Qasım Süleymaninin qızı ABŞ vətəndaşı imiş: Girovluq, yoxsa əqidə mühacirliyi?

6-01-2020, 19:30   



Qasım Süleymaninin qızı ABŞ vətəndaşı imiş: Girovluq, yoxsa əqidə mühacirliyi?

Keçmiş sovet sistemində bir insanı təhlükəsizlik və hərbi strukturlara işə götürəndə adamın 7 sülaləsini yoxlayırdılar. Ən çox araşdırılan məsələ isə həmin kadrın yaxın və uzaq qohumları arasında xaricdə yaşayanın olub-olmaması idi. Şayət Arazdan keçərkən və ya avtobusda gedərkən ayağını ayaqladıqlarından birinin hansısa qohumu xaricdə idisə, sənin də çırağın sönürdü. Xarici kəşfiyyat orqanlarının həmin şəxs vasitəsilə sənə təsir edib özlərinə çalışdırma  ehtimalı nəzərə alınır və səni dərhal qara siyahıya salırdılar.

Sözsüz ki, kəşfiyyat sahəsində dünya liderlərindən olan SSRİ-nin məsələyə bu cür yanaşması səbəbsiz deyildi. Yəqin ki, dəfələrlə sınaqdan çıxarılmış təcrübələr xariclə hər hansı əlaqəsi olanların dövlət strukturlarında nəinki irəli çəkilməsinin, hətta kiçik vəzifədə işləməsinin belə təhlükəli olduğunu göstərirdi və SSRİ başbilənləri bu təcrübələrə əsaslanıb bu qaydanı kadr siyasətinin olmazsa olmazı kimi qəbul etmişdilər.

SSRİ dağıldıqdan sonra keçmiş ittifaq subyektlərində hakimiyyətə gətirilənlərin yaxın ətrafından mütləq birinin Moskvada yaşaması şərti vardı və bu ənənə indi də davam edir.

 

Bütün bunlar siyasi xadimlərin yaxın ətrafından birinin hansı dövlətdə yaşayarsa, bunun ölkələr arasında xoş münasibətlərin formalaşacağına və bir-birinə düşmən kəsilməyəcəyinə xidmət edəcəyi inancından irəli gəlirdi və bu inanc tarixən də diplomatik əlaqələrin vazkeçilməz prinsiplərindən sayılıb. Təsadüfi deyil ki, tarix boyu şahlar, xaqanlar bir başqa dövlətin liderləri ilə qohumluq əlaqələri qurur və maraqların birləşdirilməsini ortaq təhlükəsizlik amili kimi qiymətləndirirdilər.

Eyni sözləri dövlətlərin digər əyan-əşrəfi barədə də demək mümkündür. Bütün bu qohumluq əlaqələrinin qurulması təkcə köklü bir soyla nəsil artımı məqsədi güdmürdü, həm də dövlətlər qarşılıqlı etimad yaratmaq üçün bir-birinə ən dəyərli varidatlarını girov qoyurdular. İnsanın ən dəyərli varidatının isə övlad olduğu şəksizdir.

Övlad bir tərəfə, bir çox ölkələrdə hətta xaricdə biznesi olan şəxsin deputat seçilmək və ya nazir, iri məmur təyin olunmaq hüququ belə yoxdur. Çünki bu hal başqa dövlət qarşısında öhdəlik meydana gətirir və xaricdə olan girov ölkə maraqlarını layiqincə qorumasında çətinlik yaradır.

İran da böyük dövlətdir. Hətta Amerikaya, İsrailə, qlobal imperializmə qarşı üsyan bayrağı açacaq qədər güclüdür. Öz ölkəsində qurduğu rejimi dünyanın ən ədalətli sistemi kimi Yaxın Şərqə və İslam dünyasına yaymağa çalışır. Məntiqlə, bu rejimi idarə edənlər ən dəyərli varidatlarını da gözlərindən kənara buraxmamalı, xüsusilə övladlarının dünyanın ən xoşbəxt və ədalətli ölkəsində yaşamasında maraqlı olmalıdırlar. Eynilə onların övladları da öz doğma cənnət məkanlarını qoyub qlobal zülmün mərkəzində yaşamağa tamah salmamalıdırlar. Həm də qlobal imperializmə qarşı mübarizə aparan valideynləri və özlərinin isə doğmalarına qarşı girova çevrilmək ehtimalı varsa. Əks halda ortaya başqa nəticələr çıxır. Məlum olur ki, yüksək səlahiyyət sahibi valideynlərin xalqa və qonşu dövlətlərin insanlarına söylədiklərinə heç onların övları də inanmır və yer üzündəki cənnəti İslam dəyərlərindən uzaq diyarlarda axtarırlar.

Son zamanlar iranlı ictimai fəallarının sosial şəbəkələrdə yaydığı bir çox məlumatlar da İranı idarə edənlərin belə, öz ölkələrini bəyənmədiklərini göstərir. Belə ki, bir müddət əvvəl İranın qurucu lideri ayətullah Xomeyninin qız nəvəsinin ABŞ-da yaşadığı və üstəlik, hicab qaydalarından uzaq geyindiyi məlum olmuşdu. İndi isə bir neçə gün əvvəl ABŞ tərəfindən öldürülən  əfsanəvi general Qasim Süleymaninin qızının Amerika vətəndaşı olduğu ortaya çıxıb.  Adı Zeynəb olan 28 yaşlı xanımın şəxsiyyətinə dair məlumatlar ərəb mətbuatı tərəfindən ictimailəşdirilib və İrana aid sosial şəbəkələrdə yayılıb. Sənəddə Zeynəb Süleymaninin valideynləri bu şəkildə təqdim olunur:

Atası: Qasem Soleimani,

Anası: Adı bilinmir.

 

Məlumdur ki, Qasim Süleymani elə-belə generallardan deyildi. 1979-cu ildən son nəfəsinə qədər ABŞ-la, İsraillə döyüşüb. Livandan Yəmənə, İraqa qədər Yaxın Şərqə nəzarət edib. Öz ölkəsində belə dini lider ayətullah Xamaneidən sonra ikinci qüdrət sayılıb. Sözsüz ki, onun övladları da atalarının bu şan-şöhrətindən, imtiyazlarından ən azı mənəvi cəhətdən faydalanıblar. Yəqin, İrandan tutmuş Livana qədər geniş coğrafiyada milyonlarla insan onların başına dolanıb, böyük sayqı ilə qarşılayıblar. Bütün bu imtiyazlara və hörmətə baxmayaraq, Qasim Süleymaninin qızı İran vətəndaşlığından belə çıxıb ABŞ-a sığınıbsa və onun vətəndaşlığınını qəbul edibsə, bu, sözün bitdiyi yerdir və sual doğurur: Ən imtiyazlı ailələr belə bu rejimdə yaşaya bilmirsə, bəs sadə vətəndaşlar nə etməlidir?

Suallar çoxdur. Bir-bir dilə gətirib oxucuları yormaq istəməzdik. Bizə görə, Qasim Süleymaninin qızının ABŞ vətəndaşı olmasının ortaya çıxmasından sonra beyinləri qurcalayan əsas sual isə belə olacaq: Övladı düşmən dövlətdə yaşayan bir generalın həmin dövlətə qarşı həqiqi mübarizə aparması mümkündürmü? /ovqat.com/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.