Rəsulzadəni aşağılayan, çəpiş qulağı dişləyən namizəd: YAP-ın Həmzəyev sevgisinin sirri...
Parlamentin təyinatlı keçmiş deputatı, təzədən hakim partiya siyahısından namizədliyi irəli sürülən Naqif Həmzəyev 5 il qabaq Cümhuriyyətin qurucularından olan Rəsulzadəni vətən xaini, arvadına sahib çıxa bilməyən biri adlandıranda zəvzək olduğu görünmüşdü.
Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyev də onun payını vermişdi, TV-lər və sosial şəbəkələr yerinə oturtmuşdu, layiqli cavabını almışdı.
Xub. Oldu, keçdi, səhvdir eləyib deyə yola verdilər, Elmar Vəliyevin yetirməsidir söylədilər, 2015-ci ildə verdiyi bu açıqlamadan sonrakı 5 ildə də nə ağzını açmağa qoydular, nə hörmət sahibi ola bildi. Axı Gəncə kimi ziyalılar yetişdirən ölkənin ikinci şəhərində millət vəkili olmaq asan deyil.
Gəncəyə ağayana, sözü, duruşu-oturuşu, hörməti olan bir kişi deputat seçilməliydi. E.Vəliyevə sui-qəsd olanda isə Həmzəyev özünə yer tapa bilmirdi. Hamı fikirləşirdi ki, onu gəncəlilər seçməyib, kim təyin etdiribsə, daha kitabı bağlandı, növbəti çağırışda yeni deputat olacaq.
Anaxeber.info yazır ki, lakin YAP hər kəsi təəccübləndirdi, bu Naqif Həmzəyevi yenə siyahıya salıb Gəncədən namizədliyini elan etdilər.
Partiyanın Gəncə təşkilatının sədri olan N.Həmzəyev biabırçı imicə və reputasiyaya malik adamdır, deputatlığı dövründə Rəsulzadəni təhqir etməsi ilə ad çıxarıb, seçicilərin problemlərinə bir dəfə can yandırmayıb.
Yəni, YAP Gəncə kimi böyük şəhərdə hörmətli, qəbul olunan, əhali arasında nüfuza malik bir siyasətçi tapmadı ki, namizədliyini dəstəkləsin?!
Hələ biz onu demirik ki, uşaqlıqda çəpiş qulağı dişləməyi sevdiyini müsahibəsində etiraf etmiş N.Həmzəyev Gəncə kimi şəhərin harasına yaraşır?
Rəsulzadəni vətən xaini adlandıran Həmzəyev BDU-nun tarix fakultəsini bitirib. Amma ona tarixi tədrisdə deyən olmayıb ki, təhsil aldığı ali məktəb Rəsulzadənin adını daşıyıb.
Onu da deyən olmayıb ki, prezident İlham Əliyev indiki Azərbaycanı Rəsulzadə və silahdaşlarının bizim üçün əsasını qoyduğu AXC-nin varisi adlandırıb.
Vaxtıyla “Mətanət-A” şirkətində mətbuat xidmətinin rəhbəri və PR meneceri kimi çalışan Naqif Həmzəyev bu barədə tərcümeyi halında bircə cümlə belə qeyd etməyib.
Mətbuatda gedən iddiaya görə, buna səbəb həmin şirkətin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus olması idi. Belə ki, Naqif Həmzəyev həmin dönəmlərdə Fərhad Əliyevə daha çox yaxın olmaq üçün bir xeyli canfəşanlıq edib.
Yəni, bu şəkildə Əliyevçi olub. Sonra Elmar Vəliyevçi olub. Hətta bir müddət adı nurçu qalmaqalında hallanıb. Bütün bunlardan sonra Həmzəyevin növbəti dəfə parlamentdə olacağı şübhə doğururdu.
Lakin YAP ictimaiyyətə və gəncəlilərə “sürpriz” etdi. Parlamentin islahatların kursuna adekvat olmadığı deyilərək buraxılması, növbədənkənar seçkilərə gedilməsi ilə təzədən Həmzəyevlərə etimad göstərilməsi bir-birinə qətiyyən uyğun gəlmir.
Demək istəyirsiniz ki, gəncəlilər Həmzəyevə səs versinlər, onu deputat seçsinlər, bu dəfə islahatlarla ayaqlaşacaq? - tragikomik lətifədir.
Hakim partiya Milli Məclisin buraxılması təşəbbüsünü ona görə qaldırmışdı ki, çıxışlarında “quş” buraxan, cəmiyyətin əsəblərini tarıma çəkən Hadı Rəcəblilər, Hüseynbala Mirələmovlar, Naqif Həmzəyevlər yola salınsın. Amma cəmiyyət nə gördü? - həmin adamlar yenə YAP-ın siyahısında...
Yeri gəlmişkən, N.Həmzəyevin deputatlığı dövründə seçicilərə biganəliyi bir tərəfə qalsın, qardaşı Saqif Həmzəyev Gəncədə harın hərəkətləri, hətta bıçaqlanma hadisəsi ilə gündəmə gəlmişdi.
İndi deyirsiniz, bu dəfə Həmzəyev islahatçı deputat olacaq?! E.Vəliyevin sözü ilə oturub-duran bir gənc Gəncə kimi şəhərin deputatı ola bilməz.
Hətta deputat Fəzail Ağamalı Naqif Həmzəyevi “komanda maraqlarına uyğun addım atmaqda” ittiham etmişdi: “Açığı, Elmar Vəliyevə olan sui-qəsdin ətrafında fikir mübadiləsinin aparılmasına tərəfdar deyiləm.
Təəssüf edirəm ki, həmkarım Naqif Həmzəyev sosial şəbəkələri izləmir. İzləyirsə belə, o, demək, sosial şəbəkələrə əhəmiyyət vermir.
Sadəcə olaraq, mənsub olduğu komandanın maraqlarına uyğun addımlar atır və bu da gözləniləndir. Onu əslində qınamıram...
Anaxeber.info
Turan