10 yaşlı Nərmini hansı məmurlar “öldürdü”? - 45 gün susanlar...

13-01-2020, 10:44   
 



Tovuzda 10 yaşlı Nərmini qətli törətməkdə şübhəli bilinərək saxlanan, cinayəti etiraf etdiyi deyilən İlkin Süleymanovdan qabaq öldürənlər oldu.
Bu məsum və günahsız qızcığazı, arzuları yaşı boyda olan uşağı zorlayan, amansızcasına qətlə yetirən, yandıran, dırnaqlarını kəsən, 45 gün girovluqda saxlayan biz olduq - cəmiyyət, media, ziyalılar və ən əsası rəsmi qurumlar olaraq...
Nərmingildən cəmi 500 metrə aralıqda yaşayan İlkin adlı psixopatı balaca bir kənddə müəyyənləşdirib tapmaq üçün heç bir uzaqgörənlik, dərin ağıl, yüksək qabiliyyət, beynəlxalq səviyyəli peşəkarlıq tələb olunmurdu.
Az qala bir uşaq qatilini “Əl-qaidə”nin ələ keçməz liderinə, yaxud Talibanın minlərlə silahlı üzvü tərəfindən qorunan başçısına çevirmişdilər.
Bu 45 gün ərzində Nərminin saatbasaat, anbaan yaşadıqlarını, hiss etdiklərini təsəvvür etmək olmur. Qorxu və vahimə içində qalan uşağın nələr çəkdiyini yalnız qatil bilir.
Ən dəhşətlisi isə meyitin tapılmasından  üç gün qabaq öldürülməsinin müəyyən edilməsidir. Deməli, qonşusu tərəfindən 42 gün girovluqda saxlanan 10 yaşlı qızcığazı tapmaq olarmış.
Anaxeber.info-nun təhlilçiləri yazırlar ki, bir aydan çox müddətdə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri bir yana qalsın, Tovuz Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, rayonun millət vəkilləri - istərsə Qənirə Paşayeva olsun, istərsə Ülviyyə Ağayeva və digərləri, habelə Ombudsmanlıq, Təhsil Nazirliyi heç bir addım atmayıblar.
Bu qurumlar hərəkətə keçə bilərdi, həyəcan təbili çalardı, uşağın tapılması üçün hüquq-mühafizə orqanlarını tələsdirə bilərdilər, hər gün diqqətdə, gündəmdə saxlamaq imkanları var idi.
Nərminin qətlindən sonra Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xoşqədəmin verilişinə ilişməsinin, Q.Paşayevanın dəfndə iştirakının, Mətbuat Şurasının mediaya səslənməsinin bir əhəmiyyəti qalmırdı. Bəs, Təhsil Nazirliyi niyə laqeyd qalmışdı?
Axı məktəbli olan Nərminlə bağlı rayona nazirlik əməkdaşları ezam oluna, sinif yoldaşları ilə söhbət aparıla bilərdi.
Eyni zamanda Tovuzun icra başçısı Məmməd Məmmədov rayon rəhbəri olaraq “tükünü tərpətmədi”. İcra başçısı nə dəfndə göründü, nə ailə təsəlli etmək üçün bu 45 gün ərzində evlərinə baş çəkdi, nə açıqlama yaydı.
Bir sözlə, 45 gündür cəmi 500 metrlikdə bir psixopat, manyak tərəfindən 10 yaşlı Nərmin əsir saxlanır, rəsmi qurumlar burnunun ucunu görmür, qulağının dibindəki hadisəyə etinasızdırlar.
Tovuzun icra başçısı rayonda hansı dəhşətli hadisə baş verməliydi ki, ora getsin?! Ailə, qadın və uşaq problemləri komitəsi nəyi gözləyirdilər?
Uşaqların müdafiəsi, zorakılığa qarşı mübarizə ilə məşğul olan qeyri-hökumət təşkilatları bu zaman kəsiyində harada olublar - qrant yeməkdə?
Məhz prezidentin işi nəzarətə götürməsi lazımıydı ki, hamı hərəkətlənsin? Ona görə də Nərmini biz öldürdük - ölkə və cəmiyyət olaraq...
***
Halbuki, Tovuz RİH, komitə, millət vəkilləri bir-birini əvəzləyərək Nərminin evində keşik çəkməli, ailəyə dəstək olmalı, kəndin ağsaqqalları bir araya gələrək hadisənin ciddiyyətini yuxarılara çatdırmalıydı.
Amma heç biri tərpənməyib, Tovuz polisindən daha ətraflı araşdırma aparılmasını tələb etməyiblər.
Yalnız efirin qışqırtısı qurumları yerindən oynatdı. Bütün bunlardan sonra Tovuz rayon icra başçısından tutmuş polis rəisinə qədər istefa verməliydi.
Həmçinin, Hicran Hüseynovanı əvəzləyən Aynur Sofiyevanın rəhbərlik etdiyi komitə fəaliyyətsizliyinə görə ləğv olunmalıdır.
Əksəriyyət bu işdə polisi qınayır, anlaşılandır, amma bir qədər də geniş baxmaq lazımdır, yerli icraedici orqanlar, deputatlar, ziyalılar niyə susmuşdu?
Niyə deputatlar uşaq cinayətləri ilə bağlı qanunvericiliyin müvafiq müddəalarının sərtləşdirilməsi üçün səsini çıxarmır, müzakirə açmır, niyə Tovuza getmir, niyə o körpənin yanmış cismindən, təhqir olunan ruhundan üzr istəmirlər? Başınız seçkiyə qarışıb?
Axı Milli Məclisin qadın üzvləri də var. Axı onlar həm də anadırlar. Onlar hardadırlar? Millət vəkilliyi sadəcə mandat deyil. Heç deyil.
Millət vəkilliyi - millətlə bərabər ağrımaqdır, insanların yarasını sarmaqdır, canı yananı bağrına basmaqdır. Millət vəkilliyi Nərminlə bərabər yanmaqdır!
Məktəbli Elina intihar edəndə də Təhsil Nazirliyindən tutmuş Səbail Rayon İcra Hakimiyyətinə, AQUPDK-dan deputatlara qədər hamısı biganə davrandılar, işi bağlamaq üçün əllərindən gələni etdilər.
Nə qədər ki bu ölkədə Elinalar, Nərminlər zamanında qorunmur, müdafiəsiz qalır, o zaman gələcəyimiz, uşaqlarımız hər an təhlükədədir və növbəti belə bəlalardan kimsə sığortalanmayıb.
Ən nəhayət, Nərminin doğulduğu Dondar Quşçu kəndinin əhalisinin 3754 nəfər olduğu vikipedik məlumatda qeyd edilib. Yəni, böyük kənd saymaq olar.
Lakin hər bir kəndin, məhəllənin narkomanı, oğrusu, məhkumluğu olmuş sakini, psixoloji problemlərdən əziyyət çəkən insanı adbaad tanınır, barmaqla göstərilir. Bunu həm kənd əhli bilir, həm də ərazi üzrə polis.
Odur ki, bir hadisə baş verəndə ilk axtarış da məhz neqativ xasiyyətnaməsi olanların evində aparılır, həmin sakinlər istintaqa cəlb olunur.
Qətli törətməkdə şübhəli bilinən İlkinin 10 ildir özünə qapalı yaşadığı söylənir və Nərmingilin evindən cəmi 500 metr aralıqda yaşayır. Qızcığaz itkin düşən günü elə ilk axtarış həmin şəxsin evində olmalı deyildimi?
Anaxeber.info
Turan

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.