İlqar Məmmədov: Azərbaycan hakimiyyəti məni seçkiyə buraxmadı
8-01-2020, 05:50
Azərbaycan hakimiyyəti ReAL Partiyasının sədri İlqar Məmmədovla bağlı mənfi cavabını Avropa Şurası Nazirlər Komitəsinə göndərib. Bu barədə məlumatı İlqar Məmmədovun özü yayıb. Onun sözlərinə görə, hakimiyyət bununla seçkidə iştirakını qadağan edib. Avropa Şurası Nazirlər Kabineti İlqar Məmmədovun seçilmək hüququnun Azərbaycan hakimiyyəti tərəfindən təmin edilməməsi barədə şikayəti ilə bağlı yanvarın 7-də yaydığı məlumatda deyilir ki, Azərbaycanın Ali Məhkəməsinin plenumu bu işə baxılması tarixi ilə bağlı hələlik heç bir qərar qəbul etməyib. Rəsmi Bakı Avropa Şurası Nazirlər Kabinetinə bildirib ki, Ali Məhkəmənin qərarı “mümkün qədər tez müddətdə” açıqlanacaq. Azərbaycan hökuməti Avropa Şurası Nazirlər Komitəsinə cavabında bildirir ki, İlqar Məmmədovla bağlı qərarın çıxarılması zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin müddəalarına əməl edilməlidir. Azərbaycan tərəfi bildirir ki, CPM-in 392.4. maddəsinə uyğun olaraq“apelyasiya şikayəti və ya apelyasiya protesti məhkəməyə daxil olduğu vaxtdan 30 (otuz) gün müddətində apelyasiya instansiyası məhkəməsi onların baxışını təyin edir. Cinayət işinin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu müddət apelyasiya instansiyası məhkəməsinin qərarı ilə 45 (qırx beş) günədək uzadıla bilər”. “Halbuki, cavabı 31 dekabra qədər verməli idi və o, müsbət olmalı idi. Başdan edən cavabda deyilir ki, Ali Məhkəmənin Plenumu məsələyə baxmayıb, baxanda xəbər verərik. Bu, bir daha sübut edir ki, 2013-cü ildən bu yana İlham Əliyevin bircə dərdi var: İlqar Məmmədov mühüm seçkidə iştiraka buraxılmasın. Amma inanıram ki, seçki haqqımı mütləq və mütləq bərpa etdirib ona prezident seçkisində qalib gələcəm. Cümhuriyyətçilər təslim olmur”, - deyə İlqar Məmmədov öz “Facebook” səhifəsində yazıb. İlqar Məmmədov yanvarın 2-də Avropa Şurası Nazirlər Komitəsinə təqdimat göndərib. Təqdimat Azərbaycan hakimiyyətinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarını icra etməməsi ilə bağlı hazırlanıb. Təqdimatda bildirilib ki, Azərbaycan hakimiyyəti bilərəkdən AİHM-in barəsində çıxartdığı bəraət qərarını uzun illərdir icra etmir: “Sənəddə həmçinin, seçilmək haqqımın bərpa edilmədiyini bildirdim. Azərbaycan Avropa Şurasının yeganə üzvüdür ki, öz üzvlük öhdəliyini yerinə yetirmədiyi barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var. Bu qərar 2019-cu ilin mayın 29-da qəbul olundu. Yəni, Azərbaycan AİHM-in qərarını və Avropa Şurasının qarşısında öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir, Konvensiyanı pozur. Bundan çıxış edərək, mən xahiş etdim ki, Avropa Şurası Nizamnaməsinə uyğun olaraq Azərbaycan hökümətinin Avropa Şurasında haqlarının dondurulması proseduruna başlanılsın. Bununla da mən tək Azərbaycan yox, həm də Avropa miqyasında göstərmək istəyirəm ki, üzvlər öz öhdəliklərini yerinə yetirməlidir. Çünki bu gün Azərbaycan üzərinə götürdüyü öhdəliyi yerinə yetirmirsə, sabah digər ölkələr də bunu edəcəklər. Məhz buna görə Avropa Şurası tədbir görməlidir. Mən bunu Konvensiyanı müdafiə etmək üçün edirəm”. Avropa Şurasının Nazirlər Komitəsi hesab edirdi ki, Azərbaycan hökuməti 8 nəfərin - İlqar Məmmədov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov və NİDA Vətəndaş Hərəkatının 2013-cü ildə həbs edilmiş 4 üzvünün üzərindən məhkumluğu qaldırılmalıdır. Hazırda azadlıqda olan həmin şəxslərin üzərindən məhkumluğun götürülməsi onların fevralın 9-na nəzərdə tutulan növbədənkənar parlament seçkilərində namizədliklərini irəli sürməyə imkan verəcəkdi. İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun bir neçə şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. AİHM İlqar Məmmədovla bağlı 2017-ci ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İlqar Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib. Bundan sonra Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq, onu təkrar Şəki Apelyasiya Məhkəməsinə göndərmişdi. Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə 2018-ci il avqustun 13-də İlqar Məmmədov azad edilib. O, 2 il sınaq müddəti şərti ilə azadlığa buraxılıb.