Baş Prokurorluq: Masallıda 16 yaşlı Fatiməni 19 yaşlı əri İman öldürüb

30-01-2020, 09:10   
 

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri Masallıda iki həftə əvvəl toyu olan qızın ölümü ilə bağlı birgə rəsmi məlumat yayıblar.

Virtualaz.org-a daxil olan məlumatda deyilir ki, yanvarın 29-da saat 11 radələrində Masallı rayonu Xoşçobanlı kənd sakini, 23 avqust 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin rayon mərkəzi xəstəxanasına daxil olması ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Məhkəmə-tibbi ekspertin iştirakı ilə F.Qəmbərovanın meyitinə baxış zamanı meyitin boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilib.

Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə, mərhumun ölümünə səbəb böyun üzvlərinin sıxılma nəticəsində yaranmış tənəffüs çatışmazlığı olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Masallı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin F.Qəmbərovanın 2 həftə əvvəl evləndiyi Xoşçobanlı kənd sakini, 2001-ci il təvəllüdlü İman Məmmədov tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun əlləri ilə F.Qəmbərovanı boğaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

**17:34

Masallı rayonunda toyundan sonra ölən 16 yaşlı qızın qətlə yetirildiyi məlum olub. Bu barədə Masallı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın ölümü ilə bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


***

Masallı rayonunun Həsənli kəndində 2 həftə əvvəl ərə verilən və bu gün vəfat edən 16 yaşlı Fatimə Qəmbərovanın indiyə qədər hər hansı xəstəliyi olmayıb. Bunu virtualaz.org-a Masallı Rayon İcra Hakimiyyətinin Həsənli inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəzir Hüseynov bildirib. O, hazırda meyitin akspertizaya aparıldığını və ölümün hansı səbəbdən baş verdiyinin araşdırıldığını deyib.

İcra nümayəndəsi həmçinin bildirib ki, qızın 16 yaşında ərə verilməsindən xəbərdar olub: “Biz Fatimənin valideynləri ilə söhbət eləmişik və rəsmi olaraq hüquq mühafizə orqanlarına faktla bağlı müraciət eləmişik. Çünki valideynlər azyaşlı qızı evləndirməklə özbaşnalıq ediblər. Amma uşağın xəstə olması ilə bağlı məlumatım yoxdur. Əgər uzun müddət xəstəxanada yatmış olsaydı, xəbər tutardıq”.

V. Hüseynov F. Qəmbərovanın öldürülməsi ehtimalına inanmadığını deyib: “17 günün gəlini idi, kimin onunla nə işi ola bilərdi ki?”.

Xoşçobanlı kənd sakinləri isə virtualaz.org-a Fatimə Qəmbərovanın əvvəldən xəstə olduğunu bildiriblər: “Bildiyimizə görə, qızın hansısa xəstəliyi olub. Onu heç kim öldürməyib. Yəqin ki, ekspertiza da bunu müəyyən edəcək”.

Azyaşlının ərə verildiyi oğlan isə 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini Məmmədov İman Novrəddin oğludur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı rayonunda toyundan sonra dünyasını dəyişən 16 yaşlı qızın ölümü ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, hazırda Dövlət Komitəsinin nümayəndələri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə araşdırmalara başlayıb:

“Bizim tərəfimizdən araşdırma monitorinq komissiyaları vasitəsilə aparılır. Araşdırmalar hüquq-mühafizə orqanları ilə birlikdə həyata keçirilir. Prosesə hüquqşünas və psixoloqlar da cəlb olunub. Araşdırmaların nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.

E.Səfərov xatırladıb ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi üzrə monitorinq mexanizmi yaradılıb:

"Bir daha bəyan edirik ki, uşaqlara qarşı istənilən laqeyd münasibət, zorakılıq, qəddar davranış yolverilməzdir və bu cür hallarda qanunvericiliyə əsasən həmin şəxslər mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq konvensiyalara əsasən, xüsusi ilə də Uşaq hüquqları haqqında konvensiyaya görə yetkinlik yaşına çatmamış şəxslər uşaqlar kimi qeydə alınıb və uşaqların nikaha cəlb edilməsi yolverilməzdir. Bununla bağlı cinayət məsuliyyəti nəzərdə tutulub".

*   *   *16:23

Masallı rayonunda azyaşlı qız gəlin köçdüyü evdə ölüb. Hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Həsənli kənd sakini olan yetkinlik yaşına çatmayan qız iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib.

Onlar üçün təmtəraqlı toy məclisi də qurulub. Hazırda qızın meyiti daxili müayinə üçün ekspertizaya verilib.

Masallı Rayon Prokurorluğundan məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda faktla bağlı araşdırmalar aparılır.

Vəfat edən qız 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mayıs qızıdır. Masallı Rayon İcra Hakimiyyətindən bildirilib ki, mərhumun 16 yaşı olub: “Qız toyu olan vaxt bizə məlumat daxil oldu. Biz də bu barədə polisə məlumat verdik”. (Qafqazinfo)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.