Elina Hacıyevanın ölüm işi ilə bağlı apelyasiya şikayəti təmin olunmadı 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharına görə məsuliyyətə cəlb olunmuş direktor Sevinc Abbasovanın həbsi tələb olunsa da, Bakı Apelyasiya Məhkəməsi onun haqqındakı hökmü dəyişməyib. Həm Elinanın anası Sevil Hüseynova, həm də təqsirləndirilən direktor S.Abbasova hökmdən şikayət vermişdi. Elinanın anası keçmiş direktorun haqqındakı 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasının ləğvini, onun həbs olunmasını tələb edirdi. S.Abbasova isə hökmün ləğv edilib, ona bəraət verilməsini istəyirdi. Yanvarın 8-də Bakı Apelyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyilə keçirilən prosesdə hər iki tərəf danışıb, şikayətini əsaslandırıb. Zərərçəkmiş S.Hüseynova deyir ki, Elina ilə bağlı ekspertiza rəyləri saxtalaşdırılıb. Onun vəkilləri təkrar ekspertiza keçirilməsi, rəy vermiş ekspertlərin məhkəmədə dindirilməsi haqda vəsatətlər qaldırsa da, təmin olunmayıb. “Xahiş edirəm, mənim qızımın qanını yerdə qoymayın”, - S.Hüseynova hakimlərə üz tutaraq deyib. Onun vəkili Sevinc Əliyeva da bildirib ki, təqsirləndirilən direktora verilən cəza çox yüngüldür, onun əməlinə adekvat deyil. Vəkil zərərçəkmişin maddi və mənəvi ziyanla bağlı mülki iddiası haqda da danışıb. Zərərçəkmişin vəkilləri təqsirləndirilən direktor və Təhsil Nazirliyinə qarşı 100 min manatlıq mülki iddia qaldırmışdı. Müdafiəçilər Elinanın ölümüylə onun anasına dəymiş maddi və mənəvi ziyana görə 100 min manat təzminat ödənilməsini tələb edirdi. Səbail Rayon Məhkəməsi Təhsil Nazirliyinə qarşı mülki iddianı təmin etmədi. Keçmiş direktora münasibətdə isə qismən təmin olundu – S.Abbasovanın zərərçəkmişə mənəvi ziyana görə 10 min, maddi ziyana görə isə 8500 manat ödəməsi haqda qərar çıxarıldı. Zərərçəkmişin vəkili deyir ki, bu, S.Hüseynovaya dəymiş zərbənin qarşısılığında çox azdır. Müdafiəçi hesab edir ki, 162 saylı orta məktəbdə baş verənlərdə Təhsil Nazirliyinin də günahı var. Ona görə ziyanı həm də nazirlik ödəməlidir: “Nazirlik uzun müddət direktoru qoruyub. Bütün bu baş verənlərdə onların da günahı var. Nəzarət etsəydilər, vəziyyət bu cür olmazdı. Qanunvericilikdə də yazılıb ki, işəgötürən işçinin vurduğu ziyana görə məsuliyyət daşıyır. Təhsil Nazirliyi isə yaxasını kənara çəkir. Hətta ziyanı da ödəmək istəmir. Mütləq bu qızcığaz ölməliydi ki, o direktor işdən çıxarılsın? Axı bundan əvvəl həmin adam məktəbin direktor müavinini yalan şikayətlərlə işdən çıxarmışdı. Bu, məhkəmə qərarıyla da sübuta yetirilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində həmin məktəbdə yeyintilərlə bağlı cinayət işi olub. Təhsil Nazirliyi bütün bunlara göz yumub”. Təqsirləndirilən direktor və onun vəkili Sadiq Bağırov isə çıxışında bəraət istəyib. Bildiriblər ki, S.Abbasovaya qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2 (səhlənkarlıq, ağır nəticələrə səbəb olduqda) maddələrilə irəli sürülən ittihamlar təsdiqini tapmayıb. S.Abbasova çıxışında Elinanın şəxsi həyatına aid məqamlara toxunub və o məsələlərin araşdırılmasının vacibliyini vurğulayıb. Bu da məhkəmə zalında olan zərərçəkmiş tərəfin, Elinanın yaxınlarının etirazına səbəb olub. Prokuror Səbail Rayon Məhkəməsinin hökmünün dəyişdirilməsinə ehtiyac olmadığını söyləyib. Hakimlər də qısa müşavirədən sonra apelyasiya şikayətlərinin təmin olunmadığını, hökmün qüvvədə saxlandığını elan edib. Bundan sonra Elinanın yaxınları məhkəmənin binası qarşısında qərara etiraz ediblər. “Azərbaycanda belədir, varlı irəli gedir, kasıbın balasının başına bu oyunları gətirirlər. Qanun işləmir bu ölkədə...”, - Elinanın nənəsi Solmaz Əsgərova bildirib. Zərərçəkmişin vəkili Sevinc Əliyeva bildirib ki, Elina özünü üçüncü mərtəbədən atandan sonra direktorun otağında olmuş, lakin təcili yardım çağırmamış digər şəxslərin də cəzalandırılması üçün lazımi addımlar atacaqlar. Vəkil həmçinin həkimlərin səhlənkarlığıyla bağlı da yetərincə əsaslı şübhələr olduğunu vurğulayıb: “Həmin vaxt direktorun otağında 20-yə yaxın adam olub. Uşaq imdad diləyib, heç biri təcili yardım çağırmayıb. İki saata yaxın o vəziyyətdə qalıb. Heç kim də belə qeyri-insani hərəkətə görə layiqli cəzasını almayıb. Bu iş bizim cəmiyyət üçün üz qarasıdır”. Vəkil əlavə edib ki, apelyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər: “Orada da qərar bizi qane etməsə, Avropa Məhkəməsinə şikayət edəcəyik”. Təxminən 20-yə yaxın gənc fəal da Bakı Apelyasiya Məhkəməsinin həyətində qərara etiraz ediblər. Onlar “Qatil sistem qatili qoruyur!”, “Məhkəmə susdu, sən susma!”, “Elina!” kimi şüarlarla keçmiş direktorun həbs olunmamasına etirazlarını ifadə ediblər. Müəlliflər: Meydan TV