"Azərbaycanda fəalların fəaliyyəti həbsxana ilə nəticələnir"

31-01-2020, 08:29   

 

AŞPA Azərbaycandakı siyasi məhbuslarla bağlı qətnamə qəbul edib
Yanvarın 30-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnaməni qəbul edib.
Qətnamə layihəsi Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, islandiyalı deputat Torhildur Sunna Evarsdottirin hesabatı əsasında hazırlanıb.
Məlumatı “Turan” İnformasiya Agentliyi yayıb.
Məlumatda deyilir ki, müzakirələr zamanı fransalı millət vəkili Bernard Furnye Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını icra etməydini xatırladıb. Bunun yolverilməz olduğunu deyib:
“Hüquq müdafiəçilərinin, fəalların fəaliyyəti bəzən onların həbsxanalara düşməsinə səbəb olur”.
Deputat cəza və məhkəmə-hüquq sistemində islahatlarla bağlı Azərbaycan prezidentinin fərmanlarını yüksək qiymətləndirsə də, bu tədbirləri yetərli saymayıb:
“Çünki icra hakimiyyətinin Hüquq-Məhkəmə Şurasının işinə müdaxiləsi yolverilməzdir ki, bu da hakimlərin müstəqilliyini pozur”.
Azərbaycan nümayəndə heyətinin üzvləri hesabatın müddəaları ilə razılaşmayıblar. Deputat Sahibə Qafarova məruzədə cinayət əməllərinə görə mühakimə olunan dini radikalların siyasi məhbus kimi təqdim olunduğunu bildirib.
Azərbaycandan digər deputatlar da tənqidi qəbul etməyərək Azərbaycanın AŞ ilə əməkdaşlığa sadiq olduğunu qeyd ediblər. Eyni zamanda, demokratiya quruculuğunda obyektiv çətinliklərin və keçmişin “ağır irsi”ni qeyd ediblər. Rusiya, Türkiyə və bir sıra digər ölkələrin bəzi deputatları Azərbaycan nümayəndə heyətini dəstəkləyiblər.
Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məruzəçini qərəzli və AİHM qərarlarını sərbəst şərh etməkdə, həmçinin fevralda keçiriləcək parlament seçkilərinə “müdaxilədə“, onların “demokratikliyini” qəsdən şübhə altına almaqda ittiham edib.
“Azərbaycanda siyasi məhbusların olması barədə bəyanat ağır ittihamdır və biz bunu heç vaxt qəbul etmirik”,- S.Seyidov belə deyib.
Məruzəçi Evarsdottir ünvanına səslənən ittihamlara reaksiya verərək bildirib ki, ötən ilin dekabrı ilə müqayisədə, məsələ AŞPA Komitəsində müzakirə olunanda o, öz mövqeyini 180 dərəcə dəyişdirmişdi:
“İndi başa düşdüm ki, niyə Azərbaycanda siyasi məhbuslar var. Siz tənqidə dözümsüzsünüz”.
O hesab edir ki, siyasi məhbus probleminin həll olunmaması ölkənin Avropa Şurasına üzvlüyünü risk altına alır:
“Heç birimiz bunu istəmirik. Azərbaycanın Avropa Şurasında öz yeri var. Ancaq bu ölkə öz öhdəliklərinə hörmətlə yanaşmalıdır”.
Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin təklif etdiyi üç düzəlişdən heç biri qəbul edilməyib.
Qətnamə 28 əleyhinə olmaqla 82 səs çoxluğu ilə qəbul edilib.
Qətnamədə Azərbaycanda “sistemli xarakter” daşıyan siyasi məhbus problemi ilə bağlı ciddi narahatlıq ifadə olunub
Layihədə qeyd edilir ki, AŞPA-nın əvvəlki məruzəçisi Kristof Ştrasserin hesabatına 85 nəfərin adı daxil edilmişdi. Bu insanların ən az 9-u məhkəmədə qələbə qazanıb, daha 4 nəfərin işinə AİHM-də baxılır.
“İstənilən halda, Azərbaycanda siyasi məhbus təzahürünün real olduğuna şübhə yoxdur”, - sənəddə deyilir.
Bununla belə, qətnamədə “Azərbaycanda siyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə İşçi Qrupu” və “Azərbaycanda siyasi məhbusların azadlığı uğrunda İttifaq” tərəfindən təqdim edilmiş siyasi məhbus siyahılarının etimada layiq olduğu bildirilib.
Sənəddə konkret olaraq jurnalist Əfqan Muxtarlının, “Müsəlman Birliyi” Hərəkatının liderləri Taleh Bağırzadə və Abbas Hüseynovun, “Səid Dadaşbəylinin işi” üzrə adı keçənlərin işləri də yada salınır.
Qətnamədə 2018-ci il Gəncə hadisələrinə də yer ayrılıb. “Azərbaycanda görüşdüyüm insanların əksəriyyəti, o cümlədən diplomatlar bu məsələ ilə bağlı ciddi narazılıqlarını bildiriblər”, - məruzəçinin sözlərindən sitat gətirilir.
O xatırladır ki, Gəncə icra başçısına sui-qəsd edən şəxsin üzərində işgəncə izləri olan fotoşəkli yayıldıqdan bir neçə gün sonra Gəncədə nümayiş keçirilib. Hadisə zamanı iki polis zabiti öldürülüb. Bu iş üzrə 77 nəfər həbs edilib. “Onların bəziləri deyirlər ki, nümayişdə iştirak etməyiblər. Hakimiyyət iddia edirdi ki, onlar hamısı amansız islam ekstremistləri idi. Tutulanlar həbsdə saxlanıldıqları zaman məruz qaldıqları işgəncələri ətraflı təsvir ediblər. Onlara vəkillə təmin edilmək və ya ailələri ilə əlaqə saxlamaq imkanı yaradılmasından imtina edilib. Məhkəmə prosesləri Gəncədə deyil, Bakıda keçirilib və bir çox jurnalistin proseslərdə iştirak etməsinə imkan verilməyib. İttihamların səhihliyi ilə bağlı ciddi problemlər olub. Məhkəmə onları lazımi şəkildə tədqiq edə bilməyib.
“Saxlanılan şəxslərin hökumət əleyhinə nümayişdə həbs edilməsi faktı və hakimiyyətin onların dini ekstremist olması barədə bəyanatları, habelə ciddi prosessual nöqsanlar həbs edilənlərin əksəriyyətinin, hətta hamısının siyasi məhbus olduğunu ehtimal etmək üçün əsas verir”, - məruzəçi qeyd edib.
Parlament Assambleyası Azərbaycan hakimiyyətinə müraciət edərək vətəndaş cəmiyyəti siyahılarında adları göstərilən şəxslərin işlərinə yenidən baxmağı və siyasi motivlərlə həbs olunanların hamısını azad etməyi xahiş edib.
Qətnamədə “siyasi məhbuslar problemini birdəfəlik həll etmək” təklif edilir”. Sənəd bu cümlə ilə bitir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.