İcbari sığorta məsələsinə xeyli aydınlıq gəldi. İcbari Sığorta Bürosunun (İSB) rəhbərinin açıqlaması ajiotaja bir müddət nöqtə qoydu. Burada söhbət ondan gedir ki, dövlət qeydiyyatında olan (kupçalı) evlərin siyahısının İSB-nin Dövlət Əmlak Komitəsindən (DƏK) alması üçün zəruri qanunvericilik aktı yoxdur. Yəni bu qayda olmayınca DƏK qeydiyyatlı evlərin siyahısını İSB-yı ötürə bilməz.Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Samir Əliyev daşınmaz əmlakların icbari sığortası haqqında danışarkən deyib. O bildirib ki, bu məlumat ötürülmədiyi üçün kimin evinin sığortalı, kiminkinin isə sığortasız olduğunu müəyyənləşdirmək mümkün olmayacaq:
“Buna görə də Nazirləri Kabinetinin müvafiq qərarı olmadan kiminsə cərimələnməsi real deyil”.
İqtisadçı təklif edib ki, əmlakın sığortasının icbariliyi aradan qaldırılmalı, könüllü mexanizmə keçirilməlidir:
“Əgər dövlət icbarilikdə qərarlıdırsa, bu halda heç olmazsa, 3 ili öz büdcəsi hesabına ödəməlidir. Bu il isə icbari sığorta tətili olmalı və cərimə məsələsi gələn ildən başlamalıdır”, - deyə iqtisadçı bildirib.