İRANIN SARSIDILMASI PLANI – ABŞ ən qorxulu və riskli addımlardan çəkinməsə, nə baş verəcək?

6-01-2020, 10:28   

İslam Respublikası Keşikçilər Korpusunun (“Sepah”) tərkibindəki “Əl-Qüds” xüsusi təyinatlılar dəstəsinin komandiri Qasım Süleymaninin öldürülməsi, İran üçün təcrübəli generalın itkisiylə yanaşı, həm də böyük mənəvi zərbədir.

Düzdür, müharibələrdə və qaynar ocaqlarda ali rütbəli komandirlərin həlak olması mümkünsüz sayılmır. Süleymaninin ölümü ilə “Əl-Qüds” hərbi birləşməsi də məhv olub sıradan çıxmayıb. Amma bir məsələyə çox diqqət etməliyik: Qasım Süleymani İran üçün özünəməxsus şücaət və qəhrəmanlıq rəmzi sayılıb. Çünki Süleymani xarizmatik və əfsanəvi fiqura çevrilmişdi ki, bu, həm təbliğat-təşviqati baxımdan, həm də ideoloji müstəvidə İran üçün çox vacib idi.

Hazırda dünya mətbuatında baş vermiş hadisə və perspektivlər barəsində ən müxtəlif fikirlər səslənir. ABŞ-ın “Foreign Policy” jurnalı İran generalı Qasım Süleymaninin öldürülməsi hadisəsi ilə əlaqədar dərc etdiyi “Süleymaninin öldürülməsi ABŞ və İran münaqişəsini yeni səviyyəyə çıxarır” başlıqlı məqaləsində, Amerika siyasi dairələri də daxil olmaqla, beynəlxalq məsələlər üzrə ekspertlərin mövcud vəziyyətlə bağlı düşüncələrinə xüsusi yer verib. Məqalədə deyilir: “Beynəlxalq məsələlər üzrə ekspertlər belə hesab edirlər ki, ABŞ və İran arasındakı qarşıdurma tezliklə yeni səviyyəyə qalxacaq. ABŞ-dakı ”Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi”-nin (The Center for Strategic and International Studies) aparıcı eksperti Set Cons deyib ki, indi hər şey daha gərgin olacaq, çünki Yaxın Şərq münaqişələr və iri miqyaslı etirazlar dalğasına bürünüb.

Set Cons bildirib: “Birincisi - hücum nəticəsində İranın ən mühüm hərbi fiquru məhv edilib. Belə ki, İran-İraq müharibəsindən sonra İran öz xarici siyasətini “Sepah” və “Qüds” hərbi birləşmələrinin asimmetrik döyüş strategiyası üzərində qurub. Qasım Süleymaninin rəhbərliyi altında İran Yəməndə, Suriyada, İraqda, Livanda, Əfqanıstanda, Pakistanda və həmçinin digər Yaxın Şərq ölkələrində 280 min yaraqlı döyüşçü saxlayır. Onun ölümü İranın asimmetrik strategiyasına qarşı ciddi zərbədir.

İkincisi - Süleymaninin ölümü böyük ehtimalla İran və ABŞ arasındakı münaqişənin kəskin şəkildə gərginləşməsinə gətirib çıxaracaq. İndiyədək İran və ABŞ arasındakı münaqişə ABŞ tərəfindən iqtisadi sanksiyalar, İran tərəfindən isə Səudiyyə Ərəbistanının neft infrastrukturuna zərbələr endirmək, Yaponiya və Norveç tankerlərinə qarşı minalardan istifadə metodu kimi kommersiya sabotajlarına söykənən dolayı yollalarla həyata keçirilib”.

Beynəlxalq Böhran Qrupunun prezidenti Robert Malley isə, aviazərbələrin regionda tamamilə yeni müharibəyə gətirə biləcəyindən ehtiyat edir. R.Malley söyləyib: “Amerikanı növbəti Yaxın Şərq müharibəsindən uzaq tutacağını vəd edən prezident Tramp, indi faktiki olaraq bu müharibəni elan edib. Ağ Ev administrasiyası iddia edir ki, aviazərbə İran hücumlarını önləmək üçün həyata keçirilib, amma deyəsən bu hücüm İranın əks həmlələrinin sayını artıracaq. Şübhəsiz ki, general Süleymaninin ölümü İrana sarsıdıcı zərbədir. Bu, həm də regiondakı gərginliyin səngiməsinə olan istənilən ümidə qarşı vurulmuş zərbədir.”

ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin keçmiş əməkdaşı Ruel Mark Qerxet “Foreign Policy”-ə verdiyi müsahibəsində Tehrana qarşı sərt münasibətin tərəfdarı kimi çıxış edərək, Trampın İran generalına qarşı verdiyi hücum qərarını dəstəkləyib: “İranlılar cavab zərbəsi vuracaqlar. Yeganə sual – hədəfin seçilməsidir. Güman ki, bu, İraq ərazisində olacaq. Mənə elə gəlir ki, biz “Əl-Qüds” hərbi birləşməsinin ABŞ silahlı güclərinə qarşı tərtib etdiyi planı ələ keçirmişik və ona görə də Tramp dərhal hərəkətə keçməyi qərara alıb. Afərin ona!”

