10 yaşlı Nərminin qatili LOMONOSOV ADINA UNİVERSİTETİ BİTİRİB, ÜÇ DİL BİLİR, YENİLƏNİB

10-01-2020, 19:21   
 

İstintaq 10 yaşlı Nərmin Quliyevanın vəhşicəsinə qətlə yetirilməsinin bütün detallarını müəyyən edib. Faktla bağlı saxlanılan Quliyevlərin 47 yaşlı qonşusu İlkin Süleymanov etiraf xarakterli ifadə verib. Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumatlara əsasən, Nərmin Quliyeva əmisinin həyətindən çıxmasından sonra küçədə İ.Süleymanovla qarşılaşıb. O, qızı aldadaraq evinə aparıb. Qatil qıza öz qızı kimi qulluq edəcəyini söyləyərək, onu çardağa gətirib. Nərmin evə qayıtmaq istədikdə isə Süleymanov onun əlini və qolunu bağlayıb, ağzına yapışqan lent vurub.

Qatil uşağı qaçmağa və ya kömək çağırmağa çalışacağı halda cəzalandırmaqla hədələyib.

Məlumdur ki, saxlanılan şəxsin qurbanı saxladığı ev boş olub. İ.Süleymanovun valideynləri bu evin yanındakı kiçik xidməti evdə yaşayıblar. Onlar ifadə verən zaman oğullarının tez-tez həmin evə girdiyini gördüklərini, lakin onun orada Nərmini saxladığını ağıllarına belə gətirmədiklərini qeyd ediblər.

Valideynlərin sözlərinə görə, onlar oğullarının çardaqda meyvə qurutduğunu düşünüblər. Ən azından o özü tez-tez dama çıxmasını bununla izah edib. Uşağın təcavüzə uğraması faktı hələlik təsdiqlənməyib, çünki məhkəmə-tibbi ekspertizası hələlik müvafiq rəy açıqlamayıb, İ.Süleymanov isə bununla bağlı etiraf etməyib.

Saxlanılan şəxsin sözlərinə görə, polislər daim hadisə yerində olub, qohumları və qonşuları dindiriblər və o da bütün bunları görüb. O, başa düşüb ki, əgər qızı dərhal öldürsə, cəsəd çürüməyə başlayacaq və üfunət dərhal polisləri onun yanına gətirəcək.

Vacib detalı qeyd edək ki, bütün bu vaxt ərzində qızı qaçıran şəxs “Səni axtarıram” verilişinə baxıb və Nərminin qohumlarının onun yoxa çıxmasında bir-birini necə ittiham etməsini görüb. Bu yolla istintaqın gedişini izləyib və əmin olub ki, cinayətdə onun iştirakından heç kim şübhələnmir. Qatilin nəyə görə qızın cəsədindən valideynlərinin evi yaxınlığında yaxa qurtarması bununla izah olunur. O, istintaqı çaşdırmaq və şübhələri qurbanın qohumlarının üzərinə çəkmək istəyib. Öldürdükdən sonra qatil Nərminin cəsədini tikinti arabasına qoyub, tapıldığı yerə gətirib və yandırıb. Arabanı gizlətdikdən sonra polisə zəng vurub və uşağın cəsədini alovlar içində gördüyünü bildirib.

İstintaq tədbirləri davam etdirilir.

Məlum olub ki, İlkin Süleymanov M.V. Lomonosov adına Moskva Dövlət Universitetini (MDU) bitirib və orada da çalışıb. Bundan sonra Bakıya qayıdaraq burada özəl sektorda çalışıb. İ.Süleymanov 10 ilə yaxın imiş özünə qapandığı üçün valideyinlərinin yanında Tovuzda Dondar Quşçu kəndində yaşayıb. Bir bacı və qardaşı var. Atası uzun illər kənddə fizika müəllimi işləyib. Kənddə hörməti olan şəxs olub və hazırda yataq xəstəsidir.


