Yunis Səfərovun işinə baxan hakim Elmar Vəliyevin qohumudur

19-01-2020, 11:28   
 



Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri və işə baxan hakim Natiq Əliyevin zərərçəkənlərlə qohumla əlaqəsi var
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı məhkəməni aparan hakim onun öz qohumu imiş. Bu barədə sosial şəbəkələrdə yayılan məlumatların doğruluğunu Vəliyevlər ailəsinə yaxın mənbə də Meydan TV-yə təsdiqləyib.
Mənbə Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri, Gəncə olayı ilə əlaqədar həbs olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə prosesinə də sədrlik edən Natiq Əliyevin Elmar Vəliyevlə necə qohum olduğunu da açıqlayıb:
“Elmar Vəliyevin bir qardaşı respublikanın hərbi prokuroru Xanlar Vəliyevdir. Natiq Əliyev də Xanlar Vəliyevin qudasının qardaşıdır. Natiq Əliyevin bacısı qızı Xanlar Vəliyevin gəlinidir. Vəliyevlər ailəsində hansısa tədbir, məclis olanda bu adamlar bir yerdə olurlar”.
Məhkəmə sədri ilə Vəliyevlərin qohumluğunu Natiq Əliyevin bir qohumu da Meydan TV-yə təsdiqləyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin adını açıqlamaq istəməyən əməkdaşlarından biri isə Meydan TV-yə deyib ki, bunu şəhərdə bilməyən yoxdur:
“Gəncədə hamı bilir ki, sədrlə keçmiş başçı (Elmar Vəliyev nəzərdə tutulur – red) qohumdular. Bundan əlavə, çox yaxşı münasibətləri var”.
Yunis Səfərov və digərlərinin işinə Natiq Əliyev, Məhəmməd Bağırov və Nural Əliyevdən ibarət hakimlər kollegiyası baxır. Bu məhkəmə prosesilə bağlı bildirişlər proses iştirakçılarına (təqsirləndirilən şəxslər, vəkillər, zərərçəkmişlər, nümayəndələr) məruzəçi hakim Məhəmməd Bağırovun adından göndərilir. Amma məhkəmə başlayanda məlum oldu ki, məhkəmə prosesini Natiq Əliyev özü aparır. Prosesə sədrlik edən də odur.
Cinayət-Prosessual Məcəllənin 109-cu maddəsi hakimə etiraz etmək, onu prosesdən uzaqlaşdırmaq üçün əsasları müəyyənləşdirib. Bu maddədə konkret hallar sadalanır, əgər onlardan biri varsa, hakimin o işə baxıb qərar çıxarması mümkünsüzdür. Həmin hallardan biri də işə baxan hakimin proses iştirakçılarıyla qohum olmasıdır.
CPM-in 109.1.7 maddəsində deyilir: “Hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda...” hakimə etiraz əsaslı sayılır, şərtsiz təmin olunur.
Göründüyü kimi, qanun nəinki proses iştirakçılarından (təqsirləndirilən, zərərçəkmiş və s.) hansısa biriylə, hətta onun nümayəndəsilə də qohum olan hakimin işə baxıb, qərar verməsini qadağan edir.
Elə məhz Y.Səfərov və digərlərinin işi üzrə məhkəmə prosesinə bənzər əsasla vəkillərdən birini müdafiəçi kimi buraxmadılar. Natiq Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası Vəkil Asif Allahverdiyevin təqsirləndirilən şəxslərdən Mahir Əzizovun hüquqlarını müdafiə etməsinə icazə vermədi. Səbəb isə budur ki, bu işdə təqsirləndirilən şəxs qismində adı keçən, amma həyatda olmayan (tutularkən öldürülən) Ağa Sərxaninin ölümüylə bağlı cinayət işinin istintaqı Binəqədi rayon Prokurorluğunda aparılıb. Həmin vaxt Asif Allahverdiyev də orada müstəntiq işləyib.
Y.Səfərovgilin işi üzrə yanvarın 16-da keçirilən sonuncu məhkəmə iclasında həm təqsirləndirilən şəxslər, həm də vəkillər Natiq Əliyevin hərəkətinə etiraz etmişdilər. Bildirmişdilər ki, məhkəmə prosesinin əvvəlindən artıq N.Əliyevin qərəzli münasibəti görünür. Müdafiə tərəfinin, təqsirləndirilən şəxslərin haqlı vəsatətlərinin heç biri təmin olunmur. Onlar iddia edir ki, Natiq Əliyev prosesi qanuna uyğun yox, özünün istədiyi kimi aparır.
 



Hətta vəkillər hakimlərə yazılı şəkildə etiraz vermək üçün Natiq Əliyevin özündən vaxt istədilər. Vəkillər bir gün vaxta ehtiyac duyduqlarını desələr də, Natiq Əliyev əsəbiləşərək, məhkəməni bir aylıq təxirə salıb.
2018-ci il iyulun 3-də Gəncədə sabiq icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazov güllələnib. Sui-qəsdi törətməkdə şübhəli bilinən Yunis Səfərov həbs olunub. Bir neçə gün sonra Y.Səfərovun üzərində zorakılıq əlamətləri olan fotoları yayılıb, onun polis idarəsində işgəncəyə məruz qalması barədə iddialar səslənib. Ardınca iyulun 10-da Gəncədə etiraz aksiyası keçirilib. Aksiyada iki polis polkovniki qətlə yetirilib.
Bundan sonra 80-ə yaxın adam həbs edilib. Daha bir neçə nəfər isə tutularkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib. Öldürülənlər arasında polis polkovniklərini xəncərlə qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyev də var.
Həbs olunanların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. Onlara 6 ildən 20 ilə qədər həbs cəzası verilib. Sonradan apelyasiya məhkəməsi hökmləri dəyişib, cəzaları azaldıb. Həbs olunanlardan təxminən on nəfər artıq azadlığa buraxılıb.
Yunis Səfərov və onunla eyni qrupda olan daha 11 nəfərin məhkəməsi isə yeni başlayıb. Bu qrupdakı 12 nəfərdən ikisi artıq həyatda yoxdur. Anar Bağırov və Ağa Sərxani də tutularkən öldürülənlərdəndir. Amma onların adı təqsirləndirilən şəxs qismində cinayət işinin materiallarına əlavə olunub.


Müəlliflər: Meydan TV



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.