Prezident İlham Əliyev özü ötən ilin yekunlarına dair keçirdiyi müşavirədə təsdiqlədi ki, Dövlət Gömrük Komitəsinə Səfər Mehdiyevin sədr təyinatı ilə heç də neqativ tam aradan qalxmayıb.
Dövlət başçısı S.Mehdiyevi ayağa qaldıraraq üzünə söylədi ki, gömrük keçid məntəqələrində həm yerli vətəndaşlara, həm xarici vətəndaşlara kobudluq, hörmətsizlik göstərilir. Bu hallara yol vermək olmaz.
Səfər Mehdiyev DGK-də keçmiş sədr Aydın Əliyevin müavini idi və o, bu vəzifəyə təyin ediləndə kristal bir fiqur olmadığı, fəaliyyəti qeyri-şəffaf məmur olduğu bəlliydi.
“Sınıq körpü” gömrük məntəqəsi - işgəncə yuvası...
S.Mehdiyev müavin postunda ikən ondan nələr yazılmır, şikayətlər olmurdu, iş adamları hansı faktları açıqlamırdılar.
Onun inhisarçılardan biri olduğu hər kəsə aydın idi. Bununla belə, gömrükdə islahatlar aparacağına ümid bəsləndi, etimad göstərildi.
Lakin gedişat, 2018-ci ildən bəri fəaliyyəti göstərir ki, S.Mehdiyev ciddi şəkildə müsbət irəliləyişə nail olmayıb. Bunu prezident də vurğuladı.
Anaxeber.info-nun əməkdaşı yazır ki, Yeni İl ərəfəsində Gürcüstana gedən azərbaycanlılar da prezidentin dediklərini yaşamışdılar.
Nə sirdirsə, Azərbaycanın “Sınıq körpü” gömrük keçid məntəqəsini 2 saata keçən vətəndaşlar Gürcüstan gömrüyünü heç 15 dəqiqə çəkmirdi ki, keçib gedirdilər.
Eynilə qayıdışda da oxşar vəziyyət yaşanırdı. Bax, prezidentin Səfər Mehdiyevin nəzərinə çatdırdığı “hörmətsizlik, kobudluq” bundan ibarətdir.
Niyə gürcü gömrükçüləri eyni sayda vətəndaşı 15-20 dəqiqə ərzində yoxlayıb buraxır, amma S.Mehdiyevin işçiləri saatlarla yaşlı, qoca, xəstə, körpəsi olan bilmədən insanları gözlədirlər?
Deyilə bilər ki, bayramqabağı idi, axın çox idi, sıxlıq yaşanırdı. Bəs, Gürcüstan tərəf üçün bayramqabağı deyildi?
Mazımçay gömrükçülərinin didikləmə “əməliyyatı”
Başqa bir jurnalist müşahidəsinə və açıqladığı faktlara nəzər salaq: Mazımçay gömrük məntəqəsində vətəndaşlara zülm olunur. Jamaz.info yazmışdı ki, Gürcüstandan qayıdanda maşın dayanan kimi, içəridə ailənin olub, olmaması nəzərə alınmır.
Bir qrup gömrükçü az qala hücum çəkərək, maşının içinə soxulurlar. Bu azmış kimi, maşının qapısından tutmuş, damına qədər hər yeri az qala didik-didik axtarılır.
Elə zənn etməyin ki, gömrükçülər bu axtarışları ona görə aparırlar ki, qanunun tələbini yerinə gətirsinlər. Və ya onlar hansısa qadağan olunmuş mal, kitab və ya başqa bir şey axtarırlar.
Əksinə, gömrükçüləri maraqlandıran başqa şeydir. Həmin “şey” də odur ki, maşında sərnişinlər və sürücü nə qədər spirtli içki və ya siqaret keçirir.
Ərzaq və digər bu kimi mallara maraq olsa da, bu o qədər əhəmiyyətli hesab olunmur. Çünki kolbasa, sosiskadan “çörək” çıxmır.
Avtomobil didik-didik edildikdən sonra tapılan (halbuki heç kim onları gizlətmir) spirtli içkilər xüsusi qənimət olaraq götürülür, sürücü xüsusi otağa dəvət olunur və orada “qanun” dilində danışıq başlanılır.
“Filan qanunun filan maddəsinə əsasən siz filan qədər spirtli içki və ya siqaret apara bilərsiniz. Lakin sizin yükün içərisindən normadan artıq siqaret və spirtli içki aşkarlandığından onlar müsadirə olunur, anbarda saxlanca verilir, protokol tərtib olunur”.
