüşdü. Hər iki hadisənin demokrat prezidentlərin dövründə baş verməsi də təsadüf deyil.) Böyük dövlətlər kinli və səbirli olur. Qəddafinin 2011-ci ildə başına gələnlər həm də 23 il əvvəlki Lokerbi (Lockerbie) hadisəsinə cavab idi. (1988-ci ilin dekabrında “Pan American” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Şotlandiyanın Lokerbi şəhəri üzərində partladılmış və 270 nəfər ölmüşdü. Hadisəni Liviya kəşfiyyatının törətdiyi sübut olunmuş və Qəddafi ölənlərin ailələrinə kompensasiya ödəməyi qəbul etmişdi.) Süleymaniyə suiq-qəsdi də məncə, digər məsələlərlə yanaşı, 1979 olayına cavab kimi qiymətləndirmək olar. Bu aktla Vaşinqton həm də bölgə ölkələrinə nümayiş etdirir ki, Orta Şərqdən çəkilməyə və İran üçün boşluq buraxıb, İsraili təhlükəyə atmağa hazırlaşmır, hər kəs hesablamalarını buna uyğun aparsın. “İsraili xəritədən siləcəyik deyənlərin özünü silirik” mesajı verilməyə davam edir.
ABŞ-ın hərəkətə keçdiyi və səfirlik insidentinə sərt reaksiya verdiyi, İraq səmasında davamlı olaraq hərbi helikopterlər uçurduğu bir məqamda Qasım Süleymaninin İraqa gəlməsi (yaxud göndərilməsi) də maraqlıdır. Ümumiyyətlə, “Sepah”ın terror təşkilatı elan olunmasından sonra onun bölgədəki əməliyyatlarını planlaşdıran və idarə edən sərdarının hədəf halına gələcəyini Tehranda bilməmiş olmazdılar. Görünür, iranlılar ABŞ-ın belə bir önəmli publik simanı aradan götürməyə cəsarət edə biləcəyini düşünməyiblər. Bu sui-qəsdlə ABŞ İranın “qırmızı xətt”ini keçdi, amma səfirliyin yandırılması cəhdi də ABŞ-ın “qırmızı xətt”ini keçmək idi. Süleymani haqqında komplo teoriyasına bənzər başqa bir fikir də var. Ali dini lider ömrünün son baharını yaşayır. Heç şübhəsiz ki, belə bir vacib posta varisliklə bağlı İran dövləti içərisində müzakirələr və güc savaşı var, bunu bilmək üçün məxfi məlumatlara ehtiyac yoxdur, məntiq yetərlidir. Süleymani son illər Xameneidən sonra ikinci nüfuzlu lider statusuna yüksəlmişdi və aydındır ki, yeni rəhbərin müəyyən olunmasında onun rəyi önəmli, bəlkə də həlledici olacaqdı. Bu baxımdan İran sistemi içərisində Süleymaninin artan təsirindən, sözünün çəkisindən xoşhal olmayan çevrələrin mövcudluğu şübhəsizdir və sərdarın zərərsizləşdirilməsi onların da marağına uyğundur.
İndi əsas sual budur ki, bundan sonra nə baş verəcək və İranın cavabı nə olacaq? Həm İrandan, həm də regionda ona bağlı qruplardan intiqam səsləri yüksəlir. İran yəqin ki, öz nüfuzunu qorumaq və gücünü göstərmək üçün hansısa şəkildə cavab verəcək. Bölgədə İranın yüz minlərlə döyüşçüyə malik proksi gücləri və böyük kəşfiyyat şəbəkəsi var. İlk növbədə regionda fəaliyyət göstərən ABŞ kəşfiyyat mənsubları (amerikalı və ya onlara xidmət edən yerli sakinlər), hərbçilər, diplomatlar, iş adamları hədəf halına gələ bilər: qaçırılma, hətta qətl hadisələrinin baş verməsi ehtimal daxilindədir. (ABŞ hökumətinin bütün vətəndaşlarını İraqı tərk etməyə çağırması bununla əlaqədardır.) ABŞ-a və ya İsrail başda olmaqla onun müttəfiqlərinə aid müxtəlif obyektlər (mülki və hərbi) hücumlara məruz qala bilər. Livan “Hizbullah”ı, Suriya və Fələstində İrana yaxın qüvvələr İsrailə qarşı müxtəlif təhdid xarakterli aksiyalar keçirmək imkanındadır. “Ənsərullah” Səudiyyə Ərəbistanını vurmağa davam edə bilər. Bütün bunlar eskalasiyanın daha da artmasına səbəb olacaq və böyük müharibə riski yaradacaq. (Zatən ABŞ-ın hərəkəti belə bir risk yaradıb.) İranın əlindəki raketlər bölgədəki bütün ABŞ hərbi bazalarını və İsraili vurmağa imkan verir. ABŞ-ın isə İranın qonşuluğunda böyük aviasiya gücü və hərbi donanması var. Amma düşünürəm ki, böyük savaş hazırda nə tərəflərin özünün, nə də digər böyük güclərin (Çin, Rusiya, Avropa, Yaponiya) marağındadır.
Başqa bir məsələ: ABŞ İranı masaya çəkmək istədiyi halda, bu hadisədən sonra Tehranın buna razı olacağına (ən azı yaxın perspektivdə) inanancaq qədər sadəlövh ola bilməz. ABŞ-dakı seçkilərə qədər gərginlik davam edəcək. Tramp qalib gələrsə, özünün son prezidentlik müddətində İran problemini birdəfəlik çözməyə girişə bilər”. /BakuPost/