Türkiyədə “Gülən camaatı”na məxsus məktəblərin müxtəlif səbəblərlə bağlanmasını start verilib.
Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, gün ərzində təkcə Bolu şəhərində nurçulara məxsus 4 məktəbin binasına artıq möhür vurulub. Səbəb kimi isə binaların qanunsuz və layihəyə uyğun tikilməməsi göstərilir.
Bolu şəhər bələdiyyəsi “Gülən camaatı”na məxsus məktəbləri bağlamaqla bir ilkə də imza atıb. Belə ki, bələdiyyə 7 ildir fəaliyyət göstərən “Özəl Bolu Fatih Yumurcak Dünyası Anaokulu”nu bağlayaraq qarşısına “Bu bina layihəyə uyğun tikilmədiyi üçün fəaliyyəti dayandırılıb” elanını asıb. İndiyə qədər bələdiyyə tərəfindən bağlanan binaların qarşısına bağlanma səbəbi ilə bağlı heç bir elan vurulmurmuş.
Digər bağlanan məktəb də eyni şəhərdədir. Bələdiyyə işçiləri 15 ildir fəaliyyət göstərən və “camaat”a məxsus olan “Anafen dershanesi”nin qarşısına binanın sənədsiz olduğunu ifadə edən elan vuraraq möhürləyiblər.
Gün ərzində bağlanan məktəblərin sırasına Bolu şəhərindəki “Fatih kolleci” də daxildir. Dördüncü məktəb binası da “Fatih kolleci”nə məxsusdur.
Bolu şəhərinin bələdiyyə başqanı Ələddin Yılmaz dövlət qurumu olduqlarını, qanunsuz və proyektə uyğun olmayan tikililərin fəaliyyətinə qadağa qoyacaqlarını bildirib.
Bələdiyyə başqanı “camaat”a məxsus 4 məktəbin eyni gündə bağlanmasının təsadüf olmadığını da deyib.
Xatırladaq ki, ötən ay Azərbaycanda fəaliyyət göstərən və “Gülən camaatı”na məxsus olan türk liseyləri və “Araz kursları” da verilən ani qərarla bağlanmışdı.