Tanınmış İran generalının öldürülməsi ABŞ Konqresi tərəfindən birmənalı qarşılanmayıb. Xarici məsələlər üzrə senat komissiyasının sədri, respublikaçı Ceyms Riş Trampın “qətiyyətliliyini” yüksək qiymətləndirib. Onun sözlərinə görə, Süleymaninin ölümü “İraqa öz gələcəyini müstəqil müəyyənləşdirmək imkanı verir”.

Digər konqresmenlər hesab ediblər ki, administrasiyanın hərəkətləri lüzümsuz təxribatdır. Demokratlar partiyasından olan senator Kris Mörfi öz “twitter” səhifəsində yazıb: “Şübhəsiz ki, Süleymani ABŞ-ın düşməni idi. Ancaq məsələ ondadır ki, hesabatların göstərdiyi kimi Amerika həqiqətənmi İranın ikinci nüfuzlu adamını Konqresin razılığı olmadan öldürüb?” 

Perspektiv necə görünür?

ABŞ və İran arasındakı dava-dalaşın tarixi 40 il bundan öncəyə gedib çıxır. Vaxtilə şah Amerikanın Yaxın Şərqdəki dostlarından biriydi. İran şahı həmçinin ABŞ-ın müttəfiqləri - Səudiyyə Ərəbistanı və İsraillə də yaxşı münasibət qurmuşdu. Belə ki, Məhəmməd Rza Pəhləvini Səudiyyədə təntənəli mərasimlə qarşılayırdılar. İnqilabdan sonra İranın müstəqil siyasət yürütməsi Amerikanın Yaxın Şərq planlarına zidd olub. Hazırda Vaşinqtonun İrana qarşı həyata keçirmək istədiyi iki mühüm planı var. Birincisi, nəyin bahasına olursa olsun İranın nüvə silahına yiyələnməyinin qarşısını almaqdır. İkincisi, İranın Yaxın Şərqdə nüfuz sahibi olmasını və region ölkələrində xüsusi təyinatlı qüvvələr saxlamasını əngəlləməkdir. Deyilənləri yerinə yetirmək üçün İrana maksimum təzyiq göstərilməsi planı işə salınıb. Prezident Donald Tramp çıxışlarında bunu açıq söyləyir. Maksimum təzyiqə iqtisadi sanksiyalardan tutmuş müxtəlif formalı hərbi hücumlaradək, bir sıra tədbirlər daxildir. İran Qasım Süleymaninin öldürülməsinin qisası olacağını bəyan edir. Deməli, artıq diplomatiya arxa cərgələrə itələnir və hədə-qorxu ön səfə keçir. Onsuz da bu hadisədən əvvəl də tərəflər bir-birlərinə meydan oxuyan ifadələr işlədiblər.

Bəs, bundan sonrakı perspektivlər nəyi göstərir? Əslində hər şey İranın nə qədər dözüm və əzm nümayiş etdirməsinə bağlıdır. İran bu cür durumlara alışıqdır və ekstremal şərtlər daxilində yaşamaq təcrübəsi var. Amma yadımızdan çıxarmayaq ki, onun qarşısında nəhəng ABŞ dayanır. Və əgər Amerika vəziyyətin daha da tündləşməsindən çəkinməyərək, İran üçün ən riskli və qorxulu addımları atarsa, onda nə olacaq? İranın bundan sonrakı qarşıdurma zamanı xeyli hərbçi və külli miqdarda pul itirəcəyi şəksizdir. İndi İran iqtisadi cəhətdən tənəzzülə doğru gedir və ona görə də sosial etirazların yenidən alovlanacağı ehtimalı yüksəkdir. Digər tərəfdən İranın özünə müttəfiq bildiyi Rusiya və Çinin həlledici mərhələdə geri çəkilməyəcəyinə kim təminat verə bilər?

Bildiyimiz kimi, Tramp tez-tez çox mürəkkəb və ziddiyyətli addımlar atır. Ola bilər ki, o, bir müddətdən sonra İrana təklif edər ki, bəs, tərslik etməyin; mən istəyirəm ki, sizinlə yeni nüvə müqaviləsi imzalayım. Sözsüz ki, yeni müqavilənin şərtləri əvvəlkindən qat-qat sərt olacaq. Yəni, əvvəl hərtərəfli təzyiq göstərilir, sonra isə təklif verilir.

Unutmayaq, ABŞ prezidenti bildirib ki, İran üçün müzakirə açıqdır. Deməli, əslində Trampın nəyə işarə etdiyi bəllidir. Daha doğrusu ABŞ İranı elə hala salmaq istəyir ki, onun razılaşmaqdan başqa çarəsi qalmasın.

Vaqif NƏSİBOV 

AzPolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.