***

Xəbər verildiyi kimi Tovuz rayonunun Dondar Quşçu kəndində ötən ilin noyabrından itkin düşmüş 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə şübhəli bilinən şəxs bu gün həbs edilib. Bu, həmin kəndin 47 yaşlı sakini İlkin Süleymanovdur. İlkin Süleymanov Quliyevlərin qonşusudur. Həmin adam azyaşlının meyitini ilk dəfə “aşkarlayıb” qonşusunu xəbərdar etmişdi.

“İlkin çölə çıxıb siqaret çəkməyə, görüb ki, o biri qonşunun hasarının dibində nəsə yanır, yaxınlaşıb. O da deyib birdən ev yanar, qonşunu çağırıb, deyib ki, hasarın böyründə nəsə yanır. O da torpaq töküb söndürüb. Sonradan görüblər ki, uşaq meyitidir. Polisə xəbər ediblər",- azyaşlının atası, heç nədən şübhələnməyən Şərif Quliyev bildirmişdi.

Əmisi isə açıqlamasında İlkindən şübhələnmədiklərini bildirmişdi. Bildirib ki, İlkinlə Nərmingilin evi arasında 500-600 metr məsafə var. “İlkin Şərif Quliyevlə bir oxuyub, münasibətləri yaxşıdır. Kənddə heç kim onu pis adam kimi tanımır”-əmi belə deyib.

İlkin Süleymanov Rusiya ali təhsil alıb, 3 dil bilir, kənddə valideynləri ilə birgə yaşayır. Atası məktəb direktorudur. Qatil Nərmini necə öldürdüyü ilə bağlı danışıb. İlkin Nərmini ailəsi ilə birgə yaşadığı evində gizlədib.

Virtualaz.org kənd sakinləri ilə söhbətləşib, onlar bu dəhşətli cinayət əməlini törədən manyakın kənd sakini olduğunu eşidəndə sarsıldıqlarını deyiblər. Və şübhəli şəxs qismində saxlanılan İ. Süleymanovun valideynləri ilə birgə yaşadığını deyiblər. Sakinlər iddia edirlər ki, əgər azyaşlı qızı 2 aydan çoxdur İlkinin yaşadığı evdə saxlanılırdısa onunla bərabər ailə üzvləri də bu cinayətə görə məsuliyyət daşıyırlar.

“İlkin Süleymanov subaydır, valideynləri ilə birgə yaşayır. Atası uzun illər kənddə fizika müəllimi işləyib, özü də çox əzazil adam olub. Hazırda yataq xəstəsidir. Anası da evdar qadındır, kişiyə qulluq edir. Onun gözündən heç nə yayına bilməz. Ola bilməz ki,  uşaq evdə saxlanılıbsa valideyinlərin bu hadisədən xəbərdar olmasın”,-sakinlərdən biri belə deyib.

Sakinlər bildirirlər ki, İ. Süleymanov çox sakit insan olub və indiyə qədər heç kim ondan şübhələnməyib: “Həddindən artıq sakit, qapalı, fağır insandır. Həmişə də başıaşağı gəzərdi. Biz özümüz onun yerinə and içərdik ki, o belə hərəkət eləməz. Psixoloji problemləri varmış… Biz ona ən ağır cəzanın verilməsini istəyirik, qoy hamıya dərs olsun”, - Dondar Quşçu sakini bildirib.

Xatırladaq ki, 10 yaşlı Nərmin Quliyeva  ötən il noyabrın 21-də itkin düşüb. Azyaşlının atası Şərif Quliyev saat 14:00 radələrində özünə məxsus gödəkçəni gətirmək üçün qızı Nərmin Quliyevanı həmin kənddə yaşayan qardaşının evinə göndərib və o, əmisinin evindən çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb. Ailə uşağı heç yerdə tapa bilməyəndən sonra polisə müraciət edib. Azyaşlının meyiti yanvar ayının 6-da axşam saatlarında tapılıb.

Gülnar Əliyeva

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.