Bu sözləri sadə vətəndaş eşitdikdə təbii ki, narahat olur. Çünki bir də bu “bəzəmə” əməliyyatının içində onlara xox da gəlinir ki, bəs, belə işlərə görə, adam məsuliyyətə də cəlb oluna bilər.
Ona görə də, vətəndaş gətirdiyi siqaret və ya spirtli içkidən gömrükçülərin təklifi ilə imtina edir.
Səfər Mehdiyevin şadlıq evləri ilə şərikliyi
Gömrükdə saxlanılan malların səsi ən geci bir neçə gündən sonra Balakəndən tutmuş, Oğuza qədər bütün “qara bazar”dan, şadlıq evlərindən, çobanlardan gəlir.
Bundan əlavə, gömrükçülər Azərbaycana avtomobil ehtiyyat hissələri daşıyanların da əsas himayəçiləri hesab olunurlar.
Belə ki, onlarla şəxs hər ay Gürcüstandan müxtəlif maşınların ehtiyat hissələrini Balakən gömrüyündən keçirirlər.
Məlumatlara görə, Gürcüstandan elə da baha qiymətə alınmayan həmin ehtiyat hissələrinin bir qismi rəsmi gömrük sənədlərinə salınmır.
Daha doğrusu, onun kiçik bir hissəsi rəsmiləşdirilir və nəzərdə tutulmuş məbləğdə gömrük rüsumu alınır.
Yerdə qalan hissənin (xüsusən böyük hissəsinin) isə sənədləşdirilməsi ya həyata keçirilmir, ya da başaq bir məhsulla “əvəz edilir” ki, bunun da müqabilində gömrük rüsumunun yarısı qədər “haqq” alınır.
Səfər Mehdiyev “inhisar və rüşvət olsa, istefa verəcəm” deyirdi?
Anaxeber.info yazır ki, Astara və Qusar gömrük məntəqələrində də vəziyyət fərqli deyil. Bütövlükdə bu gömrük sistemi böhran içindədir, əvəzində sahibkarlar və sadə vətəndaşlar əziyyət çəkir, incidilir.
Səfər Mehdiyev heç bir islahat aparmayıb və Aydın Əliyevin dövründə necə idisə, eyni əngəllər, problemlərdir. İnsan ölkəsinin gömrüyündən utanır. Halbuki, nə Türkiyə, nə Gürcüstan gömrüyündə belə işgəncələr var.
“Gömrükdə inhisarçılıq yoxdur”, “Gömrükdə rüşvət olarsa, istefa verəcəm” bu sözlərin müəllifi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevdir. Səfər Mehdiyev saydığını saysın, görün, gömrük şefinin “paqonlular”ının canını boğazına yığdığı vətəndaşlar nələr deyirlər?
Bir müddət əvvəl "Rovel Trading” şirkətinin direktoru İntiqam Həsənov bildirmişdi ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin şöbə rəisi Rəfail Niftəliyev qanunsuz olaraq 10 gündür Türkiyədən gətirdikləri və Azərbaycanda rəsmi təmsilçiləri olduqları türk brendini qanunsuz olaraq gömrükdə saxlayıb.
Səbəb isə Gömrük bəyannaməsində elektrik akkumulyatorlarının qiymətinin aşağı göstərilməsini bildirirlər.
Sahibkarın fikrincə, Rəfail Niftəliyev kimi məmurlar süründürməçilik və qanunsuz manelər yaratmasa, belə süni qiymət artımı olmaz və vətəndaşlar da məhsulu ucuz əldə edər (indiki halda ən az 10%).
Rəfail Niftəliyevin müvafiq diplomu yoxdur və o, uzun illərdir bu sahədə çalışmasını və polkovnik rütbəsinə, şöbə müdiri vəzifəsinə qədər yüksəlməsində ancaq Səfər Mehdiyevin baldızı oğlu olmasına borcludur.
Onlarla belə faktlar təqdim etmək olar ki, gömrükdə inhisar, rüşvət və tayfabazlıq olduğunu isbat etsin. Səfər Mehdiyev isə istefa verəcəkdi...
Bəlkə də prezidentin bu çıxışı bir siqnal oldu: ya sınaq müddətində DGK sədri çatışmazlıqları aradan qaldıracaq, ya da dövlət başçısı onunla yolları ayırmalı olacaq...
Anaxeber.info
Turan