İranlı general Qasım Süleymaninin ölümü, Azərbaycan da daxil, region ölkələrində durumu gərginləşdirə, yeni təhlükələrə yol aça bilərmi?
Bakıda bu suala cavab verən siyasətçi və təhlilçilərin cavabları haçalanır. Kimi narahatlığını gizlətmir və rəsmi qurumların, özəlliklə xüsusi xidmət orqanlarının güvənlik tədbirlərini artırmasını vacib bilir, kimi də baş verənlərə soyuqqanlı yanaşmağa üstünlük verir.
İ.Qəmbər: «Azərbaycan seçim qarşısında qala bilər»
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər “Azadlıq” radiosuna deyib ki, son hadisələr regiondakı gərginliyi daha da artıracaq. Onun qənaətincə, Azərbaycan yenə seçim qarşısında qala bilər: «Bir böyük dövlət və bir regional dövlət ciddi qarşıdurma şəraitindədir, bir-birinə qarşı beynəlxalq hüquqa zidd addımlar atır. Bu halda hər iki dövlət Azərbaycandan müəyyən mövqe gözləyir. Təbii ki, bu, asan seçim deyil».
İ.Qəmbər bölgədə artan gərginliyin Azərbaycana təhlükələr yaradacağını, tərəflərin Azərbaycan daxilində də bir-birinə qarşı addımlar atacağını istisna etmir. Bu üzdən o, dövlətin təhlükəsizlik tədbirlərini gücləndirməsini, o cümlədən Azərbaycandakı xarici kəşfiyyat nümayəndələrinin fəaliyyətinə diqqətin artırılmasını vacib sayır və fikrini belə yekunlaşdırır: «Azərbaycanın bu münaqişəyə cəlb edilməsinin qarşısı alınmalıdır».
Zərdüşt Əlizadə: «Bizim İran və ABŞ qarşısında öhdəliyimiz yoxdur»
Politoloq Zərdüşt Əlizadə İran-ABŞ qarşıdurmasının Azərbaycana təsirinə inanmır və üstəlik, Vaşinqtonla Tehranın Bakıya təsir, təzyiq göstərəcəyi haqda səslənən ehtimalları da əsassız sayır: «Biz müstəqil dövlətik, nə İran, nə də ABŞ qarşısında hər hansı öhdəliyimiz var. Bizim aramızda qarşılıqlı müdafiə haqqında müqavilə varmı? Yoxdur. Qonşu dövlətik. Beynəlxalq hüquqda nə var, onu da edirik».
Elxan Şahinoğlu: «İstənilən qığılcım böyük toqquşmaya səbəb ola bilər»
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu narahatlığını gizlətmir: «Bölgə ölkələrini ağuşuna alacaq hadisələr baş verə bilər». O da düşünür ki, Azərbaycan ehtiyatlı davranmalı və güvənlik tədbirlərini artırmalıdır.
Siyasi şərhçi istənilən qığılcımın böyük toqquşma doğura biləcəyini vurğulayaraq deyir: «Müsəlman aləminin özündə də bu məsələ ilə bağlı parçalanma var. Bəzən İrandan səslər eşidirik: «Amerikayla dost olan dövlətlər də bizə düşməndir». Əslində, bu yanaşmanı qəbul etmirik. İşğalçı Ermənistanı çıxmaq şərtilə, bizim bütün dövlətlərlə normal qonşuluq və tərəfdaşlıq münasibətlərimiz var. Bu, Azərbaycanın təhlükəsizlik maraqları baxımından vacibdir. Bizim İranla da mehriban qonşuluq, Amerikayla da tərəfdaşlıq münasibətlərimiz var. Biz kiminsə xeyrinə qərar verə bilmərik, ikinci dövlətlə əməkdaşlığımız üçüncü dövlətə yönəlmir».
Qasım Süleymaninin qətli və kimliyi Azərbaycanda adi vətəndaşlar arasında da dartışma və fikir ayrılıqlarına yol açıb və yeni ilin ilk günlərində sosial medianın aparıcı mövzularından birinə çevrilib. İranlı generalın qətlinə matəm saxlayan, onu «şəhid», «qəhrəman» elan edənlərlə yanaşı, bu münasibəti kəskin tənqid edənlər, bunun qonşu dövlətin məsələsi olduğunu deməklə məsələyə nöqtə qoyanlar da var.
E.Şahinoğlu generalın öldürülməsinə İranın mövqeyindən yanaşmanı da, Qasım Süleymani ilə bağlı aşağılayıcı ifadələr işlədilməsini də yanlış sayır: «Biz 10 milyonuq. Hamımız eyni cür düşünə bilmərik. Amma təhlükəni də görməliyik, axı bir məsələ ətrafında gör necə parçalanma yaranır. Dövlət strukturları bunun səbəblərini araşdırmalı, boşluqlar öyrənilməlidir. Suriyada müharibə başlayanda gözləmədiyimiz halda min Azərbaycan vətəndaşı gedib terrorçulara qoşuldu. İndi də oxşar hadisə baş verir. Qonşu ölkənin generalı ölüb, Azərbaycanda parçalanma əmələ gəlib».
Politoloq Z.Əlizadə bu cür narahatlıqları bölüşmür. O, sosial mediada gedən müzakirələrə də soyuqqanlı yanaşır. Siyasi şərhçi sosial şəbəkələrdə fəallıq göstərməklə gerçək həyatdakı fəallıq arasında böyük fərq olduğunu deyir: «Sosial mediada qəhrəmanlıq edənlər həyatda başını aşağı salıb quzu balası kimi davranırlar». Politoloqun fikrincə, «Təəssüf ki, Azərbaycan xalqının siyasi səviyyəsi çox aşağıdır və beynəlxalq aləmdə baş verənlərdən xəbərsizdir».
İ.Qəmbər sözügedən mövzu ilə bağlı daha təmkinli davranmağı məqsədəuyğun sayır. Ancaq bununla belə, sosial mediadakı müzakirələrlə bağlı ifrata varıldığını düşünür: «Sosial şəbəkədə diskussiyaları izləyirəm, araşdırma aparmamışam, amma müşahidəmə görə, tutalım, 10 nəfər generalın öldürülməsinə həddən artıq mənfi yanaşır, generalı tərifləyirsə, 10 nəfər də sərt şəkildə qətlə yetirilıməsini müsbət hadisə kimi qeyd edir. Amma 80 nəfər bu 20 nəfərin fikirlərini şərh edərək, böyük qarşıdurma yaradacağı haqda fikri yaymaqla məşğuldur. Vətəndaşlarımıza bu məsələdə daha ölçülü-biçili yanaşmağı, ziddiyyəti böyütməməyi tövsiyə edirəm».
Olayı şərh edənlər bir məsələdə həmfikirdirlər və düşünürlər ki, bölgədəki gərginlik neftin qiymətinin artmasına imkan verir. Bu da iqtisadiyyatı neftdən asılı Azərbaycan üçün əlverişli sayıla bilər. (azadliq.org)