Siyasi təhlilçilər, politoloqlar nə desələr də, nə yazsalar da, bir məsələ aydımdır ki, nə yerləşdiyimiz regionda, nə də planetdə siyasi durğunluqdan danışmaq üçün heç bir əsas yoxdur – bölgədə də, planetdə də hər şey qaynayır, burada nəinki siyasətçilər, hətta geosiyasət adamları da əllərində “tilov” fürsət gözləməkdədirlər.
O gün baxıram, ABŞ-da prezidentliyə iddialılar bir kvartalda topladıqları seçki ianələrini müqayisə etməkdə və kimin daha çox pul topladığının müəyyənləşdirməkdədirlər. Ən çox fəallıq edən də demokratlar və onların potensial namizədləridir.
Amma bu adamların yadına ən azı ötən seçkiləri salmaq istərdik. Nə qədər, hətta bir az inanılmaz olsa da, Hillari Klinton milyarder Donald Trampdan daha çox maliyyə vəsaiti cəlb etmişdi seçkilərə. Amma nəticəsi nə oldu?
Biz hələ bir çox milyarderlərin uğursuz seçki cəhdlərini burada təkrar və təkrar xatırlatmaq istəmirik – bəli, seçkidə maliyyə mühüm məsələdir, amma o, heç də ən əsas və yeganə amil deyil, burada başqa faktorlar da var, əks təqdirdə ABŞ seçkilərini Barak Obama kimi universitet professorları və ya Bill Klinton kimi ortabab maliyyə imkanlı vəkillər yox, uzağı kiçik Corc Buş kimi “pul kisələri” və yaxud da ki, D.Tramp kimi multi-milyarderlər udardı, hərçənd, bir daha qeyd edirik ki, sonuncu (Tramp) seçki prosesinə özünün rəqibindən daha az maliyyə vəsaiti cəlb etmişdi.
Odur ki, hələlik yalnız bir cəhəti qeyd etmək istərdik: bu seçkilər ABŞ-da mürəkkəb olacaq. Ölkə xaricində yalnız İsraili çıxmaqla, bütün dost və müttəfiq ölkələr, NATO və AB də daxil olmaqla hamı D.Trampın və onun “Hər şey Amerika üçün” doktrinasının əleyhinədir.
Amma ki, ötən dəfə də belə olmuşdu: Avropadakı köhnə müttəfiqlər bir tərəfə, hətta yeni Avropa – Şərqi Avropa adlanan ölkələr də H.Klintona dəstək vermişdi və elə bu səbəbdən Ukraynanın eks-prezidenti P.Poroşenko ABŞ prezidenti D.Trampın qəbuluna düşə bilmədi, çünki o, seçki vaxtı öz imkanları daxilində Klintona dəstəkçi olmuşdu.
Yeri gəlmişkən, Tramp üçün Ukraynanın bu prezidenti də düşərli olmadı; V.Zelenskilə görüşdə dilə gətirilən bəzi məqamlar ən son nəticədə D.Tramp üçün impiçmentə çevrildi və hazırda bu layihə demokratların əlindədir və onlar istədikləri vaxt onu hərəkətə gətirə bilərlər, amma tələsmirlər.
Bir tərəfdən deyirlər ki, qışı tətilinin bitməsini gözləyirlər, amma böyük ehtimalla bilirlər ki, sənədi respublikaçıların çoxluq təşkil etdiyi Senatdan keçiri bilməyəcək və uğursuzluğa düçar olacaqlar. Amma çox böyük ehtimalla, demokratlar ondan tamamilə əl də çəkməyəcəklər, çünki seçki dövründə rəqiblərə qarşı bundan şiddətli dəyənək tapmaq elə də asan məsələ deyildir.
Amma biz heç bir halda demokratların indi hakimiyyətə gəlməsini arzulamazdıq: onlar indi, heç vaxt olmadığı kimi, erməni siyasəti qoxuyur və qəti şübhə yoxdur ki, bu dəfə seçkini demokratlar udsa, birincisi, onlar “erməni genosidi”lə bağlı qondarma qətnaməni qəbul edəcək və ikincisi, bizimçün də, Türkiyə üçün də, yüngül şəkildə desək, məqbul olmayan siyasət yürüdücəklər.
Bəs nə etməli? Böyük güclərdən hansının yanında yer almalı? Maraqlıdır ki, digər bir böyük gücdə də vəziyyət, xüsusən də daxildə siyasi hakimiyyət məsələsi çox kəskin bir durumdadır: növbəti seçkiyə dörd il qalsa da, artıq hamı indidən “Putindən sonra nə olacaq?” sualının üzərində baş sındırır. Hətta hakimiyyətin dəyişməsilə bağlı ən müxtəlif ssenarilər təklif olunur, halbuki demokratik ölkədə hakimiyyətin dəyişməsinin yalnız bir ssenarisi ola bilir; Konstitusiyada göstərilən yol!
Amma Rusiyada “V.Putin erası”nın özəlliyi də bundadır ki, ölkə nə yalnız və yalnız konstitusion ssenarilərin reallaşdığı demokratik dövlətdir, nə də ki, hər şeyin dar bir dairənin istəyi və təşəbbüsü ilə gerçəkləşdiyi avtoritar bir siyasi quruluş: burada hər bir şey mahiyyətcə avtoritar, formaca demokratik olmalıdır ki, insanlar çaş-baş qalsınlar və proseslərə verilən adlarda hansı önlüklərin istifadə olunmasından asılı olmayaraq demokratiya sözü də yada salnsın ki, mahiyyətdəki biabırçılıq zahirə tamam faş olmasın: məsələn, ötən dəfə olduğu kimi, proseslərə tandemokratiya kimi bir ad verilsin...
İnanın ki, biz bu məsələlərə elə də diqqət ayırmazdıq, əgər qardaş Türkiyə ilə Rusiya arasındakı məsafə sürətlə daralmasaydı: Ankara Moskvanın razılığı və yaxud da işarəsiilə ərəblərin problemlərini həll etməkdədir. Bizim üçün daha yaxşı olardı ki, Türkiyə Rusiyanın razılığı ilə bizim Dağlıq Qarabağ problemini həll etsin, amma etmir və yaxud da ki, bunu etməyə Kreml imkan vermir.
İkincisi, Türkiyə özünü ona kökləməlidir ki, ABŞ-ın bir, hətta iki hakimiyyətilə onun problemi ola bilər, amma ABŞ-la əbədi problemi ola bilməz, çünki dünyada başqa bir deyim də var: demokratın demokratdan savayı dostu yoxdur...